COP 29, 2024 BMT iqlim dəyişikliyi konfransı 11 – 22 Noyabr tarixlərində Bakı, Azərbaycanda baş tutacaq. Bu konfrans mühüm əhəmiyyət kəsb edir, belə ki, Azərbaycan ilk dəfədir bu cür tədbirə ev sahibliyi edərək iqlim dəyişikliklərinə qarşı mübarizədə öz həssalığını nümayiş etdirir. Bu möhtəşəm tədbir ərəfəsində COP29 rəyasət heyyətinin nümayəndələri və təşkilat komitəsinin üzvləri ilə söhbət etmək imkanımız oldu. Onlar konfransa hazırlığın cari vəziyyəti haqqında fikirlərini NARGIS Magazine jurnalı ilə bölüşdülər.
Müsahibə: Nigar Məhərrəmova, Valeria Vasileva
Foro: Pərviz Qasımzadə, Elmar Mustafazadə
Muxtar Babayev, COP29 Prezident
Azərbaycanın COP29 çərçivəsində əsas təşəbbüsləri barədə bizə məlumat verə bilərsinizmi?
Əsas prioritetimiz və mərkəzi müzakirə mövzumuz Yeni Kollektiv Kəmiyyət Hədəfidir (NCQG). Bunun COP29-un əsas nəticəsi olacağına inanırıq. Bununla yanaşı, digər vacib məsələlər də əhəmiyyətli müzakirələr yaradacaq. Bunlara Paris Sazişinin 6-cı Maddəsinin tam şəkildə işə salınması və Zərər və Ziyan Fondunun fəaliyyəti daxildir. Həmçinin, maliyyə resurslarına çıxışın sadələşdirilməsi müzakirəyə ehtiyac duyulan digər bir mövzudur. Bundan əlavə, meşələrin, çayların, okeanların və dənizlərin mühafizəsi, sağlamlıq, təhsil, ərzaq təhlükəsizliyi, kənd təsərrüfatı və digər mövzular da gündəmdədir. Ümumilikdə, COP29 iqlim böhranının həlli üçün vacib bir məqamdır və təcili iqlim tədbirlərinin artırılmasını təmin etmək məqsədi daşıyır.
Ölkələr COP29 zamanı və ondan sonra qeyd etdiyiniz məqsədlərə nail olmaq və məsələləri həll etmək üçün əməkdaşlığı necə gücləndirə bilər?
İlin əvvəlindən etibarən COP29 komandamız iqlim gündəliyinin irəlilədilməsi ilə bağlı Tərəflərin gözləntiləri və baxışları haqqında məsləhətləşmələr aparmaq üçün mümkün qədər çox tərəf ölkələrinə səfərlər edib. İl ərzində biz beynəlxalq təşkilatlarla, Çoxtərəfli İnkişaf Bankları (MDB-lər), beynəlxalq maliyyə institutları və vətəndaş cəmiyyəti ilə görüşlər keçirmiş, müxtəlif forum və konfranslarda iştirak edərək COP29 üçün baxışımızı təqdim etmişik. Daha bir vacib addım isə bütün maraqlı tərəflərin cəlb edilməsi ilə maksimum inklüzivliyin təmin olunmasıdır. Bu əməkdaşlıq Tərəflərin istəklərini daha yaxşı başa düşməyimizə kömək edib və düzgün əməkdaşlığı təmin etmək üçün ilk addım olmuşdur.
Bir neft hasil edən ölkə və COP29-un ev sahibi kimi Azərbaycanın bu məsələyə dair gələcək fəaliyyəti nələr olacaq?
Neft və qaz istehsalında uzun tarixi olan bir ölkə kimi, Azərbaycan eyni zamanda yaşıl gündəliyə prioritet verərək bərpa olunan enerjiyə böyük sərmayələr qoymuş və enerji keçidi səylərində regional lider kimi özünü təsdiq etmişdir. Prezidentimiz, Zati-aliləri cənab İlham Əliyev, yaşıl inkişafı Azərbaycanın iqtisadi strategiyasının ön sıralarına çəkərək, bütün sektorlarda transformativ dəyişikliklərə təkan verir. Bu baxış artıq nəzərəçarpan nəticələr verir; aktiv layihələrin sayı artır və yaxın gələcəkdə daha çox layihələr planlaşdırılır. Bu məqam xüsusi məna kəsb edir, belə ki, bu il Prezident tərəfindən “Yaşıl Dünya Həmrəyliyi İli” elan edilmişdir.
Ümumilikdə, qarşıdan gələn tədbirdən gözləntiləriniz nələrdir?
Əgər bunu iki sözlə ifadə etməli olsam: şəffaflıq və davamlılıq. Minlərlə iştirakçının Azərbaycana gəlməsi ilə bizim qonaqpərvər bir ölkə kimi məqsədimiz, proses boyunca ən yüksək rahatlıq, şəffaflıq və inklüzivliyi təmin etməkdir. Bunu dəstəkləmək üçün komandamız enerji, iqtisadiyyat, maliyyə, kənd təsərrüfatı, səhiyyə, bacarıqların inkişafı və digər sahələri əhatə edən 14 təşəbbüs həyata keçirmişdir.
Bu forum əvvəlki uğurları möhkəmləndirmək və COP29-da təqdim olunan yeni təşəbbüsləri irəlilətmək üçün çox vacibdir. Qlobal miqyasda baxdıqda, COP29 başa çatdıqdan sonra Azərbaycanın mövqeyinin necə olacağını düşünürsünüz?
Biz əminik ki, Azərbaycan iqlim məsələlərində liderliyini davam etdirəcək. Dörd il ərzində Qoşulmama Hərəkatına sədrliyimiz dövründə diplomatik səylərimizi nümayiş etdirmiş və digər üzv ölkələrlə bir sıra qlobal məsələlər üzrə əməkdaşlıq etmişik. Məsuliyyətli bir beynəlxalq oyunçu və iqlim təsirlərinə həssas bir ölkə olaraq, Azərbaycan daxili öhdəliklərini yerinə yetirəcək və qlobal iqlim dəyişiklikləri ilə mübarizədə fəal qalacaq. Bu təcrübəyə əsaslanaraq, davam edən COP29 ev sahibi olaraq, yaşıl inkişaf təşəbbüslərimizi və davamlı inkişafa olan bağlılığımızı daha da vurğulamaq üçün qiymətli bir fürsət əldə edirik.
COP29-un diqqəti, iqlim böhranını həll etmək üçün təcili və zəruri iqlim tədbirlərini gücləndirmək və bu məsələyə dair səyləri artırmaq üçün kritik bir məsələyə yönəlmişdir.
Elnur Soltanov, COP29 baş icraçı direktoru
COP29-dakı əsas vəzifəmiz müzakirələr aparmaq və zəruri maliyyələşdirməni müəyyən etməkdir.
COP29 nədir?
Bir çoxları COP29-u ümumi ekoloji tədbir kimi qəbul edir, amma bu, tam olaraq düzgün deyil. Bu konfransın konkret məqsədi, 2050-ci ilə qədər istixana qazlarının qlobal olaraq sıfıra endirilməsi məsələsidir. Bununla da, dünya 1.5 dərəcə Selsiyə qədər istiləşməni məhdudlaşdırmaq üçün mübarizə şansı qazana biləcəyik. Hadisələrin hal – hazır ki, inkişafı göstərir ki, biz orta temperaturu 3 dərəcəyə və ya daha çox artırmağa doğru gedirik ki, bu da bəşəriyyət üçün qəbuledilməz nəticələrə səbəb ola bilər. Eyni dərəcədə vacib məsələ isə uyğunlaşmadır – yəni, qlobal istiləşmənin artıq baş verən mənfi nəticələrinə, xüsusilə kiçik adalarda yerləşən inkişaf edən ölkələr və ən az inkişaf etmiş ölkələrə diqqət yetirilərək necə uyğunlaşacağımızdır. COP29-un konkret vəzifəsi isə bu iqlim böhranının zərurəti və miqyası ilə uyğun olan kifayət qədər iqlim maliyyəsinin toplanması olacaq.
Vəziyyət çox da qənaətbəxş deyil?
Vəziyyət gün gündən daha da pisləşir. Fürsətlər pəcərəsi çox tez qapanır və iqlimin qorunmasına yönəlik addımları hər gün bir az daha gecikdirərək biz, insan və material xərclərini həndəsi silsilə ilə artırırıq. Texnologiya və maliyyə demək olar ki, tam olaraq mövcuddur – sadəcə olaraq bu mövcud böhranı həll etmək üçün kollektiv hərəkət və kollektiv siyasi iradə lazımdır. COP29 şüarının mənası məhz bu anlayışdan irəli gəlir – İqlim Böhranı üçün Həmrəylik. İndi.
Belə çıxır ki, 1995 – ci ildən başlayaraq keçirilən COP konfranslarının nəticəsi olmamışdır?
1992 – ci ildən sonra, bu ildən öncə ilə müqayisədə dünya təbiətə daha çox istixana qazları buraxılmışdır. Bir sıra irəliləmələr mövcuddur, lakin iqlim tədbirləri və maliyyəsinin sürəti böhranın miqyası ilə mütənasib deyil. Buna baxmayaraq, ruhdan düşməyin nə yeri, nə də zamanıdır. Elm inkişaf edir, bizim izləmə qabiliyyətimiz artır, cəmiyyətin və siyasətin həssaslığı yüksəlir və çox həvəsli və ağıllı insanlar yaradıcı həllər təklif edirlər. Demək olar ki, bu hədəfə çatmışıq, amma indi onu reallaşdırmaq üçün son bir təkan lazımdır.
Paris Sazişinə əməl edilməməsi hallarında hər – hansı bir sanksiyalar tətbiq edilə bilərmi?
Ən vacib saziş, cari müzakirələrin mərkəzləşdiyi, BMT-nin İqlim Dəyişiklikləri üzrə Çərçivə Konvensiyasının Paris Sazişidir. Bu sənəd üzrə tərəflər hər 5 ildən bir milli iqlim planları təqdim etməli olsalar da, onların yerinə yetirilməsi ilə bağlı heç bir öhdəlik yoxdur. Bu, əsasən suveren dövlətlərdən ibarət beynəlxalq sistemin təbiətindən irəli gəlir, çünki bu dövlətlər adətən asanlıqla əməkdaşlıq etmir. Biz bu sistemi dəyişə bilmərik, buna görə də bunun ətrafında həll yolları tapmalıyıq.
Bu ilki COP – dan gözləntiləriniz nələrdir?
İnfkişaf etmiş ölkələrdən inkişafda olan ölkələrə beynəlxalq maliyyələşmənin daha çox artırılmasına, həmçinin “ümumi, lakin fərqli məsuliyyət” konsepsiyasına ehtiyacımız var. Nə dərəcədə yüksək yardım? Yeni maliyyə hədəfi 1.5 dərəcə Şimal Ulduzuna uyğun olmalıdır; əks təqdirdə kifayət etməz.
COP - a ev sahibliyi etmək Azərbaycan üçün hansı mənanı kəsb edir?
Azərbaycan, tərəflərin iqlim böhranı-maliyyələşdirilməsi ilə bağlı bəlkə də ən vacib qərarı qəbul etmələri üçün öz prosedur və təşkilatçılıq güclərindən istifadə edərək, intensiv və yaradıcı liderlik nümayiş etdirir. Bu konfransın nəticəsində ölkəmiz üçün siyasi, iqtisadi və cəmiyyətə yönəlmiş faydalar əldə olunacaq. Bu prosesdə Azərbaycanın maraqlarına xidmət etməyin ən yaxşı yolu, insanlığın, xüsusilə onun həssas təbəqələrinin maraqlarına xidmət etməkdir. Dünyanın qarşılaşdığı ən kəskin qlobal problemə həllər təqdim etməklə Azərbaycanımızın liderliyi və töhfələri, dövlətimiz və millətimiz üçün gələcək onilliklərdə qürur mənbəyi olacaqdır.
Nigar Arpadarai, COP29 – un İqlim üzrə yüksək səviyyəli çempionu
Məqsədimiz, ölkələrin konkret maliyyə hədəfləri üzərində razılaşması və bu vəsaitlərin necə bölüşdürüləcəyini və istifadə ediləcəyini aydınlaşdırmasıdır.
COP29 – rolunuz nədən ibarətdir?
Mən COP29 – un İqlim üzrə yüksək səviyyəli çempionu olaraq fəaliyyət göstərirəm – bu vəzifə milli hakimiyyət orqanlarının səylərinin qeyri – hökümət subyektlərinin dinamik, öncül işləri ilə birləşməsinə yönəlib. Bu, maraqlı tərəflərin geniş çevrəsi ilə əməkdaşlığı ehtiva edir: rəhbərlərdən və qeyri – hökümət təşkilarlarından tutmuş şəhər bələdiyyələri, gənc liderlər, yerli xalqlara və universtitet professorlarınadək. Məqsəd, hər bir qrupun güclərini və baxışlarını nəzərdə tutulmuş irəliləyiş üçün istifadə edərək, koordinasiyalı iqlim hərəkətini təşviq etməkdir.
COP29 – un özünəməxsusluğu nədir?
COP29-un əsas mövzusu iqlim maliyyələşdirilməsidir, xüsusilə ən həssas ölkələrin vacib maliyyə vəsaitlərinə çıxışını təmin edəcək mexanizmlərin yaradılmasına diqqət yetirilir. Bu problemi həll etmək üçün özəl sektorun cəlb olunması vacibdir, bu da COP29-u maliyyə öhdəliklərinin formalaşdırılmasında mühüm bir məsələ edir. Məqsədimiz, ölkələrin konkret maliyyə hədəfləri üzərində razılığa gəlməsi və bu vəsaitlərin necə bölüşdürüləcəyini və istifadə ediləcəyini aydınlaşdırmaqdır. COP29 bu razılaşmaların təşviqi üçün bir platforma rolunu oynayacaq, vəzifəmiz isə etimad mühiti quraraq, iqlim maliyyələşdirilməsində tarixi irəliləyişin yolunu açmaqdır.
Özəl sektor ilə effektiv anlaşmalar əldə etmək üçün hansı mexanizmlərdən istifadə edirsiniz?
Mən biznesin – yeni iqtisadiyyat üçün kollektiv yol xəritəsinin formalaşdırılması və həyata keçirilməsində oynaya biləcəyi və oynamalı olan xüsusilə kiçik biznesin mərkəzi roluna diqqət yetirirəm. Onların səslərinin COP29-da və ondan sonrakı dövrlərdə eşidilməsini təmin etməyə çalışıram, çünki hər birinin davamlı inkişafa keçiddə unikal rolu var. Böyük şirkətlər getdikcə daha çox investor gözləntiləri və reputasiya faktorlarına görə davamlılıq strategiyalarına inteqrasiya edir. Bununla belə, kiçik və orta sahibkarlıq subyektləri (KOB-lar) tez-tez məhdud maliyyə və resurs çatışmazlığı ilə üzləşir. Bu problemi həll etmək üçün KOB-lara dəstək göstərməyi prioritet hesab edirik. Qlobal təşkilatlarla əməkdaşlıq edərək, kiçik sahibkarların bu keçidə uyğunlaşması və inkişaf etməsi üçün bilik və avadanlıqlarla təmin olunmasını dəstəkləyən təlim materialları və proqramlar hazırlayırıq.
Azərbaycanın COP sədrliyi ilə bağlı iqlim məsələləri üzrə ictimai məlumatlılıq nə dərəcədədir?
Azərbaycan COP29 sədrliyini qəbul etdikdən sonra ictimai maraq – xüsusilə özəl sektor tərəfindən – əhəmiyyətli dərəcədə artıb. Cəmi bir neçə ay ərzində çoxsaylı şirkətlər davamlı inkişafı dəstəkləyən yaşıl təcrübələrə sadiqliklərini bəyan edən deklarasiyalara imza atıblar. Son vaxtlar keçirilən Bakı İqlim Fəaliyyəti Həftəsi cəmiyyətin iqlim tədbirlərinə qatılmağa hazır olduğunu bir daha vurğuladı və bu məsələyə geniş maraq göstərdi. Azərbaycan indi qlobal iqlim müzakirələrində fəal iştirak edir və COP29-dan sonra da iqlim təşəbbüslərini irəli aparmaqla uzunmüddətli məlumatlılıq və fəaliyyətə töhfə verməyə sadiqdir.
COP29 -da hansı təşəbbüslər planlaşdırılır?
COP29 sədrliyimiz gələn ilin sonuna qədər davam edir və Braziliyada keçiriləcək COP30 da daxil olmaqla, fəal iştirakımızı davam etdirməyi planlaşdırırıq. Biz yaşıl keçid, enerji, kənd təsərrüfatı, su və insan inkişafı kimi əsas sahələri əhatə edən 14 təşəbbüs həyata keçirmişik. Bu təşəbbüslərdən 9-u deklarasiyalara, 5-i isə tərəfdaşlıqlara yönəlib. Bu təşəbbüslər və tərəfdaşlıqlar, COP29-dan çox-çox irəli gedərək, əhəmiyyətli və koordinasiyalı iqlim fəaliyyətini təşviq etməyi hədəfləyir.
Kamal Mammadov, COP29 – da müyəssərlik fuksiyasının rəhbəri
Düşünürəm ki, mənim bu həyatdakı missiyam mənimlə eyni vəziyyətdə olan insanlara yardım etmək və onlara ilham verməkdir.
COP29 kimi böyük miqyaslı tədbirdə iştirak etməniz sizin üçün hansı şəxsi məna kəsb edir?
Mən 20 ildir ki, əlil arabasından istifadə edirəm və bu müddət ərzində əlillik və bu vəziyyətlə bağlı bütün çətinlikləri yaşadım və hiss etdim. Belə tədbirlər, şəhərdə və cəmiyyətdə dəyişiklik etmək imkanı yaradır. Mən bütün bu dəyişiklikləri yaşadım və 2015-ci ildəki Avropa Oyunları və İslam Oyunlarında, bütün bu tədbirlərdə müyəssərlik komandasına rəhbərlik etdim. Düşünürəm ki, mənim missiyam, mənimlə eyni həyat vəziyyətində olan insanlara kömək etmək və onlara ilham verməkdir. COP29-da işləmək üçün dəvət edildiyimdə, məmnuniyyətlə qəbul etdim, çünki bu, sevdiyim və bacardığım bir işdir.
Bu ilki konfrans əvvəlki illərdə keçirilənlərdən necə fərqlənəcək?
Son illərdəki konfransları təhlil etdikdə ən böyük problem, heç bir vaxt konfranslarda eşitmə və danışma çətinlikləri olan insanların nəzərə alınmaması idi. İlk dəfə bizim konfransda işarə dili tərcüməsi istifadə olunacaq. Eyni zalda, eşitmə qüsuru olan insanların xüsusi qulaqlıqla eşitməsinə imkan verən induksiya sistemi quraşdırılacaq. Girişdə taktil xəritə təmin olunub, bu xəritə ilə əlləri ilə toxunaraq, iştirakçılar məkan və əsas obyektlərin yerləşdiyi barədə tam məlumat əldə edəcəklər. Onlara həmçinin daşıya biləcəkləri taktil broşürlər təqdim olunacaq. Konfransda iştirak etmələrini asanlaşdırmaq üçün hər fürsətdən istifadə etdik: pilləkənlərdə və şüşə qapılarda xüsusi nişanlar, qapıların və divarların kontrastı və digər qurğular. Mavi zonada 427, Yaşıl zonada isə qapıların yanında 99 Braille əlifbası ilə yazılmış yazılar olacaq, bunlar görmə qabiliyyəti zəif insanlar üçün nəzərdə tutulub və onlar bizim görmə qüsurlu şəxslər tərəfindən yazılıb. Bunlar hamısı çox vacib məsələlərdir. Bütün rampalar da standartlara uyğunlaşdırılıb.
Əlilliyi olan insanlar üçün başqa hansı tədbirlər görülüb?
Əslində, əlillik və ya əlilliklər həmişə xaricdən görünmür. Bu, eşitmə məhdudiyyətləri olan və ya autizm pozuntusu olan insanlar ola bilər. Biz onlara "günəbaxan ipləri" taxmaq imkanı yaratmışıq, beləliklə onlar diqqət mərkəzində olurlar və lazım olduqda kömək ala bilərlər. Bundan əlavə, xüsusi işıq və musiqi ilə səs-küydən təcrid olunmuş bir otaq da mövcuddur, burada hər kəs stressdən rahatlamaq üçün istirahət edə bilər. Digər bir yenilik isə mənim əvvəlki təcrübəm əsasında təklif etdiyim bir ideya idi. Səyahət edərkən əlil arabamı baqaja qoymaq mənim üçün bir problem olur. Uçuşdan sonra təkərlərlə bağlı da problemlər olurdu. Buna görə də biz əlil arabası xidmətinə xüsusi təcili yardım komandası ayırmışıq. Elektrikli əlil arabaları üçün hətta çıxarılabilən elektrik prizləri də təmin olunub. Biz həmçinin əlilliyi olan insanlarla əlaqədə olacaq hər kəs üçün təlimlər keçiririk.
Bu təcrübələr gələcək konfranslarda da istifadə edilə biləcəkmi?
Doğru statistikalar növbəti konfrans təşkilatçılarının işini çox asanlaşdıracaq. Mən bütün detalları əhatə edən mükəmməl statistikalar hazırlamışam və müəyyən qrupların düzgün qeydiyyatını təmin etmişəm. Ümid edirəm ki, bu vacib təşəbbüsdə köməkçi ola bilərəm.
Leyla Həsənova, COP29 – un İqlim üzrə gənclər çempionu
İlk dəfə keçirilən İnsan İnkişafı Günü (18 noyabr) iqlim dəyişikliyinə bütöv bir yanaşma sərgiləyəcək.
COP29 çərçivəsində rolunuzdan bəhs edin.
İqlim üzrə gənclər çempionu vəzifəsi COP28 – də təsis edilib. Bu vəzifə, hər bir COP sədrliyinin unikal mövqeyindən istifadə edərək, uşaqların və gənclərin iqlim haqqında qərar qəbuletmə və siyasət proseslərinə daxil olmasını təşviq etməyi və inkişaf etdirməyi məqsəd qoyur. Mənim rolum isə COP sədrliyində dünya gəncləri arasında körpü rolu oynamaqdır.
COP29 – da gənclər üçün hansı fəaliyyətlər planlaşdırılır?
Gənclərin iqlim haqqında müzakirələrdə səmərəli iştirak etməsi üçün lazım olan texniki bilik və bacarıqlarla təchiz edəcək Regional COP29 Gənc Nümayəndəlik Proqramına başlamışıq. Bölüşmək istədiyim uğur hekayələrindən biri də, “Mavi Zonada” təsis edilmiş uşaq və gənclər pavilionudur. Bu pavilion, uzun illər aparılmış təbliğatdan sonra yaradılmışdır, belə ki, əvəllər burada gənclər üçün yer yox idi. Uyğun olaraq bu məkan – sadəcə gənclər pavilionu deyil – bura onların evidir. Bundan başqa, gənclər üçün, “Yaşıl zonada” Gənclər və idman nazirliyi tərəfindən təsis edilmiş yer də var. COP29 – da gender bərabərliyi və hüquq və imkanıların genişləndirilməsi hər bir tematik günün elementi kimi nəzərdən keçiriləcəkdir. Tarixdə İnsan inkişafı günü/ Uşaq və gənclər günü (18 noyabr) iqlim dəyişikliyinə bütöv baxışa həsr ediləcək və insan inkişafı, gənclər, səhiyyə və təhsil dəstək tələb edən, bir – birilə bağlı məsələlər kimi nəzərdən keçiriləcək.
Gəncləri bu işə necə cəlb edirsiniz və onlar kimlərdir?
Potensialın artırılması təşəbbüsləri və yuxarıda qeyd etdiyim proqramlar sayəsində biz gəncləri öz iqlim təşəbbüslərimizə cəlb etmək imkanı qazanırıq. Bu proqramlar 18 ilə 35 yaş arasındakı gənclər üçün nəzərdə tutulub. Bundan əlavə, YOUNGO – ya daxil olan böyük bir gənclər şəbəkəsi mövcuddur – 10000 – dən artıq üzvü olan UNFCC uşaq və gənclər rəsmi qrupu. Bu ilki tədbirdə mənim əsas prioritetlərimdən biri uşaqları, iqlim haqqıdan müzakirələrin mərkəzində yerləşdirmək olmuşdur, belə ki, iqlim problemləri onların sağlamlığı üçün böyük təhlükə kəsb edir. Onların səsi, dayanıqlı gələcəyin formalaşması üçün həlledici əhəmiyyət daşıyır.
Onların iştirakı hansı məna daşıyır?
Biz hər ay müxtəlif region və qitələrdən olan gənclərlə müzakirələr aparır, onların səslərini eşidir və alınan bilgilər vasitəsi ilə qaldırılan mövzuları daha da gücləndiririk. Biz müəyyən regiondan olan gənc iqlim müdafiəçilərinin qorxuları və təkliflərini eşidir, bunları vahid verilənlər bazasında toplayırıq. Nəticədə, müvafiq tərzdə PYCC – nın əsas mövzusunu dəyişirik ki, bütün dünyadan olan gənclərin effektiv və əhəmiyyətli iştirakı təmin edilsin. Beləliklə, biz son mərhələnin təqdimatı zamanı, yəni Qlobal Gənclər Bəyannaməsini təqdim edərkən bu məlumatları nəzərə alırıq.
Beynəlxalq praktikalarda gənclərin iqlim məsələlərinə cəlb olunması üçün hansı strategiyalar mövcuddur və bunlar burada necə tətbiq olunur?
İlk və ən vacib strategiya uşaqlar və gənclər üçün gücləndirmə və maarifləndirmədir. Mənim çıxışlarımda və müraciətlərimdə hər zaman bu sözləri qeyd edirəm: Təhsil açardır. Mən öz işimə burada başladım, çünki qlobal icma və BMT İqlim Dəyişikliyi ilə necə gəncləri cəlb edəcəyi ilə maraqlandırırdım. Bir neçə ay əvvəl, gənc müəllimlər üçün ilk COP29 iqlim dəyişikliyi yay düşərgəsini təşkil etdik. 35 ölkədən 75 müəllimi, o cümlədən Azərbaycandan 20 müəllimi bir araya gətirdik. Seçkin mütəxəssislər onlara iqlim dəyişikliyinin əsas prinsiplərini və bununla necə mübarizə aparılacağını öyrətdilər. Ümid edirəm ki, bu, hər il keçirilək bir praktika halına gələcək, çünki bu müəllimlər vasitəsilə daha geniş auditoriyaya çataraq domino effekti yaradır. Bakının inkişaf dayanıqlılığı, temperaturun endirilməsi prioritetləri və uşaq və gənclər də daxil olmaqla hər bir şəxsin rolu üzərində fokuslanacaqdır. Hər kəsin iqlim dəyişikliliyi ilə mübarizəyə qoşula biləcəyini və qoşulmalı olduğunu çatdırmaq çox vacibdir. İqlim dəyişikliyindən daha çox zərar görəcək gənc nəclə isə xüsusi diqqət ayrılacaq. COP29 – da nəinki temperatur problemləri, həmçinin bununla bağlı olan digər məsələlər də nəzərdən keçiriləcək: iqlim təşəbbüslərinin maliyyələşdirilməsi, iqlim dəyişikliklərinə qarşı həssas olan ada dövlətlərinə dəstək göstərilməsi və qadın və uşaqlar üçün inklüzivliyin təşkil edilməsi. Uşaqlar üçün iqlimlə bağlı müzakirə və tədbirlərdə iştirak edə biləcəkləri xüsusi pavilion təşkil ediləcək. Bu cür tədbirlər sayəsində uşaqlar planetin qorunmasında şəxsi rollarını anlayır və dəyişən şərtlərə uyğunlaşmaqda zəruri vərdişləri inkişaf etdirirlər.
Firuzə Sultan – zadə, “EkoSfer” İctimai – Ekoloji Mərkəzin İdarə heyətinin sədri
Bizim əsas proqramımız uşaq və gənclərin məlumatlandırılmasıdır.
COP29 – da işiniz nədən ibarətdir?
"EkoSfera" qeyri-hökumət təşkilatı, İctimai - Ekoloji Mərkəzi, COP29-da dörd qeyri-hökumət təşkilatından biridir. Biz müşahidəçi statusu almış və “Mavi Zona”- ya daxil olmuşuq. İşimizin məqsədinə uyğun olaraq, biz uşaqlar və gənclər yaş qrupunu təmsil edirik. Əsas proqramımızın məqsədi uşaqlar və gəncləri məlumatlandırmaqdır və biz təşkilat komitəsinin digər nümayəndələri ilə sıx əməkdaşlıq edirik.
Məlumat Mərkəzi nə vaxtdan fəaliyyət göstərir?
Məlumat Mərkəzi 27 iyun tarixində fəaliyyətə başlayıb və məqsədi ictimaiyyəti COP29-a hazırlıq prosesləri və iqlim məsələləri haqqında məlumatlandırmaqdır. Mərkəz noyabr ayına qədər açıq olacaq və hazırda konfransdan sonra mərkəzin hansı formatda fəaliyyət göstərəcəyi müzakirə edilir. Biz, mərkəzi aktivləşdirmək üçün bir proqram təklif etmişik, hər şənbə və bazar günü uşaqlar üçün fəaliyyətlər təşkil edirik. Bunlara ətraf mühit üzrə masterklasslar, iqlim haqqında əyləncəli tədris sessiyaları, rəqs dərsləri, yoga, musiqi çıxışları və şahmat turnirləri daxildir. Məktəblər fəal şəkildə iştirak edir və uşaqlar təşkil etdiyimiz tədbirlərə qatılırlar.
Bundan əlavə, böyüklər üçün tematik sessiyalar təklif edirik, ekspertləri dəvət edərək tullantıların idarə edilməsi, sağlamlıq, şəhər ekolojisi, yemək bişirmə və digər iqlimlə bağlı məsələlər haqqında müzakirələr keçirilir. Bütün tədbirlər iqlim məsələləri barədə məlumatlılıq yaratmaq və COP29 və onun hazırlıqları haqqında maraq oyatmaq məqsədilə hazırlanıb. Biz müxtəlif təşkilatlarla fəal əməkdaşlıq edir və icmai təşəbbüslərini dəstəkləyirik. Hər kəs dəvətlidir və iştirak edə bilər.
COP29 – da müzakirə olunacaq əsas məsələlər hansılardır?
Bu günlərdə əsas çağırışlardan biri qlobal temperatur artımını 1,5 dərəcə Selsiyə qədər məhdudlaşdırmaqdır. Bu, kritik bir həddir, bundan sonra mənfi nəticələr bərpaolunmaz hala gələ bilər. Üç dərəcə artım katastrofik dəyişikliklərə səbəb olacaq, buna görə də temperaturun 1,5 dərəcədə sabitləşdirilməsi prioritet olmalıdır.
Nargiz Abdullayeva, COP29 – da bədii kurator
Bizim məqsədimiz yalnız sənəti deyil, həm də təbiətin simvolizmini nümayiş etdirməkdir.
COP29 – da keçiriləcək sərgi haqqında məlumat verin.
Mən hal – hazırda “Yaşı zona” və “Mavi zona” – da keçiriləcək bir sıra sərginin kuratorluğunu edirəm. Əsas tədbirlər və sessiyalar “Mavi Zona” - da keçiriləcək və bu zona müxtəlif kateqoriyalara, o cümlədən sərgilər və quraşdırmaları nümayiş etdirəcək VIP sahələrə bölünəcəkdir. Biz Azərbaycan sərgisinə xüsusi diqqət yetiririk. COP qonaqlarının sıx qrafikini nəzərə alaraq, onların çox vaxt muzeylərə baş çəkməyə vaxtı olmur. Buna görə də muzey təcrübəsini birbaşa tədbir məkanına gətirmək qərarına gəldik. Əsas sərgilərdən biri “Təbiətin simvolları”dır. Bu sərgidə üç milli muzey iştirak edəcək: Milli Xalça Muzeyi, Milli İncəsənət Muzeyi və Azərbaycanın Milli Tarix Muzeyi. Məqsədimiz yalnız sənəti deyil, həm də bu əsərlərdə əks olunan təbiətin simvolizmini nümayiş etdirməkdir.
Milli mədəniyyətin hansı elementləri qonaqlar üçün ilk növbədə təqdim ediləcək?
Qonaqlar Azərbaycan mədəniyyəti ilə xalçalar, keramika və metal işləri vasitəsilə tanış olacaqlar ki, bu da ölkənin zəngin bədii irsini vurğulayır. Bitki əsaslı boyalarla boyanmış xalçalar həyatın dörd ünsürünü simvolizə edir, saxsı qablar və mis qazanlar isə quşlar, heyvanlar və “Həyat Ağacı” kimi motivləri özündə əks etdirir. Bu əsərlər qədim Azərbaycan sənətkarlarının bacarığını və təsəvvürünü nümayiş etdirir. 10 metrlik “Qlobal İqlim Dəyişikliyi: Toxunmuş Zolaqlar” xalçası "Azərxalça" ASC-nin Şabran Xalçaçılıq Studiyası tərəfindən hazırlanmışdır. Xalça, Professor Ed Hokinsin (Redinq Universiteti) "Show Your Stripes" layihəsindən ilhamlanaraq, 1850-ci ildən 2022-ci ilədək orta illik temperatur dəyişikliklərini cəsarətli və təsirli zolaqlarla vizual olaraq əks etdirir. Dizaynda Azərbaycanın ikonik göydələnləri də incəliklə toxunub və bu, Bakını COP29-un ev sahibi kimi qürurla təqdim edir.
Sərginin xüsusi bir bölməsi Şəki Xan Sarayına həsr olunacaq və burada təxminən 20 freskanın surətləri nümayiş etdiriləcək. Həmçinin, sərgidə COP29 mövzusu ətrafında yaradılmış rəssam Aida Mahmudovanın əsərləri də yer alacaq. Bundan əlavə, Aida Mahmudova iqlim qayğısı, dayanıqlı gələcək və incəsənət müdafiəsinə həsr olunmuş bir günlük simpozium sifariş edib. Bu tədbirdə GCC bölgəsi, Avropa, Mərkəzi Asiya və Cənubi Qafqazdan tanınmış spikerlər çıxış edəcəklər. Proqram bu bölgələrdə dayanıqlılıq mövzusunda müzakirələri təşviq etməyi hədəfləyir.
Tədbirdə beynəlxalq rəssamların əsərləri də nümayiş olunacaqmı?
Bəli, tədbirdə bir çox beynəlxalq rəssamların əsərləri nümayiş olunacaq. Bunların arasında İtalyan heykəltəraşı Lorenzo Quinn-in Genesis Series seriyasından "Yaradılış-Cümə axşamı" əsəri və fotoqraf Brad Wilsonun Azərbaycan vəhşi təbiətini əks etdirən sərgisi yer alır. Yaşıl Zonada hər gün Azərbaycan xalq sənətləri və əl işləri ilə bağlı fəaliyyətlər keçiriləcək, məsələn, “şəbəkə” və “həsir” sənətləri təqdim olunacaq. Həmçinin, Gürcüstan Milli Muzeyi ilə əməkdaşlıq çərçivəsində təbiətlə əlaqəli artefaktlar nümayiş olunacaq və mühazirələr təşkil ediləcək. Bundan əlavə, inklüziv layihələrə həsr olunmuş xüsusi bir gün olacaq, burada DOST İnklüziv Mərkəzinin tələbələrinin əsərləri və Dance Ability qrupunun çıxışı təqdim olunacaq.