NARGIS
Ru En
NARGIS MAGAZINE
Simalar

Vaxtı Göstərməkdən Daha Artığı

DÜNYAYA GƏLDİYİNİZ DÖVRÜ ÖZÜNÜZ SEÇƏ BİLMƏSƏNİZ BELƏ, SİZƏ VERİLƏN VAXTI NECƏ DƏYƏRLƏNDİRƏCƏYİNİZLƏ BAĞLI QƏRAR VERMƏK TAMAMİLƏ ÖZ ƏLİNİZDƏDİR. BƏZİLƏRİ ÖYRƏNMƏYİ, YARADICILIĞI, MÜXTƏLİF SAHƏLƏRDƏ ÖZÜNÜ İNKİŞAF ETDİRMƏYİ, HƏTTA DÜNYANIN ÖNDƏ GEDƏN SAAT VƏ LÜKS AKSESUAR İSTEHSALÇISI, EYNİ ZAMANDA QLOBAL DİSTRİBYUTOR KİMİ FƏALİYYƏT GÖSTƏRƏN BİR ŞİRKƏT ƏRSƏYƏ GƏTİRMƏYİ SEÇİR. VAHİD MUSTAFAYEV BU CÜR MACƏRANI SEÇƏRƏK AD QAZANARAQ, QAFQAZIN “DƏQİQ MEXANİZMLƏR” İSTEHSAL EDƏN SAAT FABRİKİ “VMF”Nİ YARADIB. ÖZ PERSPEKTİVİ İLƏ “VMF NATURAL FREQUENCIES”İN UĞURUNUN ARXA PLANINDAKI BAŞ ROL OLAN VAHİD MUSTAFAYEV İLƏ SÖHBƏTİMİZ ƏSNASINDA ZAMANIN ƏHƏMİYYƏTİ, RƏQABƏT, GƏLƏCƏK PLANLAR VƏ DAHA ARTIĞI HAQQINDA MÜZAKİRƏLƏR APARDIQ.

Hər hansı bir biznes quranlar həmişə onun başlanğıcının necə həyəcanlı olduğunu danışırlar. Hər şeyin necə başladığı ilə bağlı xatirələrinizi bölüşə bilərsinizmi?
Hamı üçün olduğu kimi, hər şey çox sadə bir şəkildə başladı. Sadə bir sözlə başlayan proses sonradan hərəkətə çevrildi. Cəbhədən qayıtdıqdan sonra etdiyim bir təqdimat zamanı “Longines” şirkətinin nümayəndəsi Hans Foks mənə saatqayırma biznesinə girməyi təklif etdi. Jurnalistika ilə saatqayırma sənəti arasındakı bağlantılardan danışaraq məni bu iş üçün həvəsləndirə bilmişdi. Nəticədə, 1997-ci ildə Bakıda ilk “Longines” butikini açdıq.

O vaxtlar saatlara həvəs göstərən insanlar o qədər də çox deyildi. Hətta atam saatların qiymətlərini görəndə bu biznesin gəlirliliyinə şübhə ilə yanaşırdı. Lakin bir müddət sonra “Swatch” qrupu bizə mağaza açmaq təklifi ilə müraciət etdi. Biz bu fürsəti ciddi bir şans kimi dəyərləndirmişdik. Daha sonra portfelimizdə olan təxmini 40 brendlə saat istehsalının mürəkkəb nüanslarını araşdıran illik təlim sessiyalarına başladıq. 2018-ci ildə qəfildən ağlıma Azərbaycana məxsus saatqayırma fabriki açmaq fikri gəldi. Beləliklə, biz “VMF” məhsullarının hazırlanması üçün ən müasir fabriki ərsəyə gətirdik.

Şirkətiniz hal-hazırda nə ilə məşğuldur?
Biznes özü də bir saata bənzəyir, hər gün onun üzərində sazlamalar etmək lazımdır. Hal-hazırda həyatımdakı ən başlıca arzularımdan birini həyata keçirməklə - Ağdamda saat zavodunun tikintisi məsələləri ilə məşğulam. İşğaldan azad edilmiş torpaqlarımızın inkişafı üçün əlindən gələni edən ilk şəxslərdən biri olmağımla hədsiz qürur duyuram.

Sizin potensial müştəriləriniz kimlərdir?
Müştərilər həm saatı sevən, həm də nifrət edən insanlar ola bilər. Saat həvəskarı olan insanlar həyatlarındakı bütün əlamətdar hadisələri: ilk görüşü, toy gününü və ya övladının dünyaya gəldiyi anı dəqiqliklə xatırlaya bilər.

Bundan əlavə, saatların o qədər də həvəskarı olmayan, buna baxmayaraq, günə başlamaq, iş ilə bağlı tapşırıqları çatdırmaq və ya hansısa digər məsələləri həll etmək üçün saatlara etibar edən insanlar da var. Bu tip insanlar sayca daha çoxdur və bizim sevimli müştərilərimizdir. Biz onları çox sevirik.

Saat öz sahibi haqqında nələr söyləyə bilər?
Əlavə olaraq da, şəxsən hansı saat modellərini taxmağa üstünlük verirsiniz?

Saat insani dəyərlərin, şəxsiyyətin, arzuların və istəklərinin bariz bir göstəricisi kimi dəyərləndirilir. Biz saatları təkcə vaxtdan xəbərdar olmaq üçün deyil, həm də lüksün simvolu kimi alırıq. Saatlar bu gün insanların sərvətini, maddi gücünü və şəxsi zövqünü ifadə edir.

Şəxsən mən Azərbaycan istehsalı olan “VMF” saatlarını taxmağa üstünlük verirəm və inanıram ki, bu brend dünya miqyasında mükəmməlliyin simvolu kimi yer tutur. Bizim saat fabrikimiz bir sıra aparıcı saat şirkətləri ilə əməkdaşlıqların da daxil olduğu 30 illik təcrübəyə malikdir. Biz inanılmaz dərəcədə münasib qiymətlərlə əla keyfiyyətli, yüksək səviyyəli saatlar istehsal edirik. Bu saatlar təkcə funksional deyil, həm də bütün mexaniki və texniki standartlara cavab verir, müasir dövrün bütün tələblərini özündə cəmləşdirir.

"SAATLAR BU GÜN İNSANLARIN SƏRVƏTİNİN,
MADDİ GÜCÜNÜN VƏ ŞƏXSİ ZÖVQÜNÜN GÖSTƏRİCİSİDİR."

Hansı şirkətləri özünüzə rəqib hesab edirsiniz?
Biz bazardakı payımızı artırmaq məqsədi ilə bizim qiymət aralığımızda fəaliyyət göstərən bütün saat firmaları ilə rəqabət aparırıq. Azərbaycanda çox da ciddi bir rəqabətlə üzləşmirik, Özbəkistanda isə öz yerimizi uğurla tutmuşuq. Bundan əlavə, Birləşmiş Ərəb Əmirlikləri və Rusiyada da fəaliyyətə başlamışıq. Bəzən özümüzü 80-ci illərin Koreyasına bənzədirik, onlar da o illərdəki texnoloji inkişafları ilə məşhurdurlar.

Hansı iş proseslərində birbaşa iştirak edirsiniz?
Bütün iş proseslərində iştirak edirəm. Saat istehsalı bizim ölkəmizdə ənənəvi sənət növü sayılmadığı üçün bu sahədə mütəxəssislər də azdır. Saatların satışı bizə təbii gəlir, lakin onları istehsal etmək çətindir. Bu iş təkcə göz zövqündən ibarət deyil, həm də texniki təcrübə və kimyəvi prosesləri başa düşməyi tələb edir. Bəzi aparıcı brendlər qızıl parçacıqlarını metalın içərisinə üç mikronda yerləşdirir, biz isə onlardan fərqli olaraq, dörd mikronda yerləşdiririk və bununla da qızılı örtüyün heç vaxt korlanmamasını təmin edirik. Biz daim öyrənməyə, nələrisə sınaqdan keçirməyə və inkişaf etməyə çalışırıq. Bununla da, Azərbaycan məhsullarını dünya miqyasında xüsusi olaraq yüksək keyfiyyətli, Azərbaycan xalqının mükəmməlliyinin göstəricisi kimi tanıtmağı hədəfləyirik.

İş prosesində hansı maneələrlə qarşılaşırsınız?
Əsas çətinliklərdən biri Azərbaycanda mövcud olan istehsalın sadəcə bir coğrafi məkanda məhdudlaşdırılmasının vacibliyi ilə bağlı təsəvvürdür. Dünyanın sürətlə inkişaf etdiyi 21-ci əsr perspektivində bu baxış bucağı tamamilə köhnəlmişdir. Hətta texnologiya nəhəngi olan “Apple” belə öz məhsullarının yalnız 25%-ni Amerikada istehsal edir, qalan 75%-i isə Koreyadan tutmuş Vyetnama qədər müxtəlif ölkələrdə istehsal olunur. Bu yanaşma əlavə xərcləri azaltmaq və mənfəəti artırmaq məqsədi daşıyır. Qlobalizasiyanı qəbul etmək və ona uyğunlaşmaq çox mühümdür, biz özümüzə təcrid olunmuş bir cəmiyyət kimi deyil, qlobal müstəvinin ayrılmaz hissələri kimi yanaşmalıyıq. Bazardakı brendlərlə rəqabətdə qazanacağımız uğurlar yalnız keyfiyyətimizə sadiq olmaqdan və düzgün qiymət strategiyasından asılıdır.

Azərbaycan bazarına hansı əməkdaşlıqları gətirmək istərdiniz?
Mən bir sıra əməkdaşlıqlarda iştirak etmək arzusunda olmuşam və komandamızın üzvlərinin də daim maraqlı ideyaları olub. Biz indi zərgərlik məmulatlarının istehsalına başlayırıq və bu sektorun aparıcı şirkətləri ilə birbaşa rəqabət aparmağa hazırlaşırıq. İlin sonuna kimi Azərbaycanlı modasevərləri “VMF Mina” brendi altında nəfis zinət əşyaları ilə tanış etmək niyyətindəyik. Özünəməxsus tərzimiz həmişə olduğu kimi bu dəfə də bizi digərlərindən fərqləndirəcək. Qeyd edim ki, biz dünyada müsəlmanlara xas zinət əşyaları hazırlayan ilk brend olacağıq. Həmçinin, millətimizin müasirliyini və intellektini önə planda tutmaqla bərabər, Azərbaycanın texnoloji gücünü dünyaya nümayiş etdirmişik. Azərbaycanın tarixi tərəflərinin qorunub saxlanması da çox vacibdir. Yaradıcılıqla məşğul olmağa can atan gənc fərdlərin ideyalarına yatırımlar etmək vacibdir.

Sizin üçün zaman nədir?
Bu, ideyalarımızı həyata keçirmək və problemləri həll etmək üçün bizə verilən şansdır. Adi bir insan kimi, saat əqrəbinin də özünəməxsus anı, sevdiyi saatı, sevimli bir rəqəmi var. Düşünürəm ki, həmin o sevimli saat yaxınlaşanda, o, heç kimin görmədiyi və hiss etmədiyi bir şəkildə andan həzz alaraq daha yavaş hərəkət edir. Yəqin ki, saat əqrəbləri kimi mən də nə vaxtsa sevdiyim rəqəmə çatacağam və orada dayanıb macəramın sonunu qeyd edəcəyəm. Onda hamı mənim sevimli rəqəmimin hansı olduğunu öyrənəcək.

Saat seçərkən nələrə diqqət etmək lazımdır?
Əgər saatlar haqqında kifayət qədər məlumatlısınızsa, buna əsaslanaraq seçim edə bilərsiniz. Lakin, saatlar haqda bir o qədər də anlayışı olmayanlar üçün qərar qəbul etməzdən əvvəl mağaza məsləhətçisinə etibar etmək və ya onlayn şəkildə məlumat almaq yaxşı bir seçim ola bilər. Nə olursa olsun, emosional bir bağlantı olmalıdır deyə düşünürəm. Saatınız sizinlə həyatınızın hər bir anını bölüşür və həmişə sizinlə yoldaş qalacaq bir əşyanızdır.

"İNANIRAM Kİ, HAL-HAZIRDA ÇOX VACİB BİR MƏSƏLƏ ÜÇÜN – AĞDAMDA SAAT ZAVODUNUN İNŞASINA BAŞLAMAQ ÜÇÜN ÇALIŞIRAM."