NARGIS
Ru En
NARGIS MAGAZINE
Sağlamlıq və Gözəllik

Fitnes 101: Uşaqlar üçün fitnes

Uşaqlar vaxtlarının böyük hissəsini yazı masasının arxasında və ya kompüterin qarşısında keçirdikləri bu günki dünyada uşaq fitnesi yalnız əyləncə vasitəsi deyil, həmçinin sağlamlıq və fiziki inkişafın qayğısına qalmağın üsuludur. Fitnes məşqdən daha artıqdır – bu xüsusilə gənc nəsil üçün hazırlanmış, onların formada qalması və sağlamlıqlarının qorunması üçün düşünülmüş tapşırıqlar, oyunlar və hərəkətlər dünyasıdır.

Oyun oynayaraq sağlamlığın qeydinə qalaq
Erkən yaşlarından idmanla məşğul olmaq uşaqlara yalnız düzgün nəfəs almağı öyrətməklə qalmır, həmçinin qan dövranını sürətləndirir, stressi azaldır və optimal çəkini qoruyub saxlamağa yardımçı olur. Uşaqlar öz bədənlərini dəyərləndirir, onun qayğısına qalır, bu isə gələcəkdə yarana biləcək bir çox sağlamlıq problemlərinin qarşısını alır.

Şəxsi inkişaf və Sosial bacarıqlar
Uşaq fitnesi yalnız fiziki tapşırıqlar toplusu deyil, həm də beynin və ürəyin məşqidir. Qrup şəklində keçirilən fəaliyyətlər uşaqlara, ünsiyyət bacarıqları, qrup işi və məqsədi təyin etmə kimi qabiliyyətləri öyrədir. İdman vasitəsi ilə aşılanan özgüvən və liderlik keyfiyyətləri gələcəkdə uğurlu inkişafın bünövrəsidir.

Balacalar üçün fitnes: Əyləncə və Fayda
Uşaqlar üçün fitnes yalnız faydalı deyil, həm də cəlbedici olmalıdır. Əyləncəli hərəkətlərin və zehni tapşırıqların rəngarəngliyi motivasiya və məşqlərə maraq yaradır. Topla oyunlardan başlayaraq elastiklik məşqlərinəcən, hər bir fəaliyyət uşaqların sağlamlıq və inkişafına səbəb olur.

Uşaqlar üçün fitnesin üstünlükləri:

  • Sağlamlıq və formada olmaq
  • İmmun sisteminin güclənməsi
  • Koordinasiya və elastikliyin inkişafı
  • Çəkinin nəzarətdə saxlanılması
  • Sağlam həyat tərzinin formalaşması
  • Əhval ruhiyyənin yaxşılaşması və yuxunun normallaşması


Kiçik idmançılar üçün məşqlər:

1. Ayaq barmaqlarının və dabanların üzərində gəzmək: Bu bəsit əyləncəli oyun deyil, həm də ayaq əzələlərinin gücləndirilməsi və müvazinətin inkişafı üçün mükəmməl məşqdir. Sadəcə barmaqlarınızın üzərinə qalxın və irəliləməyə başlayın, hər addımda biraz daha ayaqlarınızın ucuna qalxın. Sonra dabanlarınızın üzərinə enin və gəzməyə davam edin, yalnız dabanlarınıza basın. Bu məşq gün ərzində bir neçə dəqiqə yerinə yetirilərək əzələləriniz və müvazinətiniz güclənəcəkdir.



2. Yastıpəncəliliyə qarşı topla məşq: Bu məşq, ayaq əzələlərinin və ayaq tağının gücləndirilməsi, yastıpəncəliliyin qarşısının alınması və ya aradan qaldırılması üçün nəzərdə tutulmuşdur. Çıxıntılı rezin topu döşəməyə qoyun və ayağınızı elə yerləşdirin ki, top ayağın orta hissəsinə düşsün. Topu ayağınızla irəli və geri yuvarlayın, bu hərəkəti 1-2 dəqiqə təkrar edin. Sonra ayağınızı topdan ayırmayaraq dairəvi hərəkətlər edin. Sonunda bir ayağınızla topun üzərində durun və ayaq tağınızla bacardığınız qədər qüvvətlə topa basın.



3. Ayağın dabandan barmaqlara və arxaya yuvarlanması: Bu məşq ayaq və baldır əzələlərinin gücləndirilməsi üçün, həmçinin də koordinasiya və müvazinət üçün mükəmməldir.Sadəcə düz ayaqlarınızın üzərində dayanın və ehmalca ağırlığınızı damanızdan barmaqlarınıza doğru və əksinə yönəldin. Bu tapşırığı 1-2 dəqiqə ərzində yerinə yetirməyə çalışın, əzələlərinizdə yaranan gərginlik hissinə diqqət edin. İpucu: təzyiqi barmaqlarınıza və ya dabanınıza doğru yönəltdikdə bir neçə saniyə dayanın. Bu məşqin effektini artıracaq. Siz, həmçinin, yüngül hərəkətlərdən başlayıb, tədricən sürətlənərək məşqin icra etmə sürətini dəyişə bilərsiniz.



4. Hər iki ayaq barmaqlarının eyni zamanda qaldırılması: Sadə və eyni zamanda efektiv olan bu məşq ayaq və baldır əzələlərini gücləndirir və müvazinəti yaxşılaşdırır. Belinizi düz saxlayaraq oturacaqda və ya yerdə oturun. Sonra ayaq barmaqlarınızı eyni zamanda döşəmədən ayırın və bu vəziyyətdə 1-2 dəqiqə ərzində saxlayın. Müvazinəti saxlamağa çalışın və ayaq və baldır əzələlərinizdəki gərginliyi hiss edin. Bu məşq, ayaqlarınızın gücü və stabilliyini inkişaf etdirməyə yardımçı olacaq, bundan başqa ümumi sağlamlıq və zədələrin qarşısının alınması üçün faydalıdır.



5. Dairəvi ayaq hərəkətləri: Bu ayaq əzələlərinin qüvvətləndirilməsi, elastikliyin artırılması və hərəkət koordinasiyasının yaxılaşdırılması üçün effektiv məşqdir. Bu məşq aşağıdakı kimi yerinə yetirilir:

  • Oturacaqda oturun və bir ayağınızı irəliyə doğru uzadın
  • Ayağınızla yavaş – yavaş saat əqrəbi istiqamətində dairəvi hərəkətlər etməyə başlayın. Ayaq əzələlərinizi mümkün qədər gərgin saxlamağa çalışın.
  • Bu hərəkəti bir istiqamətdə 20 dəfə təkrar edin.
  • Sonra hərəkət istiqamətini dəyişərək daha 20 dəfə təkrar edinş
  • Hərəkətləri digər ayağınızla yerinə yetirin.

Bu məşq, ayaq əzələlərini gücləndirir, qan dövranını yaxşılaşdırır və zədələnmələrin qarşısını alır. Məşq zamanı hərəkətin yavaş – yavaş yerinə yetirilməsi və ayaq əzələlərinin gərginliyinə nəzarət çox vacibdir.

6. Çubuq (və ya mopun tutacağı) üzərində gəzmək: Bu məşq, ayaq əzələlərinin qüvvətləndirilməsi, müvazinətin inkişafı və koordinasiyanın gücləndirilməsi üçün mükəmməldir. Məşq aşağıdakı kimi yerinə yetirilir:

  • Çubuq və ya mop tutacağı götürün döşəməyə qoyun və düz, sürüşməyən vəziyyətə gətirin.
  • Ayaqlarınızla onun üzərində elə durun ki, ayaq tağlarınız çubuğun ortasında olsun.
  • Müvazinətinizi saxlayaraq yavaş – yavaş sola və sağa doğru gedin, ağırlığı ayağınızı ortasına salın.
  • Müvazinətinizi qoruyaraq ayağınızı 2.-3 dəqiqə ərzində çubuq üzərində saxlayın.

Bu məşq, ayaq əzələlərini gücləndirir, müvazinət hissini inkişaf etdirir, hərəkət koordinasiyasını yaxşılaşdırır. Əgər çubuğunuz yoxdursa, əvəzinə mopun tutacağından istifadə edə bilərsiniz.


Uşaqlar üçün fitness sadəcə idman deyil; bu, uşaqlara özlərinə və gələcəklərinə qayğı ilə yanaşmağı öyrədən həyat tərzidir.

WorldClass Fitness mərkəzi və Şəfa Əliyevaya dəyərli tövhələrinə görə böyük minnətdarlığımızı bildiririk.

WorldClass – da görüşənədək!