NARGIS
Ru En
NARGIS MAGAZINE
Mədəniyyət

“Bulgari”nin Musiqili İlham Pərisi

“Bulgari” dedikdə ağlımıza sadəcə gözoxşayan daş-qaş deyil, həm də ən parlaq və canlı tədbirlər gəlir. Əlamətdar bir gecəni həqiqətən möhtəşəm edən nədir? Əlbəttə, öz enerjisini brendin ruhu ilə qüsursuz şəkildə birləşdirərək mahnılar ifa edən cazibədar bir müğənni olmadan belə bir gecəni tamamlanmış saymaq olmaz. 17 ildir ki, brendlə əməkdaşlıq edən, caz, “soul” və “gospel” musiqiçisi Gena Uest ilə tanış olun! Gena "Bulgari”nin “Serpenti” Kolleksiyasının 75-ci ildönümünə həsr olunmuş tədbirdə iştirak üçün Bakıya gəlib. Eksklüziv müsahibəmizdə Gena bizimlə özünün musiqiçi olmaq üçün keçdiyi yollardan, tənqidlərə qarşı necə münasibət göstərməsi ilə bağlı öz baxış bucağından danışdı. Bizimlə bölüşdüyü heyrətamiz bir hekayədə isə məhz Kraliça Elizabetin bəhsi keçirdi: Genanın şahzadə kimi doğulduğunu da nəzərə alsaq, bu, olduqca maraqlı bir hekayədir.

Musiqi karyeranız haqqında məlumat almaq istərdik. İfaçı olmaq həvəsinizi necə kəşf etdiniz və karyeranızı musiqi yönündə inkişaf etdirmək üçün hansı addımları atdınız?
Bu nağıl kimi bir macəradır. Yaşımın az olduğu vaxtlarda akademik əsərlərə böyük marağım var idi, hüquqşünas ixtisasına yiyələnmək və vəkil kimi fəaliyyət göstərmək üçün özümə yatırımlar edirdim. Daha sonra universitet illərində mahnı ifa etməyə olan sevgimi kəşf etməyim özüm üçün də gözlənilməz bir dönüş nöqtəsi oldu. Bir dəfə “Grease”ə bənzər bir şou keçirmişdik, orada mən mahnı oxuduqdan sonra hamı “Vau!” reaksiyası vermişdi. Beləliklə, düşündüm ki, bəlkə də mahnı oxumağa davam edə bilərəm, və belə də etdim.

Ailəm hər dəfə qonaqlıq verəndə “Gena, nəsə oxu” deyə məni təşviq edirdi. Belə məclislərin birində mən Nina Simonun “My Baby Just Cares for Me” mahnısını ifa etdim, sonra isə ağlımdan belə keçirmədiyim bir hadisə baş verdi. Bir nəfər mənə yaxınlaşıb, kiminsə mənimlə tanış olmaq istədiyini dedi. Getdim və Nina Simonun özünün orada oturub mənə baxdığını gördüm. Şoka düşmüşdüm! Onun mahnısını oxuduğum üçün ifamı bəyənməmiş olma ehtimalından çəkinirdim, amma o məni təəccübləndirərək, "Sən yaxşı ifaçı ola bilərsən! Amma eşitdim ki, hüquq fakültəsində təhsil alırsan" dedi. Mən bunu təsdiq edəndə o, başını tərpətdi və təkidlə: "Yox. Sənin dərs almağın lazımdır, çünki çox nadir istedada sahibsən. Oxu! Sən mahnı oxumaq üçün doğulmusan!" dedi. Həmin görüş mənim üçün hər şeyi dəyişdi.

İngiltərəyə qayıdandan sonra onun məsləhətinə uyğun olaraq müğənnilik dərslərinə yazıldım və çox keçmədən böyük bir müqaviləyə imza atdım. Taleyimin belə yazıldığını düşünməyə başlamışdım, çünki onun sözlərinə həqiqətən ürəkdən inanırdım.

Nina Simon yaradıcılıq həyatınıza əhəmiyyətli dərəcədə təsir edib. Musiqi karyeranızda ilham aldığınız başqa fiqurlar da varmı?
Nina Simon olmasaydı, inanmıram ki, bu gün olduğum yerdə olardım. Onun sözləri məndə iç səsimi dinləmək üçün özümə inam yaratdı. Bir çox başqa fiqurlardan da təsirlənmişəm, müəyyən şəxslərin istedadına heyranlıq duymuş, hətta bəzi istedadları ön plana çıxmazdan əvvəl kəşf etmişəm. Düzünü desəm, hər gün nələrdənsə təsirlənirəm! Məsələn, Beyonseni nümunə götürək – onun musiqisində təcəssüm etdirdiyi möhkəmlik və güclü şəxsiyyət simvolu mənim üçün çox böyük ilham qaynağıdır. Areta Franklin, “The Queen of Soul”u da nümunə çəkə bilərəm, onun enerjisi mənə dərindən təsir göstərir. Bir sözlə, mən həmişə başqa müğənnilərdən ilham alıram.

Performans göstərdiyiniz yüksək səviyyəli tədbirlərdən birindən hər hansısa yaddaqalan bir təcrübəni bölüşə bilərsinizmi?
Mərhum Əlahəzrət Kraliçanın dostunun ad gününü qeyd etmək üçün təşkil etdiyi kiçik bir özəl tədbirdən bir anı xatırlayıram. Məni üç mahnı ifa etmək üçün dəvət etmişdilər. Xüsusi bir məqam diqqətimi cəlb etmişdi - mən mahnılardan birini ifa edərkən, uzun masanın düz ortasında oturmuş olan kraliçanın gözlərində yaş görünürdü. Həmin an, onun da eyni bizim hamımız kimi sadə bir insan olduğunu başa düşmüşdüm. Bu, mənim üçün həqiqətən yaddaqalan bir xatirə idi.

Londondakı “Stage 2 School of Performing Arts”ın yaradıcısı və direktoru kimi uşaqlara ilk dərslərdə nəyi öyrətməyi hədəfləyirsiniz?
Həyatda hər bir şeyin mümkün olduğunu başa salırıq. Xəyallarınızın arxasınca getməyinizə heç nə mane olmamalıdır. Keçmişinizdən və ya qarşılaşmış olduğunuz situasiyalardan asılı olmayaraq, unutmayın ki, siz öz hekayənizdə hansısa bir köməkçi obraz deyil, məhz baş rolsunuz. Öz qabiliyyətlərinizə və uğur qazanacağınıza inanmaq ən vacib məsələdir. Əgər uğurlu olacağınıza tam şəkildə inanırsınızsa, uğursuzluğa düçar olmağınız mümkün deyil. Hər zaman ağlımızda tutmalı olduğumuz prinsip məhz budur.

Bir sənətçi kimi tənqidlərə və haqqınızda səsləndirilən fikirlərə necə münasibət göstərirsiniz? Sənətinizi daha mükəmməl hala gətirmək və müğənni kimi daha da inkişaf etmək üçün bunlardan hansı şəkildə istifadə edirsiniz?
Gənc vaxtlarımda edilən tənqidlər, xüsusən də, həyat yoldaşım və ya yaxın dostum kimi mənə daha yaxın olan insanlar tərəfindən edilən tənqidlər mənə daha çox təsir edirdi. Bununla belə, tənqidin səsləndirilmə formasının çox vacib olduğunu sonralar anladım. Bəzən tənqidlər konstruktiv formada deyilir, bəzən isə sadəcə olaraq mənfi fikir səsləndirilir və insanda “bunu bildirməyin nə mənası var idi ki?” sualı doğurur. Böyüdükcə, mənim xeyrim üçün deyilən rəyləri digərlərindən fərqləndirməyi, onlardan öz sənətimi inkişaf etdirmək üçün istifadə etməyi öyrəndim.
Mən buğdanı samandan ayırmağı öyrənmişəm, yəni mənə deyilən fikirlərin içərisindən yaxşı nöqtələri götürüb qalanını bir qırağa atıram. Bununla belə, mən həmişə mənə qatqısı olacaq bir şey tapıram. Bəzən mənfi bir fikir belə məni yeni addımlar atmaq və nələrəsə nail olmaq üçün ruhlandıra bilir. Onların dediklərindən nəticə çıxarıram və öz sənətimi daha mükəmməl hala gətirmək üçün istifadə edirəm.

İlk albomunuz olan "Voices" tənqidçilər tərəfindən bəyənilən, akapella “gospel” janrında yazılan albomdur. “Gospel” musiqisini bir ümid işığı, bütün dərdlərin dərmanı adlandırırlar. Sizcə niyə belədir?
Mənim “Gospel” musiqisinə böyük sevgim var. Mənə görə, bu janr ürəkdən gəlmədiyi müddətcə ifa edilməsi mümkün olmayan saf bir sevgi formasıdır. Mənim üçün Tanrı, sevgi anlayışı ilə sinonimdir. “Gospel” musiqisini ifa etmək insana şəfa verir. Bu janr qırıq qəlbləri bərpa etmək, insanları təsəvvür edə bilməyəcəyiniz şəkildə sağaltmaq kimi inanılmaz güclərə malikdir. Onu bu qədər xüsusi və fərqli edən də məhz budur. Bu musiqi çoxları üçün ümid mənbəyidir. Fikrimcə, “Gospel” musiqisinin bu qədər böyük əhəmiyyət kəsb etməsinin səbəblərindən biri də budur.

Bir ifaçı kimi gələcək hədəfləriniz və arzularınız nələrdən ibarətdir? Yaxın zamanlarda dinləyicilərinizin səbirsizliklə gözləyə biləcəyi layihələr və ya planlaşdırılan əməkdaşlıqlar var?
Həyata keçirmək istədiyim saysız-hesabsız şeylər var! Çoxlu planlarım var və onların heç də hamısı musiqi ilə bağlı deyil. Kitab yazmaq və hətta televiziya şousunda aparıcı olmaq kimi arzularımı da reallaşdırmaq istəyirəm. Qısacası, kəşf etmək istədiyim bir çox yaradıcı macəralar var! Bu mövzuda həyəcanlıyam, çünki yaradıcılıq sizə sonsuz imkanlar qapısı açır. Bir sıra müxtəlif şeylərə cəhd edirsiniz və beləliklə heç bir şey sizə əlçatmaz görünmür. Mən "axın" adlandırdığım anın içərisində yaşayıram.

Xeyli müddətdir ki, “Bulgari” ilə əməkdaşlıq edirsiniz. Brendlə münasibətiniz və birlikdə keçdiyiniz yollar haqqında daha ətraflı danışa bilərsiniz?
Ciddi mənada deyirəm, mən “Bulgari”yə heyranam. Mən bu brendin cəsarətli və kəskin mesajlarında özümü tapıram. Onlar geriyə dönməməyi, sonsuz imkanları sınamağı simvolizə edir. Bu cür yanaşma, xüsusən də bir qadın olaraq, mənim çox sevdiyim bir yanaşmadır. 2006-cı ildə onlar məni ifaçı kimi kəşf etdikdən bəri bu brendlə əməkdaşlığımız davam edir və hər zaman dünya miqyaslı tədbirlərə məni dəvət edirlər. “Bulgari” ilə sözün əsl mənasında bütün dünyanı dolaşmışam!

Onlar mənə inanılmaz dərəcədə yaxşı münasibət bəsləyirlər, bu da mənə çox xoş təsir bağışlayır. Bu ildən etibarən bizim münasibətimiz adi bir tərəfdaşlıqdan daha artığıdır, mən artıq brendin rəsmi təmsilçisiyəm. Çox doğru bir qərar verdiyimi düşünürəm, çünki mən “Bulgari”nin təmsil etdiyi anlayışlara həqiqətən inanıram. Brendlə bərabər böyümüşəm və ona olan sevgim illər keçdikcə daha da artıb.