NARGIS
Ru En
NARGIS MAGAZINE
Simalar

DƏYİŞİKLİKLƏR İNTİZARINDA

Qadın uzun, əzablı yol qət etdi, onun yolunun üstündə gah inkvizisiya tonqalları çatılırdı, gah da evdarlıq qanunları hökm sürürdü, o, krujevalı donlarını dəmir zirehə dəyişirdi, beyinlərdə və barrikadalarda inqilablar yaradırdı, addım-addım dinlənilmək hüququna sahib çıxırdı, nəhayət bacardı – səs vermək hüququndan seçilmək hüququna qədər – və sübut etdi: qadın hər şeyə qadirdir! Günümüzdə, XXI əsrin ikinci onilliyinin sonunda, cəsarətlə dövlətin sükanını ələ alan qadın yalnız heyranlıq doğurur. Ötən il qonşumuz və uzun illərin müttəfiqi olan Gürcüstan Salome Zurabişvilini seçərək, idarəetməni ona etibar etdi. Xanım prezident "Nargis"ə siyasətdə qət etdiyi yoldan, planları və ümidləri barədə söz açdı.

Şəhərimizə xoş gəlmisiniz! Bakıya ilk səfərinizdir? Şəhərimiz sizdə hansı təəssüratlar oyatdı?

Bu Bakıya ilk səfərim deyil, 9 il əvvəl şəhərinizi ziyarət etmişəm. Əlbəttə ki, nəzərəçarpacaq dəyişikliklər var. Dünən küçələrlə keçirdik, yeni hündürmərtəbəli binaları, inşa edilən limanı, bulvarı gördüm. Mən hətta belə fikir səsləndirdim ki, bura mütləq yayda qayıtmaq lazımdır.

Əcdadlarınızın həyatına, onların siyasi fəaliyyətinə nəzər saldıqda demək olar ki, Sizin siyasətə gəlişiniz qabaqcadan həll olunmuşdu. Necə düşünürsünüz, bu belədir?

Ola bilsin... Düşünürəm ki, hər şey ulu babam, Niko Nikoladzedən – o zamankı Gürcüstanın siyasi və iqtisadi həyatında çox əhəmiyyətli fiqurdan başladı: o, Potidəki dəniz limanının yaradıcısı, dəmir yolu tikintisinin təşəbbüskarı idi, Berlin-Poti-Bakı-Pekin dəhlizinin hazırlanmasında iştirak edib, bu sahədə bakılı həmkarları ilə əməkdaşlıq edib... Əcdadlarım həmişə Gürcüstanı müstəqil dövlət kimi görmək istəyiblər. Mən məhz belə mühitdə böyümüşəm və həmişə bilirdim ki, müstəqil ölkəmin təşəkkül tapmasına bacardığım töhfəni verəcəm. Düzü, bunun diplomatik fəaliyyətim nəticəsində baş verəcəyini ehtimal edirdim; siyasi karyera haqqında düşünmürdüm, bu, öz-özünə alındı. Bu gün də vəzifəmi hər hansı partiyaya deyil, dövlətə xidmətdə görürəm.

Nəzərləriniz, xüsusən qadın haqlarına, necə formalaşırdı? Müxtəlif mədəniyyətə malik müxtəlif ölkələrdə yaşamağınız buna təsir göstərdimi?

İşimlə əlaqədar tez-tez köçməli olurdum. Həqiqətən də, ölkələr çox fərqli idi, o cümlədən mədəni ənənələrinə görə. Amma onların hər biri milli identiklik və suverenlik uğrunda öz mübarizə yolunu keçib və bu dəyərlər onların siyasi həyatı üçün əsaslı rol oynayıb. Bəli, sözsüz ki, bu mədəni birliklərdən hər biri mənim də həyatımda iz buraxıb. Bu gün bütün dünyada qadınların haqlarına sahib çıxmalarına şahid oluruq, onlar ictimai və siyasi həyatda daha fəal iştirak edirlər. Amma obyektivlik naminə yenə də qeyd etmək lazımdır ki, bəzən bu sırf rəmzi xarakter daşıyır. Odur ki, əvvəlcə qadınların fəallığını sosial və iqtisadi planda təmin etmək lazımdır, sonra isə onların siyası rolu haqqında da söz açmaq olar.

Tez-tez yerdəyişmə şəraitində övladlara milli dəyərləri aşılamaq mümkün olurdumu?

Öz uşaqlığımdan başlasaq, burada nənəmin zəhməti var – o həmişə bizimlə gürcü dilində danışardı və mən məktəbə gedəndə, hətta fransız dilini heç bilmirdim. Amma övladlarımla vəziyyət başqa idi: mən həmişə onlara yerli mədəniyyəti də öyrənmələrinə imkan verirdim. Hesab edirəm ki, əsas "özününkü" və "özgəninki"ni üz-üzə qoymaq yox, yeni dəyərləri öz mədəniyyətinə assimilyasiya etmək bacarığıdır. Və düşünürəm ki, öz identikliyini, ənənələri yad mədəni mühitdə də qorumaq mümkündür. Təəssüf ki, biz indi tez-tez bəzi birliklərin qapalılığa, təcridə üstünlük verdiyini görürük, onlar inteqrasiya etmirlər, bu isə öz növbəsində ətraf ictimaiyyət tərəfindən neqativ, hətta düşmənçilik reaksiyasına zəmin yaradır. Mənim nəzərimə görə isə öz dəyərlərini qorumaqla yaşadığın ölkəyə inteqrasiya – optimal yol budur.

Tarixi vətəninizə ilk səfərinizi necə xatırlayırsınız? Gürcüstanı özünüzə necə təsəvvür edirdiniz? Hansı hissləri keçirdiniz?

Çox böyük gözləntilərim var idi. Axı mən Gürcüstana qayıtmağı 35 il arzulamışam! Mən və əcdadlarım vətəndən uzaqda uzun illər yaşamışıq! Əlbəttə, biz nostalji hisslər keçirirdik, gözəl ölkəni təsəvvürümüzə gətirərək xəyallar qururduq... Və mən məyus olmadım, Gürcüstan məhz təsəvvür etdiyim kimi oldu. Düzdür, mən Tbilisidə cəmi 3 gün keçirdim, paytaxtdan kənara çıxmaq isə elə də asan deyildi. Amma yenə də gözəl insanlarla görüşdüm, bütün vücudumla xalqımı və ona mənsubluğumu hiss etdim.

Yaratdığınız "Gürcüstan yolu" partiyasının proqramına iki vacib bənd daxildir: real, effektiv demokratiya və tarixlə təsdiqlənmiş gürcü dəyərləri. İkinci bənd üzərində daha ətraflı dayanaq. Konkret olaraq hansı dəyərlər nəzərdə tutulmuşdu?

Hesab edirəm ki, hər iki bənd eyni dərəcədə vacibdir və birgə nəzərdən keçirilməlidir. Tolerantlıq və milli ənənələrin qorunması – Gürcüstana mürəkkəb tarixi şəraitdə, qəsblər və işğallar dövründə mövcudluğunu qorumağa imkan yaratmış dəyərlərdir. Gürcüstan dəfələrlə hücumlara məruz qalıb, amma buna baxmayaraq, sonralar da onu qəsb etməyə səy göstərən ölkələrlə sülh münasibətlərini davam etdirmişdi. Bu baxımdan da Gürcüstanı dünyada özünəməxsus istisna hesab etmək olar... Buna görə də demokratik, Avropa hüquq sistemini qurmaqla bərabər milli dəyərləri və ənənələri də qorumaq lazımdır ki, müasir dünyada özümüz olaraq qalaq.

Sizin qələbəniz nümayiş etdirdi ki, patriarxal ənənələrin gücünə rəğmən, Gürcüstan gender siyasətində nəzərəçarpacaq inkişafa nail olub. Karyeranız ərzində "qadın" və "kişi" peşələri stereotipiləri ilə qarşılaşmısınızmı?

Siyasi karyeram ərzində, – istər Fransada olsun, istərsə də Gürcüstanda, – gender stereotipləri və xürafatı ilə rastlaşmamışam. Əksinə, mənim bəşəriyyətin gözəl yarısına mənsubluğum həmişə müəyyən üstünlük təşkil edib. Eyni şeyi seçkilər haqqında da deyə bilərəm. Gürcüstanın yaşadıqlarını nəzərə alaraq, insanları anlamaq olar: onlar daha balanslaşdırılmış həyat istəyirlər və ümid edirlər ki, bunu qadın təmin edə biləcək. Hazırda bütün dünyada bu məsələdə inkişaf görürük: qadınlar parlament və hökümətlərdə vacib mövqelər tutur, Azərbaycanda da birinci vitse-prezident qadın oldu.

Tarix kifayət qədər qadın-hökmdarlar xatırlayır və bilir ki, onlar bəzən kişilərdən pis döyüşməyiblər. Amma yenə də inanmaq istərdik ki, qadın əli nizam yaradacaq, sülhü bərqərar edəcək. Axı qadın ümumiyyətlə ilk növbədə yaratmaqla assosiasiya yaradır. Belə yanaşma ilə razısınızmı? Yoxsa bu artıq ömrünü başa vuran stereotipdir?

Düşünürəm ki, elədir. Yaxın keçmişə qədər siyasətə gələn qadın kişi xarakterinə sahib olmalı idi: qüvvət və siyasi qətiyyətlik istənilən dövlət xadiminə tələb olunan əsas xüsusiyyətlər hesab edilirdi. Bu gün dünya anlayır ki, qadın, hətta siyasi xadim olaraq, özü kimi qala bilər. O, öz üslubunu qoruya, həmçinin siyasətə qadın nəzərini nümayiş etdirə bilər. Qadın və kişi yanaşmalarını üz-üzə qoymaq istəməzdim, ancaq qadınların cəmiyyətə və siyasi hadisələrə nəzəri bir qədər başqadır. Ola bilsin ki, onlar mədəniyyət, ekologiya, ailə məsələlərinə bir qədər çox diqqət yetirirlər.

Üslubu xatırladınız, gəlin bu mövzunu bir qədər genişləndirək. Gürcü stilistləri və paltar dizaynerləri dünya modasında çoxdan sözlərini deyiblər. Onların yardımından istifadə edirsinizmi? Yoxsa Fransa üslubuna sadiqliyinizi qoruyursunuz?

Yəqin ki, mənim halımda miks barəsində söz açmaq olar. Mən fransız üslubuna üstünlük verirəm, o mənə ruhən yaxındır, lakin gürcü dizaynerlərin paltarlarını geyinirəm, o cümlədən, Fransanın aparıcı moda evlərində çalışanların, məsələn, "Balenciaga". Elə indi də üzərimdə gürcü dizaynerin əşyalarıdır, inaqurasiyada da yerli istehsalçının paltarında idim.

Ümumxalq səsverməsi ilə seçilən sonuncu Gürcüstan prezidenti oldunuz. Sizcə səsvermə sisteminin dəyişməsi hakimiyyət seçiminə və ümumiyyətlə ölkədəki vəziyyətə necə təsir göstərəcək?

Dəyişikliklər səsvermə və idarəetmə sistemini tamamilə əhatə etdi. Bu gün Gürcüstan klassik, parlament sisteminə üstünlük verir ki, burada da prezidenti parlament seçir. Xalq bilavasitə hakimiyyətdə iştirak etmək, şəxsi maraqlarını ifadə etmək istəyir. Prezidentin səlahiyyət müddəti uzadılıb və indi 6 il təşkil edir. Bu sistem gürcü xalqının arzularını həyata keçirməyə hesablanıb.

Ümumxalq səsverməsi ilə seçilən sonuncu Gürcüstan prezidenti oldunuz. Sizcə səsvermə sisteminin dəyişməsi hakimiyyət seçiminə və ümumiyyətlə ölkədəki vəziyyətə necə təsir göstərəcək?

Dəyişikliklər səsvermə və idarəetmə sistemini tamamilə əhatə etdi. Bu gün Gürcüstan klassik, parlament sisteminə üstünlük verir ki, burada da prezidenti parlament seçir. Xalq bilavasitə hakimiyyətdə iştirak etmək, şəxsi maraqlarını ifadə etmək istəyir. Prezidentin səlahiyyətləri müddəti uzadılıb və indi 6 il təşkil edir. Bu sistem gürcü xalqının arzularını həyata keçirməyə hesablanıb.

Növbəti 6 ildə qarşınızda hansı əsas məqsədlər qoyursunuz?

Sözsüz ki, ilk növbədə Avropa xalqları ailəsinə inteqrasiya, beynəlxalq siyasətdə fəal iştirak. Ölkə daxilində də iş çoxdur. Siyasət çərçivəsini aşan, lakin ölkə rəhbərliyinin fəaliyyətinin məğzini təşkil edən bir sıra problemlər həllini gözləyir: təbii mühitin qorunması, sosial təminat, iqtisadiyyat, təhsil problemləri, daha balanslaşdırılmış regional inkişaf və sair.

Müsahibələrinizin birində demisiniz: "Mən adi, kofe içən və küçələrdə gəzişən prezident olmaq istəyirəm". Yeni statusda olarkən daha hansı vərdişlərdən imtina etməyi düşünmürsünüz?

Düşünürəm ki, prezident olarkən itirdiyin əsas şey – şəxsi azadlığındır. Lakin mən vərdişlərimi maksimal dərəcədə qorumaq istəyirəm: idmanla məşğul olmaq, səhərlər üzmək, dostlarla ünsiyyət qurmaq, evdə şam hazırlamaq...

Müsahibə: Nigar Məhərrəmova

Foto: Pərviz Qasımzadə