“Cartier” Evi “ITALDIZAIN” şirkəti ilə əməkdaşlıq çərçivəsində Müslüm Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında “Qış möcüzəsi” adlı musiqili tamaşa təqdim edib.
Yeni il bayramı ərəfəsində “Cartier” Evi və “Italdizain” şirkəti öz gənc dostları və onların valideynləri üçün xüsusi hədiyyə hazırlayaraq, onları “Qış Möcüzəsi” musiqili caz tamaşasına dəvət edib. Yalnız dəvətlilər üçün nəzərdə tutulmuş bu tamaşa dekabrın 9-da baş tutub.
"Qış möcüzəsi” Azərbaycanın dahi bəstəkarı Fikrət Əmirovun öz qızına həsr etdiyi “Uşaq lövhələri” adlı 12 qısa musiqili pyesdən ibarət silsilə əsasında hazırlanmışdır və musiqi ilə nəfəs alan balaca qız haqqında 12 caz miniatüründə şifrələnmiş ecazkar musiqi səyahətidir. Yeni il ərəfəsində artıq yetkin yaşda olan baş qəhrəmanın həyatında möcüzə baş verir və o, özünü uşaqlıq dövründə, böyüdüyü evdə görür. Xatirələrə dalaraq keçmişə səyahət edən baş qəhrəman yenidən öz ilham mənbəyinə qayıdır və sevimli bəstəkar atasının şəninə musiqi bəstələdiyi balaca qıza çevrilir.
Bu Yeni il tamaşası nəsillər arasında əlaqə, varislik, Azərbaycan klassiklərinin musiqi irsinə hörmət və onun çağdaş təcəssümü, uşaqlıq dövründə dayaq və ilham axtarışı, sevginin gücü, eləcə də valideynlər və uşaqlar arasında qırılmaz bağ kimi mühüm ümumbəşər məsələlərə toxunur.
Tamaşanın quruluşçu rejissoru Anton Morozovdur və bu tamaşada baş rolları Azərbaycanlı müğənni, bəstəkar və musiqiçi Diana Hacıyeva və onun qızı Savvara Nəsib ifa edirdilər. Diana Hacıyeva həm də tamaşanın bəstəkarı və xor aranjemançısıdır. Tamaşada səslənən mahnıların sözləri isə İbrahim İbrahimova məxsusdur. Tamaşanın qrafikası hazırlanan zaman “Cartier” Evinin əsas estetik kodlarından biri - “Art Deco” üslubunun elementləri ilham mənbəyi olmuşdur.
Tamaşa başlamazdan əvvəl qonaqları “Cartier” Evinin Rusiya və MDB ölkələri üzrə idarəedici direktoru Sergey Xiruntsev və “ITALDIZAIN” şirkətinin baş direktoru Mariya Şişova salamlamışlar.
"Biz, "Italdizain"də öz missiyamızın ölkənin mədəni irsinə dəstək olmaq və onu qoruyub saxlamaq olduğunu düşünürük. "Cartier"in Azərbaycan mədəniyyətindən, xüsusilə də bəstəkar Fikrət Əmirovun görkəmli əsərlərindən ilhamlanan işlərini çox yüksək qiymətləndiririk." - M. Ş.
"Bu gün, Azərbaycanın çox zəngin mədəniyyəti ilə tanış olmaq, onun içərisində olmaq şansımızın olduğuna görə xoşbəxtik. Müslüm Məhəmməd oğlu Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında keçirilən tədbirdə bəstəkar Fikrət Əmirovun əziz xatirəsini ehtiramla anmaq bizim üçün bir şərəfdir. Bizim əsas məqsədimiz davamlı olaraq inkişaf etmək, araşdırmaq və yeniliklərə ilham qaynağı olmaqdır." - S. X.
“Qış möcüzəsi” musiqili tamaşasını fərqləndirən cəhətlərdən biri də onun dinamikliyi və istənilən yaşda tamaşaçıların interaktiv iştirakı idi, belə ki, onlar həmin axşam caz orkestrinin bir üzvü olmaq imkanı əldə etdilər. “Qış möcüzəsi” tamaşası bayrama hazırlıq çərçivəsində parlaq məqam olmaqla yanaşı, həm də Azərbaycan klassiklərinin musiqi irsinin qorunub saxlanması və növbəti nəsillərə ötürülməsi, eləcə də nəsillər arasında əlaqənin möhkəmləndirilməsi baxımından mühüm addım oldu.