NARGIS
Ru En
NARGIS MAGAZINE
Bloqlar

HER STORY: ŞƏRQİN İLK QADIN OPERA BƏSTƏKARININ HEKAYƏSİ

Azərbaycan SSR-nin əməkdar incəsənət xadimi (1973), Azərbaycan xalq artisti (1998), "Şöhrət" ordeni ilə təltif edilmiş - Şəfiqə Axundova. Bu hekayədə diqqətəlayiq odur ki, Şəfiqə xanım Şərqdə ilk opera yazan qadın bəstəkardır.

Şəfiqə Axundova 21 yanvar 1924-cü ildə Şəki şəhərində, tanınmış mədəniyyət xadimi Qulam Axundovun ailəsində anadan olub. O, ailənin yeganə uşağı deyildi, qardaşları və bacıları ilə əhatə olunmuşdu. Anasının sözlərinə görə, bütün digər uşaqlar nə işlə məşğul olacaqlarını artıq bilirdilər və işləyirdilər, Şəfiqə isə hələ mahnı oxurdu və rəqs edirdi.

Gənc qəhrəman qız notsuz çalmağı özü öyrənmişdi. Böyük bacısı Zümrüd tanınmış ədəbiyyatçı Məmməd Araz Dadaşzadə ilə ailəli idi. Onların evlərinə müğənnilər, aralarında Səməd Vurğun, Rəsul Rza, Mirzə İbrahimovun da olduğu şairlər, yazıçılar öz həyat yoldaşları ilə birlikdə toplaşardılar. Bir qayda olaraq, onlar "Şəfiqənin bir şey ifa etməsini" xahiş edərdilər.

Bir dəfə yazıçı və dramaturq Mirzə İbrahimov korifeyə zəng vurur və ona gənc qız haqqında bəhs edir, sonra da onun yanına göndərir. Üzeyir Hacıbəyov dərhal onu öz sinfinə qəbul edir. Nəticədə, Üzeyir bəy onun sadəcə musiqi müəllimi olmur, həm də onu həyat yolunda istiqamətləndirən biri olur. Xüsusilə, ona, həmişə daha cəsur, inamlı olmasını təkrarlayır, çünki onu balaca uşaq belə aldada bilərdi, o isə bunu heç hiss etməzdi. 

Şəfiqə xanımın 1943-cü ildə bəstələdiyi ilk mahnısı kolxoz qızlarına həsr olunmuşdu. O, öz musiqili mətnini zəhmli müəlliminin mühakiməsinə çıxarır, Üzeyir Əbdülhüseynoviç isə öz növbəsində "Bu fraqmentdə bir az harmoniya pozulub" deyir. Şəxsən özü düzəlişlər edir, bundan sonra əsərə öz razılığını verir.

Üzeyir Hacıbəyov öz tələbəsinin vokal bacarığını yüksək qiymətləndirirdi və çox istəyirdi ki, o "Koroğlu" operasında Nigarın ariyasını, "Arşın mal alan" operettasında isə Gülçöhrənin partiyasını ifa etsin. Lakin bu ideyanı həyata keçirmək təəssüf ki, mümkün olmadı, çünki valideynləri Şəfiqənin səhnəyə çıxmasına icazə vermədilər. Lakin o, himni ifa etdi. Bir çox bəstəkarlar himn yazırdılar, amma əlbəttə ki, ustadın əsəri seçildi. Beləliklə, Şəfiqə xanım ölkəmizin tarixində ilk himn ifa edən biri oldu.

1972-ci ildə o, Süleyman Rəhimovun eyni adlı hekayəsi əsasında "Gəlin qayası" operasını yazır. Bu Şərqdə bir qadın tərəfindən yazılmış ilk opera idi. Şəfiqə xanım bunu ondan heç kimin gözləmədiyini bildirirdi, hətta bəziləri bir qədər istehza ilə soruşurdular: "Şəfiqə və opera"?

O, Bəstəkarlar İttifaqının binasına gəldi, Tofiq Quliyevin qapısını çaldı və bir qadın tərəfindən yazılmış ilk operanın mətnini təqdim etdi. Tofiq Quliyevin təəccübləndiyini söyləmək, heç nə deməkdir. Opera ən çətin formalardan biri sayılır, lakin Şəfiqə xanımı heç nə qorxutmurdu! Premyera günündə elə bir anşlaq yaranmışdı ki, yanğınsöndürənlər teatra gələrək insanlara zala daxil olmağa icazə vermirdilər, əks halda amfiteatr çökə bilərdi. 

O, özünü lirika bəstəkarı adlandırırdı, onu melodiya bəstələməyə ilhamlandıran hər bir şeyi sistemləşdirmək mümkün deyil. Bir dəfə o, iki qonşu qadının mübahisə etdiyinin şahidi olur. Əvvəllər belə səhnələri görməyən Şəfiqə xanım şoka girəcək. Bir neçə gündən sonra teatrda, elə tamaşa zamanı oturacaqda iki tamaşaçı yenə mübahisə edəcək. O, "Mehriban olaq" mahnısını yazacaq, amma bəstəkarın sözlərində deyildiyi kimi biz "heç də mehriban olmadıq".

İstənilən digər hekayələrdə olduğu kimi, tale hesab tələb etməyə başlayır. "Romanslardan mənə Səməd Vurğunun "Aygün" poemasının sətirlərinə yazılmış silsilə xüsusilə əzizdir. Şairin poemada mənim həyatımı əks etdirdiyindən şübhələnirəm, çünki qəhrəmanın taleyi mənimki ilə o qədər bənzəyir ki" - deyə Şəfiqə xanım bildirmişdi. O, ailə qurur, lakin həyat yoldaşı onu anlamır. Ya yaradıcılıq, ya da ailə. Əldə eyni anda iki fincan saxlamağın mümkün olmadığı açıq aydındır. Şəfiqə xanım bir oğlan övladı dünyaya gətirəcək, amma ərini tərk edəcək.

Flora Kərimovanın orkestr-adam adlandırdığı istedadlı pianoçu Taleh Hacıyev musiqini olduqca zəngin şəkildə ifa edirdi. Anlaşmadıqları məqamlar olsa da, onlar bir-birinə çox bağlı idilər. Anasının opera tamaşasının quruluşunda Taleh ən fəal şəkildə iştirak edirdi. İstedadlı olduğu qədər, o həm də xəstə idi. Onun söndüyünü görən Şəfiqə xanım ondan əvvəl yaşlanırdı. 2008-ci ildə Taleh vəfat edir, onun ölümü Şəfiqə xanımdan tam 2 il gizlədilir.

Həyatında xoşbəxtliyi dadmayan bu istedadlı gənc kim bilir nə qədər musiqi bəstələyib ifa edə bilərdi. Amma onun "Belə qəmli dayanma" mahnısı bu günədək təkrarlanaraq səslənir.

Şəfiqə xanım ikinci dəfə ana olmadığı üçün ömrü boyu özünü qınayırdı. O, Talehsiz 5 il yaşayacaq, bəzən onun ölümünü unudacaq belə. Oğluna bəstələdiyi lay-lay mahnısı ilə bir çox anaya xoşbəxtlik hədiyyə etsə də, özü ondan doya bilmədi.

"Mahnılarımın əksəriyyətinin xoşbəxt taleyi var idi - onları Şövkət Ələkbərova, Sara Qədimova, Səkinə İsmayılova, Zeynəb Xanlarova ifa edirdi” - Şəfiqə xanım deyirdi.  

Ustadın geniş yaradıcılıq diapazonuna malik təxminən 70 illik fəaliyyətinə mahnılar və romanslar, opera və operettalar, simfonik süitalar və pyeslər daxildir. Həyatın son illərində Şəfiqə Axundovanın səhhəti əhəmiyyətli dərəcədə pisləşdi. Ayaqları tutuldu, həmçinin nitq və qidalanma ilə bağlı problemləri yarandı. 2013-cü ilin 26 iyul tarixində Şəfiqə Axundova xəstəxanada vəfat etdi. O, 90 illik yubileyini pərəstişkarları ilə qeyd etməyi arzulayırdı, lakin buna ömrünün bir neçə ayı yetmədi. Şəfiqə xanım dünyasını oğlu ilə eyni ayda dəyişdi. Görkəmli bəstəkar II Fəxri Xiyabanda dəfn olunub.

Mətn: Arzu Cahid