Azərbaycanın musiqi dünyasının ən təvazökar, özünə qapalı və istedadlı qadınının hekayəsi.
10 yanvar 2018-ci il tarixində xalq tərəfindən sevilən bəstəkarlardan birinin - Elza İbrahimovanın 80 illiyi qeyd olunur. Azərbaycanda yaşı neçə olursa olsun, onun çoxsaylı əsərlərindən hansısa bir melodiyanı zümzümə etməyən insan yoxdur. Hələ bəstəkarın sağlığında artıq bu əsərləri xalq mahnıları adlandırırdılar, bu da bir növ istedadın meyarıdır.
…Elza xanımın anası Sona xanım İbrahimovanın atası Vahab XX əsrin əvvəllərində Dağıstanda II Nikolayın şəxsi mühafizəsində çalışırdı. Elza xanımın ata tərəfdən ulu babası İbrahim zəngin tacir idi, Dağıstandan Bakıya tez-tez səfər edirdi. Onun oğlu Atluxan (Elza xanımın babası) 1865-ci ildə Bakıda (Biləcəridə) anadan olub, Biləcəri parovoz deposunun çilingərlik emalatxanasına rəhbərlik edirdi və çilingərlik üzrə dərs verirdi. 1903-cü ildə Biləcəridə oğlu İmaməddin İbrahimov - Elza xanımın atası dünyaya gəlir. Elza xanımın anası Sona-xanım 1928-30-cu illərdə Leninqraddakı mamalıq məktəbini bitirir və təsadüfən Bakıda qohumlarının yanına gəlir. Bakıda gələcək həyat yoldaşı İmaməddin ilə tanış olur. Həmin dövrdə artıq o, Dəvəçi stansiyasının parovoz deposunun rəisi idi, sonralar isə Azərbaycanda dəmir yolu nəqliyyatında ən məsul sahələrə rəhbərlik edirdi.
1943-cü ildə noyabr ayında, Biləcəri parovoz deposunun rəisi dartıcı qüvvə polkovniki (müharibə vaxtı dəmir yol işçilərinin rütbəsi) İbrahimov İmaməddin Atluxan oğlu dövlətin mühüm tapşırığını yerinə yetirmək üçün maşinist briqadası ilə Dərbənd şəhərinə göndərilir. Dövlət başçısı İ.V.Stalinin olduğu liter qatarını (dayanacaqsız gedən qatar) Dərbənddə qarşılamaq və Bakıda müşayiət etmək lazım idi. Dərbənddə liter qatarını Azərbaycan Dəmir Yolunun lokomotivi ilə bir-birinə qoşmuşdular. Maşinistlərə nəzarəti məhz İbrahimov İmaməddin həyata keçirirdi. İ.V.Stalinin və Sovet İttifaqının baş komandanın general heyətinin olduğu liter qatarı 1943-cü il 28 noyabr -1 dekabr tarixləri arasında keçirilən məşhur Tehran Konfransında iştirak etməkdən ötrü Tehrana uçmaq üçün hadisəsiz Bakıya gəlir.
Artıq evli olan Sona xanım Azərbaycan Dövlət Tibb İnstitutuna qəbul olunur (1942-1948) və mama-ginekoloq ixsisasına yiyələnir. O, bütün həyatı boyu 1№li Bakı dəmir yolu xəstəxanasında çalışmışdır. İmaməddin İbrahimov 1941-45-ci illərdə Böyük Vətən müharibəsi iştirakçısı olub. 1941-43-cü illərdə İrana, Təbriz şəhərinə ezam edilir, orada o, dəmir yolu nəqliyyatının direktor-polkovniki, Təbrizdə yerləşən Sovet ordusunun HİŞ 17 (Hərbi İstismar Şöbəsinin) rəisi vəzifəsində işləyir. Ən yüksək dövlət mükafatlarına layiq görülür – Lenin ordeni və Qırmızı Əmək Bayrağı ordeni, Şərəf Nişanı ordeni və digər medallar ilə təltif edilir.
Atası dəmiryolçu olduğundan, ailə bir yerdən başqa yerə köçmək məcburiyyətində qalırdı. Tiflis, Təbriz, Tehran... Böyük qızı Leyla Tiflisdə, kiçik qızı Elza Hacıqabul şəhərində, yeganə qardaşı Çingiz isə Bakıda anadan olmuşdur.
Musiqi qabiliyyəti Elzada erkən yaşlarında aşkar olundu. Kim olacağını düşünmək çox çəkmədi. Ailədə musiqini çox sevirdilər və balaca qızın sənətə maraq göstərdiyini gördükdə onu cürbəcür yollarla təşviq etməyə başladılar. Uşaqlığından bəri balaca Elza xalq musiqisini dinləyirdi və muğamı xüsusilə sevirdi. Ailəsi onu 8 saylı musiqi məktəbinə yazdırdı. Evdə piano musiqi aləti olmadığından məşğul olmaq üçün qonşularının evinə gedirdi. Və nəhayət, atası piano alır - ХVIII əsrin köhnə, alman, düz simli pianosu. Sumqayıtda yaşayan almanlardan alınan piano. Bu piano E.İbrahimovanın musiqi bəstələməyə başladığı qiymətli əmanət kimi hələ də evində saxlanılır. 8№li musiqi məktəbi, A.Zeynallı adına musiqi məktəbi (ilk dəfə gənc qızın yaradıcı bacarığını görən və ona musiqi bəstələməyi məsləhət verən istedadlı müəllim Boris Yermolayevin bəstəkarlıq sinfi) və nəhayət Qara Qarayevin bəstəkarlıq sinfində təhsil aldığı Üzeyir Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyası. Bir musiqiçi üçün dahi bəstəkarın tələbəsi olmaqdan daha böyük xoşbəxtlik nə ola bilər? Hər dəfə tələbələrə əsərin bir hissəsini bəstələməyi tapşıranda, Elza tam hazır əsər gətirirdi. Kompozisiya kimi çətin elmi mənimsəmək hər kəsin edə biləcəyi iş deyil. Lakin Elza üçün bu çətin deyildi.
Onun triumfu ilk mahnıdan başlandı. 16 aprel 1969-cu ildə ilk dəfə efirdə xalq şairi Məmməd Rəhimin sözlərinə yazılmış «Yalan ha deyil» mahnısı səsləndi. Sonra xalq şairi Bəxtiyar Vahabzadənin sözlərinə «Gecə bulaq başında», Yusif Həsənbəyin sözlərinə «Sən bir nəğmə, mən bir nəğmə» və yüzlərlə mahnılar bəstələndi. Bu mahnıları Azərbaycanın ən yaxşı müğənniləri, korifeyləri ifa edirdi. Onlar Azərbaycan estradasının qızıl klassikləri oldu. Bir dəfə B.Vahabzadə Elza xanımdan soruşdu: "Siz rus dilli ola-ola məndən də yaxşı, mənim sözlərimi bu qədər dərindən necə hiss edə bildiniz?", Elza xanım təbəssümlə cavab verdi. O həmişə təmkinli, az danışan idi. Ona verilən sualları çox qısa, artıq emosiyalar olmadan cavablandırırdı.
Melodiyalar onda demək olar ki, dərhal yaranırdı və o, yalnız onları notlara köçürürdü. Hətta bunu masa arxasında oturaraq, pianosuz edə bilirdi, onun bu qədər dəqiq musiqi duyumu var idi. Bu qədər sakit, təmkinli, təvazökar, sadə bir insanda nə qədər emosiya, duyğu, şövq coşqusu var idi. «Bilməzdim», «Sən yadıma düşəndə», «O gözlər», «Gəl barışaq»... Uzun-uzadı sadalamaq olar. 1971-ci ildə yazılmış ilk Azərbaycan tanqosu «Bu bağçadan keçmisən», 1972-də yazılmış «Qurban verərdim» və digərləri də Elza İbrahimovanın qələminə aiddir. Tanqo burjua mədəniyyəti janrı olduğu üçün senzura uzun müddət ifa olunmasına icazə vermirdi.
E.İbrahimova sadəcə lirik mahnılarla tanınmır. Onun yaradıcılıq baqajında müxtəlif musiqi janrında çoxsaylı əsərlər mövcuddur. Bəstəkarın zirvəsi isə - operadır. O, iki operanın müəllifidir - H.Cavidin eyni adlı əsərinə bəstələnmiş "Afət" və R.Heydərin librettosu üzrə «Yanan laylalar». Üçüncü «Şeyx Şamil» operasına başlamışdı, lakin bəstəkarın onu bitirməyə ömrü yetmədi... Beləliklə, bu zərif, qeyri-adi istedadlı qadında təvazökarlıq və sadəliklə birlikdə böyük zəhmətsevərlik birləşmişdi.
…Yaradıcılığın zirvələrindən biri - Aslan Abdullayevin sözlərinə yazılmış «Ey Vətən» mahnısıdır. Rəşid Behbudovun ifasında bu mahnı odlar yurdunun vizit kartı olaraq bütün dünyanı gəzdi. Əfsanəvi müğənni bu mahnının sədaları altında dəfn edildi. Müəllifin vətənpərvər əsərlərindən biri olan bu mahnı 50 ildən artıqdır ki, Azərbaycana xidmət edir və əbədi olaraq xidmət edəcək. Bu mahnıda bəstəkarın Azərbaycana - ona qarşılıqlı sevgisi ilə cavab verən, çoxmillətli vətəninə olan sevgisi və sadiqliyi öz əksini tapıb.
Elza xanımın qardaşı Çingiz İbrahimova materialı ərsəyə gətirməkdə göstərdiyi kömək üçün minnətdarlığımızı bildiririk.
Mətn: Arzu Cahid