Azərbaycan idman tarixində yeni bir səhifə açan Coşqun Əliyev 2025-ci il Tokio Yay Deflimpiya Oyunlarında qazandığı gümüş medalla ölkəmizi beynəlxalq arenada qürurla təmsil etdi. Eşitmə məhdudiyyətli idmançılar üçün ən nüfuzlu yarış hesab olunan Deflimpiya Oyunlarında nümayiş etdirdiyi iradə və mübarizə ruhu onu minlərlə gənc üçün ilham mənbəyinə çevirdi.
Məhz bu xidmətlərinə görə Prezident İlham Əliyev Azərbaycanda idmanın inkişafında xüsusi rol oynamış bir qrup idman xadiminin təltif olunması ilə bağlı Sərəncam imzalayıb. Sərəncama əsasən, mükafatlandırılan şəxslər arasında Deflimpiya idmançısı Coşqun Əliyev də yer alıb. Gənc yaşına baxmayaraq, Azərbaycan Deflimpiya hərəkatında mühüm uğurlara imza atan idmançı “Tərəqqi” medalı ilə təltif olunub. Bu mükafat onun yüksək peşəkarlığının, əzmkarlığının və ölkə idmanına, xüsusən də Deflimpiya hərəkatına verdiyi dəyərli töhfənin dövlət səviyyəsində yüksək qiymətləndirilməsidir.
Coşqun Əliyevin təltif edilməsi, eyni zamanda, ölkəmizdə Deflimpiya idmanına göstərilən diqqət və qayğının növbəti bariz nümunəsi olmaqla yanaşı, eşitmə məhdudiyyətli gənclər üçün yeni üfüqlər açır. Bu müsahibədə Coşqun Əliyev uğur yolundan, qarşılaşdığı çətinlikləri necə dəf etməsindən və gələcək hədəflərindən danışır.
Coşqun, Deflimpiya Oyunlarında Azərbaycan üçün bir ilkə imza atdın. Bu tarixi uğur sənin üçün nə ifadə edir?
Özümü çox xoşbəxt hiss edirəm. Təbii ki, qazandığım medalın ölkə başçısı səviyyəsində yüksək qiymətləndirilməsi, buna görə “Tərəqqi” medalı ilə təltif olunmağım və cənab Prezidentlə görüşüm mənim üçün bu tarixi uğurun ən ali dəyər ifadəsidir. Bu, həm əməyimə verilən böyük qiymət, həm də gələcək yolum üçün mühüm motivasiyadır.
Bu uğurdan sonra mənim üçün ən unudulmaz anlardan biri isə Hava Limanında yaşandı. Atamla qarşılaşdım və onun qürur dolu baxışlarını heç vaxt unutmayacağam. Ailəm və Deflimpiya Komitəsi nümayəndələrinin məni qarşılayacağını gözləyirdim, amma bu qədər böyük bir heyətin, hətta azyaşlı uşaqların və müxtəlif qurumların nümayəndələrinin orada olması məni xüsusilə qürurlandırdı. Çox unudulmaz bir an idi.
Gümüş medala sahib olanda ilk olaraq kimə müraciət etdin və hansı hissləri yaşadın?
İlk olaraq atama zəng etdim və medalımı ona göstərdim. Həddindən artıq həyəcanlı idim, hətta göz yaşlarımı saxlaya bilmədim. Valideynlərim mənim üçün çox sevindilər və hər zaman mənimlə fəxr etdiklərini bildirdilər. Bu dəstək mənim üçün hər şeydən önəmlidir.
Bu tarixi nəticə həyatında hansı dəyişikliklərə səbəb oldu?
Artıq dəyişiklikləri hiss edirəm. Komanda yoldaşlarımla görüşəndə münasibətin fərqli olduğunu görürəm. Tatamiyə çıxanda rəqiblər anlayırlar ki, Deflimpiya Oyunlarında medal qazanmış bir idmançı ilə üz-üzədirlər. Bu hiss həm məsuliyyət yaradır, həm də insana əlavə güc verir.
Cüdo ilə məşğul olmağa necə başladın və bu idman sənin üçün niyə önəmli oldu?
Beş yaşımda atamın tövsiyəsi ilə cüdo idman növünə başladım. İlk vaxtlar çox çətin idi, hətta ağrılı gəlirdi. Amma zaman keçdikcə cüdonu sevdim. Yarış zamanı özümə inanmağım mənim üçün ən böyük üstünlükdür. Tatamiyə çıxanda psixoloji olaraq hazır oluram.
Deflimpiya Oyunlarında sənin üçün ən çətin rəqib kim idi?
İlk rəqibim koreyalı idmançı idi və çox güclü idi. Düşünürdüm ki, ona qalib gəlsəm, davamı daha rahat olacaq. Elə də oldu. Xorvatiyalı idmançı ilə görüş nisbətən rahat keçdi. Üçüncü rəqibim fiziki baxımdan üstün idi, amma texnika hesabına qalib gəldim. Finalda braziliyalı idmançı ilə qarşılaşdım. Qələbəyə çox yaxın idim, lakin bir anlıq səhv finalın taleyini həll etdi.
Mükafatlandırma mərasimində medal boynuna taxılan an hansı hissləri yaşadın?
Uşaqlıqdan Olimpiya və Paralimpiya oyunlarını izləyirdim və medal qazanan idmançıların hisslərini təsəvvür etməyə çalışırdım. O an başa düşdüm ki, onların yaşadıqlarını indi mən də yaşayıram. Bu hissləri sözlə ifadə etmək çətindir. Bayrağımızın ucaldılması isə xüsusi qürur hissi yaradır.
Qarşıdakı dövrdə hansı yarışlara hazırlaşırsan?
Gümüş medal qazandıqdan sonra növbəti yarışlara motivasiyam daha da artdı. Yaponiyada olarkən belə düşünürdüm ki, tez Bakıya qayıdım və məşqlərə başlayım. Hazırda Avropa və Dünya çempionatlarına hazırlaşıram.
Karyeranla bağlı ən böyük hədəfin nədir?
İdmana yeni başladığım illərdə fiziki məhdudiyyəti olmayan idmançıların beynəlxalq arenalarda çıxışlarını izləyirdim və düşünürdüm ki, bu səviyyəyə necə yüksəlirlər. Zamanla anladım ki, bu yol mənim üçün də açıqdır. Qarşıma məqsəd qoymuşam və inanıram ki, Avropa və dünya çempionu olmaq üçün heç bir maneə yoxdur.
İdmanla yanaşı təhsilini necə davam etdirirdin?
Həmişə məktəbə getmişəm. Dərslər bitdikdən sonra məşqlərə qatılırdım. Müəllimlərim də məni dəstəkləyirdilər və idmanı buraxmamağımı tövsiyə edirdilər. Bəzən dərslərdən geri qalsam da, idmandan geri qalmamağa çalışırdım.
Bu yol boyunca yorulduğun və ya çətinlik yaşadığın anlar olubmu?
Əlbəttə olub. Həm məktəb, həm də idman bəzən çətin gəlirdi. Bəzən ətrafımdakı insanlar məni başa düşmürdülər. Amma məqsədimdən heç vaxt dönmədim. Əksinə, dostlarımı da idmana təşviq edirdim. Bu gün onların bir çoxunun idmanla məşğul olması mənim üçün ayrıca qürurdur.
Eşitmə məhdudiyyətinin sənə mane olduğu anlar olubmu?
Bəzən düşünürdüm ki, yarışlarda iştirak etmək mənim üçün çox çətin olacaq. Bu fikirlər məni məyus edirdi. Amma müəllimlərimin və məşqçilərimin dəstəyi mənə güc verirdi. Çox vaxt məhdudiyyəti olmayan idmançılarla məşq edirdim və onlardan öyrənirdim. Deflimpiya Oyunlarında isə gördüm ki, hamımız eyni vəziyyətdəyik və qalib olmamağım üçün heç bir səbəb yoxdur.
Eşitmə məhdudiyyətli gənclərə nə demək istərdin?
Deflimpiya Oyunlarından sonra eşitmə məhdudiyyətli insanlarla görüşəndə onlara medalımı göstərirdim. Çoxu bu medalın nə olduğunu soruşurdu. Mən də izah edirdim ki, Deflimpiya Komitəsi var və biz eşitmə məhdudiyyətli idmançılar beynəlxalq səviyyədə yarışırıq. Onlara deyirdim ki, əgər mən bacarmışamsa, sən də bacararsan. Əsas odur ki, özünə inan və tərəddüt etmə. Bir gün sən də bayrağımızı fəxrlə dalğandıra bilərsən.
Həyatında dönüş nöqtəsi hesab etdiyin bir hadisə varmı?
15–16 yaşlarımda sağlam idmançılarla tatamiyə çıxırdım və tez-tez məğlub olurdum. Həmin məğlubiyyətlər mənim üçün dönüş nöqtəsi oldu. Daha çox çalışmalı olduğumu anladım və bu zəhmətin nəticəsini sonradan gördüm.
İdman yolunda sənə stimul verən, döyüş üslubunu nümunə götürdüyün idmançı olubmu?
Cüdo üzrə milli komandamızın çıxışlarını hər zaman böyük maraqla izləyirdim. Xüsusilə Hidayət Heydərovun döyüş tərzi mənim üçün ciddi nümunə idi. Onun boyundan tərs fəndlərini məşqlərdə təkrarlamağa çalışırdım. Bu üslub mənə uğur yolumda daha inamla irəliləmək üçün güclü stimul verdi.


