NARGIS
Ru En
NARGIS MAGAZINE
Simalar

DƏLİ OLMAQ ZAMANIDIR

Sərsəm şlyapaçının etirafı

Ulduz statusuna və ekranda çox zaman ekssentrik görkəminə rəğmən, Conni Depp həyatda kifayət qədər rasionaldır və “A” sinifli Hollivud şöhrətini sakit qarşılayır. “Əlbəttə, mən heç vaxt gözləmirdim ki, uğur sonsuzluğa qədər davam edəcək... Saat tıqqıldayır, zaman sona yaxınlaşır və budur, başqa bir oğlan meydan sulayır. Həyat belədir”, – aktyor etiraf edir. 2010-cu ildə Tim Börtonun “Alisa möcüzələr ölkəsində” kinofilmində çəkilən Conni Depp, Sərsəm Şlyapaçı roluna “Alisa güzgü arxasında” filmində qayıtdı – bu dəfə Ceyms Bobinin quruluşunda.

Screen Shot 2016-05-27 at 11.56.14

Beləliklə, Conni, birinci filmin aktyor heyəti ilə qovuşmaq necə hiss idi?

Bu çox gözəl idi! Tez-tez belə olur: filmin davamı çəkilir və sən yenə də xoşladığın personajı canlandırırsan! Əgər o hələ sənə ruhən yaxın idisə, lap ləzzət alırsan. Bütün bu çılğın personajlarla yenidən işləmək imkanı qazanırsansa, lap əla... Xüsusən də Mia (Vasikovska) – o, ürəyi daha şiddətlə döyünməyə vadar edir! Bir sözlə, mən əla vaxt keçirdim.

Sizinlə Mia arasında müəyyən bir cazibə var?

Bəli, bu nadir haldır. Bir zamanlar manyak kimi səssiz filmləri öyrənən insan kimi deyim: bu filmlərdə yer alan aktyorlar hisslərini sözlərlə ifadə edə bilməsələr də, bunu tamaşaçıya mimika və jestlər vasitəsi ilə çatdırmağı gözəl bacarırdılar, bu isə, inanın, asan deyil. Mia məhz belə istedadlardandır, o, ümumiyyətlə qeyri-adi qızdır.

Qısaca filmin məzmununu çatdıraq. Növbəti dəfə Möcüzələr ölkəsində ayılan Alisa sirli Yeni dünyadan keçməlidir ki, saatı dəyişdirənə və Möcüzələr ölkəsini viran qoyana, boş Qoca dünyaya çevirənə qədər qəzəbli Zaman Lordunun qarşısını ala biləcək sehrli hökmdar əsasını əldə etsin. Yeni dostların yardımı ilə Alisa həmçinin şər qüvvələrin qəsdini ifşa etməlidir ki, Qırmızıtoxmaq qadını yenidən taxta qaytarsın.

Nə zamansa personajlarınızda dolaşıb qalmısınız?

Əla sualdır! Bilirsiniz, elə aktyorlar var ki, sadəcə etməli olduqlarını edirlər. Elə aktyorlar da var ki, personajlarını o dərəcədə hiss edirlər ki, çəkilişdən əlavə özlərini onlar kimi aparmağa başlayırlar. Lakin canlandırdığım bəzi personajlarla çox ehtiyatlı olmaq lazımdır... Məsələn, daim Villi Vonka kimi danışsaydım, məni mütləq kimsə kötəkləyərdi, məni Qrenlandiya su iti kimi öldürərdilər! Şlyapaçı da eyni ilə...

Screen Shot 2016-05-27 at 11.58.00

Yeri gəlmişkən, bəzi xırda, amma mənim işim üçün çox vacib detallar var. Tutaq ki, VIII Henrixin rolunu ifa edən aktyor yemək masasına yaxınlaşır, orada isə onu nəhəng hinduşkanın budu deyil, “Doritos” gözləyir. Bu düzgün deyil, çünki mən baş verənlərə inanmalıyam!

Personajınızı yaxşıca öyrənib, tanıyandan, sizdə rol üçün möhkəm özəl yarandıqdan dərhal sonra müəyyən anda məmnunluqla dərk edirsiniz ki, onu hamıdan daha yaxşı tanıyırsınız, hətta bəzən müəllifdən də... Hə, siz nə soruşdunuz?.. Xeyr, mən heç zaman personajlarımda “dolaşıb qalmamışam”. Bir dəfə “Eda Vudi”nin çəkilişləri zamanı Cim Carmuşla nahar edirdik – onunla çoxdan dostluq edirik, “Ölü” üzərində birgə çalışmışıq...

Deməli, onunla işdən sonra nahar edirik, qarşı-qarşıya əyləşmişik və çox güman, mən bax, belə bir təbəssümlə menyuya baxırdım. Ofisiant qız yaxınlaşdıqda mən elə eyni təbəssümlə sifariş etdim: “Bu nəfis toyuqlu piroqu istəyirəm!” Ofisiant qız uzaqlaşdıqdan sonra Cim mənə dedi: “Ponço (o mənə Ponço deyir), lütf elə, qardaşım, bu dəhşətli təbəssümdən qurtul, o məni qorxudur. Belə danışmağa son qoymalısan, bu məni real olaraq qorxudur!”

Ed Vudla söhbət etmək əla olardı: o, çox optimistir!

Çox optimistir! Onda Reyqandan nə isə var. Kor nikbinlik kimi bir şeydir.

Çəkilişlərdə baş verən ən sevimli hadisəni danışın.

“Alisa”nın çəkiliş meydançasında? Deyərdim ki, “Güzgünün arxasında” filmində belə hadisələr çox olub, lap çox! Filmdə çox sayda səfər var idi: Şlyapaçının müxtəlif tərəflərini göstərmək lazım idi. Bu mənada da Ceyms bizə çox yardım etdi. O, Şlyapaçının yerdəyişmələri qeyd edilən xəritəni saxlayırdı: hazırda haradadır, harada idi, hara hazırlaşır. Bu an bütün digərlərini müəyyənləşdirirdi – nə və harada baş verəcək...

Ceyms Sizin və Saşa Baron Koenin birlikdə improvizə etdiyiniz səhnədən söz açıb...

Bu məzəli idi! Deyərdim, bu mənim üçün ümumiyyətlə istənilən filmin çəkilişi zamanı ən sevimli andır: hər şey dolaşıqdır və elə təsəvvür yaranır ki, hər şey batır – məhz o zaman aktyorun kağızda yazılandan daha maraqlı və səmimi ifa etmək imkanı yaranır... Sən birdən elə hoqqa çıxarırsan ki, heç kim bunu gözləmir, Saşa ilə olduğu kimi, - bundan, bir qayda olaraq, nə isə maraqlı şey alınır. Ceymsin dediyi kimi, sən bunu filmə aparırsan, çünki bu orijinal və təkrarolunmazdır... Aparırsan, çünki bütün bunlar məhz lazım və vacib olduğu zaman baş verib.

Screen Shot 2016-05-27 at 11.57.23

Hazırda hansı kitabı oxuyursuz?

İcazə verin fikirləşim... Mən heç yerə Ceyms Coysun “Finneqan üçün ehsan” kitabı olmadan getmirəm. Mənə bütün kitabı oxuduğunu və bunun onda heç bir təsir buraxmadığını deyən istənilən ağıllıya meydan oxumağa hazıram. Bu kitab cümlənin ortasından başlayır və elə həmin cümlənin əvvəlində bitir. Ceyms Coys məni valeh edən cəlbedici yazı üslubundan istifadə edir... Hazırda masam üzərində nə olduğunu soruşsanız, bu Bryus Robinsonun “Onlar hamısı Ceki sevir” kitabıdır.

Qarındeşən Cek?!

Bəli, onun haqqında. Brüsün üzərində 12 il işlədiyi kitab. Brüs obrazı tam açıb. Mənə elə gəlir ki, bu Birləşmiş Ştatlarda baş versəydi, insanları az maraqlandırardı. İngiltərə - başqa məsələdir... Siz bu kitabı mütləq oxumalısınız. Almalısınız və oxumalısınız. Sizə deyirəm ki, Qarındeşən Cek haqqında bütün kitabları oxumuşam...

Daha bir “qarındeşən” olub – rəssam Patrisiya Kornueldən...

Hə, mən düşünürəm ki, bu cəlbedici ideya idi.

Sevdiyiniz mahnı var?

Bəli, hər zaman üçün sevimli mahnımın adını çəkə bilərəm: Şarl Trenin “Dəniz” mahnısı. Bobbi Darin onun “Dəniz arxasında” adlı ingilisdilli kaver-versiyasını hazırlayıb və bu mahnı onu eşitdiyim andan mənim üçün xüsusi oldu. Bilmirəm nə üçün, amma hətta uşaqlıqda belə o məni həyəcanlandırıb.

Əgər bu mahnını Siz hələ o zaman bəyənmisinizsə, yəqin ki, çox romantik uşaq olmusunuz...

Zənnimcə mən sadəcə dənizə yetişmək barədə düşünürdüm!

Canlandırdığınız personajları yuxuda görürsünüz?

Bəli, özü də tez-tez. Onların çoxunu yuxuda tez-tez görürəm. Maraqlıdır ki, yuxuda bu personajları məhz canlandırdığım kimi görürəm.

Screen Shot 2016-05-27 at 11.58.14

Xose de Kriftin müəllifi olduğu heykəl Con Tennielin cizgiləri əsasında düzəldilib

Ola bilsin təhtəlşüurunuz onların necə olmasını Sizə təlqin edir?..

Bir neçə dəfə maraqlı vəziyyətlərə düşmüşəm – eynən bu və ya digər personajım kimi: siz instinktiv hərəkət etdiyiniz vəziyyətə düşürsünüz və sonra təhtəlşüurunuzun bu özünəməxsus hədiyyəsini özünüzlə, reallığa aparırsınız.

Bu Sizin həmin personajları canlandırdığınız zaman baş verir? Yoxsa onları yuxuda görəndə?

Xeyr, adətən personajın özünü canlandırdığım zaman.

Yəqin ki, Fransada olduğunuz, bir qədər fransızca danışdığınız və sonra da fransızca yuxu görməyiniz kimi hisslərdir?

Tamamilə doğrudur. Yeri gəlmişkən, belə də olub ki, mən 10 il fransızca danışmışam, yuxuda.

Bəs Sizin öz Möcüzələr ölkəniz var? Real və ya təxəyyülünüzdə yaratdığınız yer?

Yüz faizlik əminliklə deyə bilərəm ki, beynim – Möcüzələr ölkəsi deyil. Bu, daha çox bitməyən sirkdir. Bilmirəm, bu normaldırmı ya yox, amma dəqiq bilirəm ki: mənim üçün Möcüzələr ölkəsi Ceyms və ya Tim kimilərlə yaxud sevdiklərinlə birgə görülən işdir... Qeybə çəkilmək və ya təklikdə qalmaq mümkün olan Möcüzələr ölkəsinə gəldikdə isə, belə məkanım var, - Baham adaları. Bəli, bu yeganə yerdir ki, mənə tam tənhalıq və azadlıq təminatı verir...

Screen Shot 2016-05-27 at 11.57.00

Möcüzələr ölkəsində yaşamaq istərdiniz?

Yox. Məncə, bu çox məhdud məkandır və orada komfort yaşamaq üçün hər şey tapılmayacaq. Yox, başımdakı sirk mənə artıqlaması ilə kifayət edir!

Sərsəm Şlyapaçı rolunu oynayanda bu saçlar və bu böyük şlyapa altında boğulmurdunuz?

Siz inanmazsınız, amma məncə ancaq başımdan tərlə birlikdə çəkimdən 20 funt itirdim. Bu parik və şlyapanı daşıdığım zaman elə hiss edirdim ki, sanki başım iynə başının ölçüsündədi. Bəli, böyük narahatlıq var idi, xüsusən də birinci filmdə: ikincidə biz saçları dəyişdik. Birinci filmdə isə saçlarım öküz tükündən hazırlanmışdı. Düzdü, mən bunu arzulamamışdım, amma bu gözəl təcrübə idi. Hə, parikin çəkisi ağır idi, üstəgəl şlyapa və digərləri... Çox isti idi. Hamısı da ona görə ki, ən azı 300 dəfə birgə çalışdığım Kollin Etvud boğulub-boğulmadığımı düşünməyərək məni sıx bürüməyi xoşlayırdı!

İndi isə çox çətin sual: sendviç olsaydınız, hansından olmaq istərdiniz?

Asan! Kentukki ştatında anadan olmuşam və həyatımın 8 ya 9 ilini orada yaşamışam, sonra Floridanın cənubuna köçmüşəm. Ailəm müəyyən mənada kənd ailəsidir... Mən Bolonya kolbasalı sendviç olardım! Onun nədən hazırlandığını heç kim bilmir. Mən isə düşünürəm ki, daha heç yerdə istifadəsi mümkün olmayan bir şeydən...

Və sonda: nə üçün hamının gedib bu filmə baxmasının vacibliyinə əminsiniz?

Getməsəniz, evinizin qarşısındakı ağaca dırmanıb sizi qorxudacam! Xahiş edirəm, mütləq gedib bu filmi izləyin! – N

*Material 25-ci buraxılışda dərc edilib.