NARGIS
Ru En
NARGIS MAGAZINE
Həyat tərzi

Göcek yaxta klubunun AUTUMN Race Week 2022 yelkənli qayıq yarışında Azərbaycan komandasını nə gözləyir?

Bir neçə gün sonra Azərbaycan yelkənli qayıq idmançıları Aralıq dənizinin ən maraqlı yarışlarından biri olan Göcek AUTUMN Race Week 2022-də iştirak edəcək. Bu il komandanın baş sponsoru İsveçrənin Ulysse Nardin saat brendi olacaq.

Oktyabrın 31-də Azərbaycanın 20 nəfərdən ibarət Khazri Sailing Team klubunun üzvləri Türkiyədə “Foks” və “Kiaoro” adlı iki yaxtanın yelkənlərini qaldıracaq. Klubun iki kapitanı və həmtəsisçisi Kirill Roletski və Rasim Həmidovun rəhbərliyi altında iki komanda iki fərqli qrupda digər ölkələrdən olan 120-dən çox yaxtanın heyəti ilə yarışacaq.

Kapitan Kirill Roletski son bir il ərzində kluba üzv olmuş yeni üzvlərdən ibarət komandaya rəhbərlik edəcək. Rasim Həmidovun idarə etdiyi ikinci yaxtada ötən ilki yarışda əla nəticələr nümayiş etdirmiş peşəkarlar çıxış edəcək.

Azərbaycan komandası Göcek yaxta klubunun beynəlxalq AUTUMN Race Week yarışında ilk dəfə 2021-ci ildə iştirak edib. O zaman Khazri Sailing Team komandasının iki heyəti öz qruplarında müvafiq olaraq beşinci və altıncı yerləri tutaraq ən yaxşı komanda debütünə görə xüsusi mükafata layiq görülmüşdü. Həmin yarışda dünyanın 12 ölkəsindən 102 yaxtanın iştirak etdiyini nəzərə alsaq, bu, həqiqətən də diqqətəlayiq nəticədir.

Bu il Azərbaycan idmançıları artıq 10 ildir ki, dünyanın Monaco Yacht Show adlı ən nüfuzlu yelkənli qayıq yarışına sponsorluq edən İsveçrə saat brendi Ulysse Nardin ilə tərəfdaşlıqda çıxış edəcək. Bundan başqa, Azərbaycan komandasının tərkibinə İsveçrənin Ulysse Nardin saat brendinin Azərbaycandakı səfiri, alpinist və səyyah Fərid Novruzi də daxil olacaq.

“Yelkənli qayıq yarışı ilk növbədə insanın özü ilə yarışmasıdır. Biz Azərbaycanda yelkənli qayıq idmanını təzəcə canlandırmağa başlayırıq, rəqiblərimiz isə bu idman növünün çox məşhur olduğu ölkələrdən gələcək. Təbii ki, onlar daha güclü və təcrübəlidir. Ona görə də inkişaf etdirməli olduğumuz tərəflər çoxdur. Bizim əsas məqsədimiz əvvəl göstərdiyimiz nəticələri üstələməkdir. Və bu zaman birinci yeri tutsaq, çox yaxşı olar. Ulysse Nardin brendi ilə birgə yeni və maraqlı nailiyyətlərə imza atmağımıza və yelkənli qayıq idmanına bacardığımız qədər çox insanı cəlb etməyimizə görə çox şadam”.

Göcek AUTUMN Race Week çərçivəsində beş gün ərzində altı yarış keçiriləcək. Yekun nəticə son yarış günü, yəni 4 noyabr 2022-ci il tarixində açıqlanacaq.

İdmançılarımıza uğurlar arzulayırıq!


Ulysse Nardin brendi haqqında
İsveçrənin Ulysse Nardin saat brendi dənizdən ilham alan və azad ruhlu macəra həvəskarları üçün heyrətamiz saatlar yaratmaq istəyi ilə hərəkət edən novatordur.
Yarandığı ilk günlərdən Ulysse Nardin manufakturasının tarixi okeanla sıx əlaqəyə malik olub. Yaxta və mükəmməlliyə olan sevgi onu 1846-cı ildən bəri naviqasiya alətlərinin aparıcı istehsalçısına çevirib.
Ulysse Nardin brendi on ildən artıqdır ki, Monaco Yacht Show yarışının rəsmi sponsorudur. 2022-ci ildən Azərbaycanın Khazri Sailing Team klubu da bu unikal brendlə əməkdaşlıq edir.
Ulysse Nardin brendi Azərbaycanda Khazri Sailing Team komandasının sponsoru olan Royal Collection butikində təqdim olunur.