NARGIS
Ru En
NARGIS MAGAZINE
Mədəniyyət

Ağrımız: Qarabağ

Artıq 25 ildən çoxdur ki, torpaqlarımızın 20%-i düşmən işğalı altındadır, orduların təmas xəttində isə həm gənc əsgərlər, həm də təcrübəli generallar həlak olmaqda davam edir. Əgər Bakını Azərbaycanın ürəyi adlandırırlarsa, o zaman Qarabağ onun ruhudur. Bu bəxtiyar diyar bəşəriyyətə ilk növbədə müsəlman Şərqində, sonra da dünyada şöhrət qazanan onlarla alim, filosof və şair bəxş edib. Bu, əsərləri Qahirə kitabxanasında saxlanılan XVI əsr filosof və yazıçısı Məhəmməd Qarabağidir. Bu, Qarabağ xanlığının baş vəziri, XVIII əsr şairi Molla Pənah Vaqifdir. Bu, Fətəli şah Qacarın baş arvadı olan və öz misilsiz bayatılarında doğma Qarabağı vəsf edən Qarabağ xanının qızı Ağabəyim ağadır.

Bu, onun qardaşı qızı, Qafqazdakı sərgüzəştləri barədə “Qafqaza səyahət” kitabında nəql edən, heyranlığından çaşbaş qalan Aleksandr Dümanı şah və mat qoyan Xurşudbanu Natavandır... XIX əsrdə Şuşa Qafqaz mədəniyyətinin mərkəzinə çevrildi. Qarabağ həmçinin YUNESKO tərəfindən qeyri-maddi irs siyahısına salınan unikal mahnı incəsənəti janrı – muğamın vətəni kimi də şöhrət tapıb.

Bu torpaq dünyaya Azərbaycan klassik musiqisinin dahilərini – Üzeyir Hacıbəyov, Müslim Maqomayev, Bülbül, Qədir Rüstəmov, Xan Şuşinski, Arif Babayev, Niyazini bəxş edib...


Qarabağın Azərbaycana mənsubluğu haqqında necə mübahisə aparmaq olar ki, mədəniyyət kimi arqument bizim tərəfimizdədir? Heç kimin boşboğazlığı, heç bir tarixi yenidən yazmaq cəhdləri həqiqəti gizlədə bilməz. Düşmən tapdağında olan bu torpaqda qədim Azərbaycan mədəniyyətinin mövcudluğunun dinməz, lakin danılmaz sübutlarının sayı-hesabı yoxdur... Burada qeyd olunan Qarabağla birlikdə itirdiklərimizin siyahısı olduqca subyektivdir və əlbəttə ki, tam deyil. Özümə bəraət qazandıraraq deyim ki, bu siyahını tərtib etmək ağrılı idi. Amma yenə də bu ağrı ümidlə birlikdə addımlayır.
Biz hələ səninlə görüşəcəyik, Qarabağ!

Xankəndi
Bakıdan 329 km aralı

Hələ qədim zamanlardan sanki qızıla tutulmuş Qarabağ cinsindən olan gözəl atların ayaq səsləri bu şəhərin yaşıl düzənlikləri boyu yayılırdı. Qarabağ xanlığının paytaxtı Şuşadan 10 kilometr aralı əsrarəngiz dağ yamaclarında yerləşən şəhər XVIII əsrin sonlarından yerli zadəganların, o cümlədən, xan ailəsinin qış rezidensiyası kimi fəaliyyət göstərib. Pənahəli xanın oğlu Mehdiqulu xan həyat yoldaşı Pərican Bəyimə hədiyyə olaraq burada iri yaşayış məskəni inşa etdirib, camaat isə bu yerə Xan kəndi adını verib. Lakin bu yer hələ erkən Orta əsr tarixi əlyazmalarında xatırlanır. Hələ yaxın keçmişə qədər Xankəndində XV əsrə aid yazıları olan qəbirləri, 800 il əvvəl əsası qoyulan müsəlman məzarlığı, “Məhəmməd ağa otağı”, “Darılı piri” və “Qəm ağacı” ziyarətgahlarını tapmaq olardı...
1923-cü ildə, Azərbaycan SSR tərkibində Dağlıq Qarabağ Muxtar vilayətinin yaradılmasından sonra, şəhərin adı Azərbaycan xalqının cəlladı Stepan Şaumyanın şərəfinə dəyişdirildi və yalnız 1991-ci ildə ona əzəli adı qaytarıldı. XX əsrdə Xankəndi böyük dirçəliş yaşadı, istirahət zonasından iri sənaye və mədəniyyət mərkəzinə çevrildi. Burada bütün Cənubi Qafqazda məşhur olan ipək kombinatı, asfalt-beton zavodu fəaliyyət göstərirdi, şəhər sakinləri şərabçılıqla məşğul olur, mebel yığır, ayaqqabı tikirdilər... Sovet dönəmində vilayətin sənaye məhsullarının yarısı məhz Xankəndində istehsal edilirdi


Xocalı
Bakıdan 375 km aralı

Xankəndinin şimal-qərbinə tərəf cəmi 10 kilometrində az qala yarısı (40%) meşələrlə örtülü olan dağlıq yaşayış məntəqəsi Xocalı yerləşir. Burada həyat həmişə qaynayıb, yerli camaat ildə 3 dəfə məhsul toplayıb: həm üzüm, həm kartof. Səkkiz əsr əvvəl Xocalıda salınan müsəlman qəbiristanlığında qəribə qədim yazılı məzarlar tapmaq olardı; təəssüf ki, hazırda onlar erməni vandallarının günahı üzündən birdəfəlik itirilib. Dağların əhatəsində, şəhərin yaxınlığındakı sonsuz Alp vadisində alimlər 100-dən artıq qədim kurqan aşkarlamışdılar. Bu məzarlıqlar yalnız tarixlərinə görə deyil – son tunc dövründən erkən dəmir dövrünə qədər, həm də ölçülərinə görə fərqlənirdilər – kiçikdən böyüyə qədər. Xocalıçay çayından qərbdə isə yüksəkliyi 16 metrə çatan ikibaşlı Haça-təpə kurqanı məğrur tənhalıqla ucalırdı. Qazıntılar zamanı yalnız məişət və bəzək əşyaları, iş alətləri tapılmamışdı: sən demə kurqanların birində kəlləsi bürünc alın sarğısı ilə bəzədilmiş... öküz dəfn edilibmiş. Bu kurqanları daha dərindən öyrənmək imkanlarına malik olsaydıq, neçə suallara cavab tapmaq olardı!

*25-26 fevral 1992-ci ildə Xocalı şəhərinin dinc əhalisi erməni hərbi birləşmələri tərəfindən kütləvi surətdə qətlə yetirildi. Ümumilikdə, (yolda donanlarla birlikdə) 613 nəfər həlak oldu, o cümlədən, 63 uşaq, 106 qadın, 70 qoca. Bu, Qarabağ müharibəsi zamanı törədilmiş ən irihəcmli və qəddar qırğındır.

Şuşa
Bakıdan 373 km aralı



Qulaqlarda muğam səslənir, gözlər önündə isə üzərində kiril əlifbası ilə Şuşa yazılan qala qapıları canlanır... Bu şəhər yalnız Qarabağ azərbaycanlıları deyil, bütün Azərbaycan xalqı üçün xüsusi əhəmiyyət kəsb edir. XVIII əsrin ortalarında Pənahəli xan tərəfindən təməli qoyulan şəhər əvvəlcə Pənahabad adlandırılıb; Şuşa, yəni “şüşə” adını isə, dağ havasının qeyri-adi təmizliyi və şaffaflığına görə alıb. Şuşa – Pənahəli xanın sarayı, Cümə məscidi, Gövhər ağa məscidi, Xurşidbanu Natavanın və Üzeyir Hacıbəyovun evi, Molla Pənah Vaqifin məqbərəsi, sikkəxana, Cıdır düzüdür... Budur, şərq nağıllarından mənzərə kimi göz önündən Qarabağ xanlarının sarayının labirint kimi otaqları keçir. Burada vacib dövlət müşavirələri keçirirdilər, fasilələrdə isə xan ailəsinin qayğısız həyatı ötürdü. Biz artıq nə dekorativ hörgü ilə tikilən ipək parçaların hamarlığını, nə sarayda qalan təkrarsız nikbin ornamentli Qarabağ xalçalarının zərifliyini toxunaraq hiss edə bilmirik... Amma yenə də fəth olunması hamımız üçün ağılasığmaz olan sarsılmaz və gözəl Şuşa həmişə Azərbaycan mədəniyyətinin istehkamı olub və qalacaq. Heç kim də onun tarixini poza, yenidən yaza bilməz, hətta bu gün bu qala qonaqları özünə yad yazı ilə qarşılasa belə.

Laçın
Bakıdan 414 km aralı



Qüdrətli qırmızı palıdlar, nadir, adı Qırmızı Kitaba daxil edilən dəmirağac, buz kimi şəfaverici bulaqlar – onlar hamısı Laçının çiçəklənməsinin və süqutunun şahidləridir... Əziz oxucu, bu əhvalat klassik Qarabağ triosunun deyil, sazın minor notlarının müşayiəti ilə təqdim olunacaq.
XVII əsr. Sarı Aşıq Abdulla Qarabağa, daha doğrusu, Laçına yollanır. Süjet sarsıdıcı dərəcədə tanışdır: o, təsadüfən Maqsudlu kəndindən olan Yaxşı adlı qızla rastlaşır və bu, əlbəttə ki, ilk baxışdan səmavi bir məhəbbətdir. Lakin gənc aşiqlərə birləşmək nəsib olmayacaq: dağ qızını heç zaman yada ərə verməzdilər. Yaxşı Qarabağın səhləb çiçəyi kimi solur, günü-gündən gücdən düşür və sevgilisinin ağuşuna yetişmədən həlak olur, Sarı Aşıq isə qalan acılı günlərini onun məzarı yanında keçirir. Bəndi bəndə calayaraq, sözləri hörərək, o, sazı əlindən buraxmayaraq sevglisinin şəninə mahnılar bəstələyir. Sonunun yaxınlaşmasını hiss etdikdə, Sarı Aşıq onu cananının yanında üzü Müqəddəs Kəbəyə deyil, ona sarı dəfn edilməyi vəsiyyət edir. Beləcə, əfsanəvi Məcnunla bərabərləşən şairə el arasında “Aşıq oylağı” adlandırılan sərdabə ucaldılır.


Xocavənd
Bakıdan 334 km aralı



Sözün əsl mənasında məbədlər səpələnmiş kiçik Xocavənddə hökm sürən sehrli atmosferi təsəvvür edin: xristian Ağ kilsəsi, Aruşul qalası, Seyid Rza günbəzi... Meşələrdə gizlədilən məbədlərdən hərdən zəng və azan səsləri gəlir və azad küləklərlə ətrafa yayılır. Tariximizin Alban dövrünə aid məbədlərin divarlarını nəfis oyma bəzəyirdi. Memarlıq üslubuna görə xalqımızın bu müqəddəs evlərini Qriqorian kilsələrindən çox asanlıqla fərqləndirmək olar, hərçənd özgə tarixinin bütün müvəffəqiyyətlərini özününküləşdirmək istəyən qonşu ölkənin nümayəndələri bunu böyük cəhdlə inkar edirlər. Beləliklə, qarşınızda dağa – XVII əsrə aid son dərəcə gözəl məbədə aparan mürəkkəb bir yol var. Onun adı Ziyarət, yəni ibadət yeridir. Və budur, siz artıq zirvədəsiniz. Qarşınızda heyranedici mənzərə açılır: qarlı zirvələr, çiçəklənən otlaqlar – sanki səmaya əl ilə toxunmaq mümkündür! Siz Kainatın nəfəsini və Tanrının mövcudluğunu hiss edirsiniz. Onu necə adlandıracağınız isə o qədər də əhəmiyyətli deyil...


Kəlbəcər
Bakıdan 445 km aralı



Azərbaycan tarixinin daha bir sirri açılmayan səhifəsi – Kəlbəcər, tarixdən əvvəlki mağaralar, qalalar, məbədlər, sanki əl ilə yaradılan qayaları ilə qədim torpağımız. Özündə çox sayda təəccüblü əfsanə və saysız-hesabsız sərvət gizləyən qədim diyar. Əgər Xocavəndi faciəli paralellə ikinci Xocalı adlandırırlarsa, Kəlbəcərə heç də təsadüfən ikinci Qobustan demirlər.
Burada tapılan 28 daş fraqmentinin birində ovalın daxilində insan fiqurları əks olunub. Daşda oyulan insanların nəzərləri yuxarı yönəldiyi üçün alimlər ehtimal edirlər ki, burada insanın kainat haqqında ilk təsəvvürlərindən biri təsvir edilib.
Bəlkə də, VI-VII əsrlərdə bu torpaqlarda bütün digər abidələrdən fərqlənən möhtəşəm Xudavəng kompleksinin inşası üçün nəhəng daş qayaların necə gətirilməsinə dair sualın cavabını kosmosun dərinliklərində aramaq lazımdır? Kompleks bir neçə nəsil görüb, onun ucaldılması üçün həm çay daşından, həm də ağacdan istifadə olunub. XIII əsrdə əl ilə yağlı boyalı şəkillərlə və kalliqrafik yazılarla bəzədilən bu divarların arasında hakim Həsən Cəlalın həyat yoldaşı – Mina xatun dəfn olunmuşdu...

Ağdərə
Bakıdan 358 km aralı



Ağdərə “nə üçün məhz Qarabağ?” sualına daha bir parlaq cavabdır. Mis, əhəngdaşı, sink, dəmir, obsidian, mərmər, ən əsası isə - gümüş və qızıl. Burada 155 müxtəlif növlü faydalı qazıntı yatağı kəşf edilib, onlardan beşi qızıl yatağıdır. Ağdərə Azərbaycan qızılını Qızılbulaqda və Canyataq-Gülyataqda, qurğuşun və sinki Mehmanda, misi Dəmirlidə gizlədirdi... Qızılbulaq ehtiyatları sənədlə təsdiqini tapmış 3 yataqdan biridir. Nəfis şəbəkə texnikası, zərif badamlı, piyalə-zəng sırğaları, ağır ay-ulduzlu döş nişanı – vaxt var idi, hər gəlin əsl Azərbaycan qızılından hazırlanan ənənəvi bəzək əşyalarını arzulayırdı! Və bu bol torpağın altında hələ nə qədər sərvət gizlənir ki, işğalçı tərəfindən həyasızcasına qəsb edilir! Təsadüfi deyil ki, 2012-ci ildə xarici şirkətlərdən biri Ağdərənin işğal olunmuş torpaqlarına 80 milyon dollar investisiya yatıraraq dağ-mədən kombinatı açdı. Həqiqətən, Qarabağın yeraltı sərvətləri nəinki bizdən qəsb edilən torpaqların, həm də işğalçı ölkənin bütün iqtisadiyyatını ayaqda saxlamağa qadirdir.

Ağdam
Bakıdan 362 km aralı


Kabus şəhər... İndi onun küçələrində yalnız günahsız yerə qətlə yetirilənlərin ruhları dolaşır: burada, Ağdamda 1988-93 illərdə daha çox sayda şəhid həlak olub. Bir zamanlar burada pambıq becərər, ipək xalçalar toxuyar və məşhur konyak hazırlayardılar. Məhz Ağdamda hətta Sovet hakimiyyəti illərində Cümə məscidindən azan səsi ucalırdı. İndi o artıq müsəlmanları cümə namazına səsləmir: erməni vandalları məscidi mal küzü kimi istifadə edirlər. Özünün yeni məskənini tikmək üçün düşmən bu gün də tərk edilmiş şəhəri dağıdır. Məscid və karvansaralar, mağaralar və ziyarətgahlar məhv edilir, Qarabağın atası – Pənahəli xanın sərdabəsi də dağıdılıb... Ağdamda unikal Çörək muzeyi var idi. Burada çox sayda qiymətli kitablar və əlyazmalar saxlanılırdı, qədim buğda emalı alətlərini taxıldöyən taxtalardan əl dəyirmanlarına qədər, həmçinin möcüzə nəticəsində mühafizə edilən ən müxtəlif, ən başlıcası isə, nadir buğda nümunələrini görmək olardı. Bu gün bu muzey də xarabalığa çevrilib...

Cəbrayıl
Bakıdan 338 km aralı

Əsrdən əsrə qəsbkarlar Azərbaycanı parçalayırdılar, regionumuz hər mənada çox cəlbedici idi. Tale çox vaxt ona qarşı mərhəmətsiz olurdu... 1813-cü ildən bəri biz qüssə və həyəcanla Cənubi Azərbaycana baxırıq, cənubi azərbaycanlılar isə müstəqilliyi hər bir azərbaycanlı üçün fərəh olan tarixi vətənlərinə gəlməyi arzulayırlar. Məhz Cəbrayıl və Araz üzərindən salınan Xudafərin körpüləri VII əsrdən başlayaraq ayrılıq salan çayın fərqli sahillərində yaşayan qan qardaşlarını birləşdirirdilər. Sanki Tanrının Özü birlik körpülərinin məhz burada salınmasını qərarlaşdırmışdı: məcranın eninə olan qayalar təbii özüllər oldular, yüksək sahillər isə körpüləri sellərdən qoruyurdular.
Xudafərin körpüləri yalnız Azərbaycanın şimal və cənubunu birləşdirmirdilər. Tacirlər oradan Çin və Hindistandan nadir mallar gətirir, cənub sahilindən şimala keçdikdən sonra isə Avropa istiqamətində hərəkət edirdilər. Cəbrayıl hər zaman karvan yollarının üzərində meydana gələn digər yaşayış məntəqələri kimi, ticarət şəhəri idi və çiçəklənirdi. Bir zamanlar şəhərdə hər bir yorğun səyyah həmişə sığınacaq və yemək tapsın deyə çox sayda karvansaralar var idi...


Füzuli
Bakıdan 334 km aralı



1959-cu ilin aprelində böyük Azərbaycan şairi Məhəmməd Füzulinin anadan olmasının 400 illiyi münasibəti ilə bu şəhərin adı onun şərəfinə dəyişdirildi, rayon isə Füzuli rayonu oldu. Lakin bu torpaqlarda hələ tarixdən öncə ibtidai insan məskunlaşmış və onun üçün sığınacaq olmuşdur. 1968-ci ildə Quruçayın sol sahilində yerləşən Azıx mağara kompleksində azıxantrop adlandırılan neandertalın sələfinin alt çənəsi tapılmışdı; bu, neandertalların yer üzündə ilk insanlar olmadığını təsdiqləyən cəmi beşinci tapıntıdır. Təəssüf ki, alimlər mağaradan 7 çıxışdan yalnız 5-ni öyrənə bildilər. Burada 3 mindən artıq daş iş alətləri və 30 mindən çox daşlaşmış heyvan – qılıncdişli pələng və mağara ayısı sümükləri tapılmışdı. Dəqiq müəyyənləşdirilib ki, Azıxda tonqallar hələ 600-700 min əvvəl yandırılıb. Bu yerin qədim körpüləri bütün regionu birləşdirirdi. İnanclılar qədim məscidlərdə dua edir, ziyarətgahlardan, o cümlədən, Mirəli sərdabəsindən (XVII əsr) möcüzə diləyirdilər. Müxtəlif əsrlərdə 90 kitabxanada görkəmli alimlər və mütəfəkkirlər öz əsərlərini yaradıblar...



Qubadlı
Bakıdan 403 km aralı

Qubadlı rayonu sıx yaşıl meşələrlə örtülüdür, yerin altından isə şəfaverici bulaqlar çıxır. Ziyarətgahlar rayona sanki səpələnib: IV əsr mağara məbədləri, V əsrə aid qalalar, IV əsr “Gavur dərəsi” ziyarətgahı, V əsr abidələri “Qalalı” və “Göyqala”, XIV əsr “Dəmirçilər türbəsi”, XIV-XVII əsr sərdabələri... Bura bir çox görkəmli şairlərin, yazıçıların, filosofların, dini, ictimai və dövlət xadimlərinin vətənidir. XVIII əsrdə məşhur din xadimi Mirzə Mehdi Xəzani Qubadlıda anadan olub və burada yaşayıb. 1854-cü ildə isə xalq qəhrəmanı Qaçaq Nəbi, yerli Robin Qud burada dünyaya göz açıb. XIX əsrdə Qubadlı rayonunun Dəmirçilər kəndində filantrop və mesenat Hacı Bədəl yaşayıb. Böyük təşkilatçılıq qabiliyyətinə malik olaraq, o, yorulmadan çalışır, bütün gücünü doğma torpağının inkişafına həsr edirdi. Hacı Bədəl 15 kəndi birləşdirdi və Axarçay üzərindən onun şərəfinə adlandırılan körpü saldı. Körpünün tikintisində ornamentlə bəzədilmiş daş, əhəng və... yumurta sarısı istifadə olunub! Qəribədir, lakin dağ çayının daşması bu kifayət qədər iri qurğuya heç bir təsir göstərmirdi və o, əlavə dayaqlarsız keçinirdi.



Zəngilan
Bakıdan 385 km aralı


Qədim Azərbaycan diyarı olan Zəngəzurun bu cənub hissəsinin 1500-dən çox yaşı var. Zəngilan qərbdə Ermənistanla, cənubda İranla həmsərhəddir. Dəniz səviyyəsindən 2000 metr yüksəklikdə yaşıl çəmənliklər nəzərə çarpır, burada ölçülərinə görə Avropada ikinci olan çinar meşə massivi yerləşir. Sakitliyi yalnız bulaqdan axan suyun şırıltısı pozur, yüksək dağ çəmənlərinin hər yerində bolluca dərman otları bitir... Zəngilan ən qədim insan məskənlərindən biri sayılır: Oxçuçayın hər iki tərəfində bol yaşıllıqlar arasında karst mağaraları gizlənib. Şərifan kəndində isə çox sayda arxeoloji qazıntılar aparılmışdı: bu yerlərdə insan çoxdan məskən salıb. Həmçinin XII-XIV əsrlərin qovuşmasında inşa edilən dayaz mehrablı və yeraltı hissəli türbənin qalıqları aşkar olunmuşdu. Hamar cilalanmış daş plitələrdən qurulan divarlar üçkünc naxışlarla bəzədilib. Zəngilanın mərkəzində Azərbaycan tarixinin ən parlaq dövrlərindən birində Səfəvilər dövləti zamanında ucaldılan “İmam Hüseyn” məscidi yerləşirdi.

Özgə səadətinin dağıntıları üzərində

Amma Qarabağla itirdiklərimizin ən başlıcası saraylar, məscidlər, sərdabələr deyil... İtkilərimizin ən böyüyü ev-eşiklərini, əzizlərini və doğma torpaqda yaşamaq imkanını itirən sadə insanların məhv edilmiş səadətləri hesab edilməlidir. O insanlar ki xain hücumu gözləmirdilər, soyuq qış gecəsində sakitcə evlərində yatmışdılar – bir anın içində qaçqına, bəzən isə amansız soyqırımın qurbanına çevrilən atalar, analar, uşaqlar, qocalar. Rəsmi salnamələr ildən-ilə yeni rəqəmlər ştamplayırlar: 27, 28, 29... Bizim üçün işğalın hər yeni ili – dünyanın müsibətimizə laqeydsizliyinin növbəti 365 gündür. Qarabağdakı müharibə bütün dünyada bu gün də lazımi qiymətini almayan qonşuların məkri, silahsız insanlara qarşı görülməmiş vəhşiliyi, etnik və mədəni soyqırımının bariz nümunəsidir.

P.S. Bu qısa hekayələrdə xatırlanan Azərbaycanın qədim tarixinin bütün abidələri hazırda ya xarabalıqlara çevrilib, ya da artıq birdəfəlik yer üzündən silinib.