NARGIS
Ru En
NARGIS MAGAZINE
Simalar

QƏLBLƏRİ QIRAN. NAOMİ UOTS

“Yəqin yoruldunuz? − Naomi Uotts körfəz mənzərəli tanınmayan Venesiya villasının terrasında ona təklif olunan kresloda əyləşərək mehribancasına maraqlanır. − Mən isə çox yorulmuşam" − o, etiraf edir. Bu sentyabr ayı idi, Lidoda beynəlxalq film festivalı başa çatırdı və aktrisa nəhayət söhbətimizə vaxt ayıra bilmişdi. O, çox yumşaq danışır, mehribancasına gülümsəyir, vaxtaşırı üzünə tökülən saçlarını düzəldir və uzun stəkandan mineral su yudumlayır. Çox sadə geyinib: uzun yubka və pastel tonlarında sərbəst bluz. Açıq olması təəccübləndirir − çox şəxsi suallardan belə çəkinmir, adətən başqalarına belə suallar verildikdə gözləri agentlərini axtarır, əsəbi olaraq saata baxırlar ya da söhbəti bitirmək üçün tələsik bir şey uydururlar. Naomi isə gözlərini qaçırmır və intonasiyasını dəyişmədən suallara cavab verir.

Bu yay harada istirahət etmisiniz?

Heç istirahət etməmişəm. Biz "Pinqvin Blum" filmini çəkirdik, odur ki, yayı yollarda keçirmişəm. Film başına bədbəxt hadisə gələn Sem adlı bir qadından bəhs edir. Qadın kiçik yaralı bir quş tapıb ona qulluq edəndən sonra qəhrəmanımın həyat, ölüm və əzabla əlaqəli fikirləri çox dəyişir. Odur ki, film kiçik bir quşun bütün ailəni necə xilas etdiyindən bəhs edir. Mən baş qəhrəmanı oynayıram, eyni zamanda prodüser kimi də çıxış edirəm − bir müddətdir ki, bu işlə məşğul olmağa başlamışam. Deyim ki, rol olduqca çətin idi: ağrıdan, depressiyadan əziyyət çəkən, hətta intihar etmək istəyən bir qadını oynamaq asan iş deyildi! Faciə baş verdiyi andan Sem özündən soruşmağa başlayır: “Mən bundan sonra necə yaşayım? Özümü yenidən necə yaradım?" Düşünürəm ki, zaman-zaman, heç bir səbəb olmadan hər kəs belə düşünməlidir. Ümid edirəm, bu hekayə insanların qəlbinə toxunacaq. Kiminsə həyatını yaxşı tərəfə dəyişməsinə kömək etsə, çox xoşbəxt olaram.

Sizin və oynadığınız qəhrəmanlar arasında oxşar cəhətlər varmı?

Qəhrəmanlarım heç mənə bənzəmirlər. Mən bilərək elə qəhrəmanlar seçirəm, buna görə də onları oynamaq daha maraqlı olur, çünki özümü yoxlayıram: nəyə qadirəm, belə vəziyyətdə nə edərdim, nə düşünərdim? Çəkiliş prosesində özümü daha yaxşı tanımağa başlayıram. Məsələn, "Real Rokki" filmində Linda rolunu oynayarkən onun kimi qadınlardan nə qədər fərqli olduğumu başa düşdüm. Həyatda onunla tanış olmaq qismət oldu.

Nə ilə fərqlənirsiniz?

Linda çox parlaq bir qadındır, içəri girəndə bütün diqqət ona yönəlir. O, enerjili, söhbətcil və özünə güvənən biridir, yüksək səslə danışır, çox zarafat edir və zarafatları, necə deyim... siyasi cəhətdən yanlışdır − insanların üzünə belə şeylər desəydim utancımdan ölərdim! Həm də Linda çox qısa, dar paltarlar geyinir, bundan əlavə özümü heyvan şəkli olan geyimdə təsəvvür edə bilmərəm − gördüyünüz kimi, biz onunla tam əks xarakterlərik! Ən maraqlısı odur ki, − Linda özü bunu mənə demişdi − otuz ildir evlidir və yoldaşı onu bir dəfə də olsun makiyajsız görməyib! Yəni o, hər səhər makiyaj sürmək üçün həyat yoldaşından əvvəl qalxır. Linda kimi bir qadın istənilən kişini fəth etməyə qadirdir! Mən bunu ancaq xəyal edə bilərəm.

O, bunu necə bacarır?

Düşünürəm ki, bu qadınlar bizdən fərqlənmir. Sadəcə, onlar həmişə lazımi yerdə və kişi onları dinləməyə hazır olduqda peyda olurlar.

Bəs özünüzü hansı qadın tipinə aid edirsiniz?

Tam zidd. Təbiətcə, mən ürkək, qorxaq biriyəm, düzdür bəzən cəsarətimi toplayıb qətiyyət göstərə bilərəm. Yəqin ki, kişilərin çox çətin gördükləri qadın tipinə aidəm. Amma mən özüm də insanlarda mürəkkəblik və çoxyönlülüyü sevirəm.

Rollar üçün tez-tez dieta saxlamalı, çoxlu məşq etməli olursunuz. Deyirlər ki, boksçunun həyat yoldaşını oynamaq üçün, hətta boksla da məşğul olmusuz?

Doğrudur. Bu idman növü haqqında filmə çəkiləcəyimi biləndə məşqçidən mənə bir neçə dərs verməyini xahiş etdim. Boks heç mənə görə deyil, amma bu, idman proqramlarını izləməkdən zövq almadığım mənasını daşımır. Böyük qardaşım boksu və digər idman növlərini çox sevir, mən isə kişilərin ehtirasla izləməklərini və idmançıların qalibiyyətə can atdıqlarını izləməyi sevirəm, − bu emosiyalar keçicidir! Digər tərəfdən kişilərin idmana qarşı dəlicəsinə fanatizmi mənə çatmır. Yəqin ki, mənim daha sakit məşğuliyyətlər xoşuma gəlir, məsələn yoqa, dartınma, Ceyn Fonda tərzində aerobika... Gəncliyimdə mən çox rəqs edirdim, indi isə gəzintilərə və sürətli yürüşə üstünlük verirəm.

Rola hazırlaşanda hansı çətin məşqlərdən keçməli oldunuz?

Ən çətin «Qaydasız döyüş» filminin hazırlıqları oldu – bu rol üçün məni MKİ-nin agentlərinin proqramı üzrə hazırlaşdırıblar. Sadəcə bir neçə gün sürdü, amma şərq döyüşləri məşqləri, qaçış, o cümlədən təqibçilərdən qaçmaqdan başqa yandırmaq, nəyisə partlatmaq və yüksəklikdən atlamaq məcburiyyətində qaldığımı heç vaxt unutmaram! Ən çətini isə qəfildən qaranlıqda üstümə hücum etmələri idi!

Bir çox aktrisaları yaşa dolduqca aktiv və seksual cazibədar qadınları oynamağın çətinliyi narahat edir. Bu barədə nə düşünürsünüz?

Bəli, mən bu stereotiplər barədə bilirəm və ümumi qaydalara qarşı dura biləcəyimə ümid edirəm. Ola bilər ki, mən gənc yaşlarındakı sadəlövh qız deyiləm, amma bu o demək deyil ki, mənim həyatımda seksual anlar artıq ola bilməz. Nə qədər ki, çox yaşayırıq, o qədər də dərin və mürəkkəb oluruq − məgər bu tamaşaçıları cəlb etməməlidir, məgər yaxşı filmlər qadının çoxyönlü olduğunu, xarakterinin mürəkkəbliyini göstərməməlidir? Həm də hər yaşın öz gözəlliyi var. İndi, məsələn, mənə zəngin cazibədar qadınları oynamaq daha asandır.

Oyunun bitdiyini və aktyorun özünü təbii aparmasını necə müəyyən etmək olar?

Əgər insanı tanımırsansa, bunu müəyyən etmək çətindir. Amma anam bunu çox gözəl bacarır. O, mənim çəkilişlərimə gələndə oyunumun zirvədə olduğunu və ya qeyri-təbii olduğumu dərhal müəyyən edir. Düzünü desəm, onu çəkiliş meydançasında görmək xoşuma gəlmir, amma bəzən onun gəlişi həqiqətən daha yaxşı oynamağıma kömək edir. Ən əsası o, məni əsəbləşməyə məcbur edir, bu isə o deməkdir ki, peşəm mənim üçün adiləşməyib: mən əvvəlki kimi işimə ciddi yanaşıram və məni hələ də başqasının fikri narahat edir.

Siz gözlənilmədən və olduqca gec şöhrət qazandınız. Siz ona hazır idiniz?

Məşhur olmağa hazırlaşmaq mümkün deyil, amma gec gəlməyi bir o qədər də yaxşıdır. Hərçənd, mən çox erkən yaşlarında şöhrət qazanan gənc nəsil aktrisalarından bəzilərini tanıyıram və onlar onun öhdəsindən çox gözəl gələ bilirlər. Populyarlığın ən böyük nöqsanı odur ki, hər kəs sənə möhtəşəm olduğunu və elədiyin hər şeyin gözəl olduğunu deyir. Bu aktyoru pozur: o reallıqdan uzaqlaşır, həqiqətləri görmür, yanlış qərarlar verir… Düşünürəm ki, əgər şöhrəti gənc yaşlarında qazansaydım, yəqin ki, çox səhvlər edərdim.

Məsələn, nə?

Məsələn, axmaq filmlərdə səfeh qızları oynayardım və həyatla əlaqəni kəsərdim.

Bunun yerinə isə siz Devid Linçin filmlərində oynadınız…

Bəxtim gətirib ki, Devid Linç qarşıma çıxıb və məhz məni seçib - bu bütün mənim həyatımı dəyişdi. O, mənim nəsihətçim və dostum oldu. Onun filmləri o qədər möhtəşəmdir ki, hələ də müzakirə mövzusudur. Yeri gəlmişkən, yaxın dost olduğumuzda mən ona bir sual verdim: "Niyə məhz məni seçdin?". O, cavab verdi ki: "Çünki sən ilk dəfə gözlərimə baxanda anladım ki, bu real bir insanın baxışıdır".

Uşaqlarınızın atası Liev Şrayberlə çəkiliş zamanı tanış olmusunuz?

Xeyr, baxmayaraq ki, biz bir neçə filmdə birlikdə oynamışıq. İlk görüşümüz çəkilişdə olmayıb. Düşünürəm ki, bizi yaxınlaşdıran bir-birimizə oxşar olmağımız idi − hər ikimiz öz peşələrini sevən aktyorlarıq. Ayrıldıqdan sonra oğullarımızın xatirinə bir-birimizə hörmət və sevgini qoruyub saxlaya bildik. Qəribədir, amma həmişə oğullarım olacağını bilirdim. Uşaqlarımızın hər iki valideyni aktyordur, amma onları yatırtmaq üçün ikimizdən biri mütləq evdə olurdu. Əlbəttə ki, işləyən valideynlərin uşaqlarına daha az vaxtları olur. Ancaq nə qədər məşğul olsam da, uşaqlarımla keyfiyyətli vaxt keçirməyə çalışıram. Bu o deməkdir ki, mən onların yanında olduğum zaman oturub jurnalları vərəqləmirəm, onlarla birlikdə oynayıram. Bilirsiniz, bir çox işləyən analar uşaqları ilə çox vaxt keçirməmələri üçün özlərini günahkar hiss edirlər. Bu baxımdan aktyor peşəsi o qədər də pis deyil − heç olmasa onu ana rolu ilə birləşdirmək olar. Keçən il bir neçə layihədə rol aldım, o müddətdə iki həftədən az səyahət etmişəm. Ancaq demək olar ki, altı ayı film çəkmədən keçirdim və ailəmə kifayət qədər vaxt ayıra bildim. Amma rəfiqəm ofisdə 12 saat vaxt keçirir və qızını gündə cəmi iki saat görür.

Böyüdüyünüz ailəniz, valideynləriniz haqqında danışın bir az.

Ailəm çox böyük deyildi: anam, böyük qardaşım və mən. Atam mən uşaq ikən vəfat edib. Buna görə də, kişinin, ailə başçısının necə olmağı barəsində heç bir fikrim yox idi... Valideynlərimin bir yerdə yaşadığı dövrü çox dumanlı xatırlayıram. Bilirəm ki, onlar tanış olanda anam model, atam isə Pink Floyd qrupunda səs rejissoru işləyirdi. Valideynlərimin köhnə fotolarına baxanda, onların başlarında kol kimi bitən saçlarını, bədənləri isə güc-bəla ilə örtülmüş geyimlərini gördükdə xatırlayıram ki, mən balaca qızcığaz üçün onlar ofisdə işləyən və bahalı kostyumlar geyinən valideynlərdən min dəfə əla ana-ata idi. Biz çox dolğun, macəra dolu həyat yaşamışıq, tez-tez köçürdük. Haradasa on məktəb dəyişməli olmuşam və hər dəfə yeni kollektivə düşəndə yenidən uyğunlaşmalı olurdum. Öz-özümə sual verirdim: “Bu qrupun üzvü olmaq üçün nə edim? Məni qəbul etmələri üçün nə edim?”... Düşünürəm ki, aktrisa olmağım buna görə uzun zaman aldı. Axı kastinqlərdə həmişə uyğunlaşmağa, başqası olmağa çalışmışam, amma ilk növbədə özümə sual verməli idim: "Sən kimsən və kim olmaq istəyirsən?" Anam özünü insanlarla əhatə etməyi sevirdi və ailəmizdə həmişə tam matriarxat hökm sürürdü. Yalnız anam deyil, qardaşımla məni böyüdən nənəm, onun da anası çox güclü qadınlar idi. Güclü insanların ortaq bir cəhəti var: həqiqəti söyləməkdən çəkinmirlər. Uşaqlıqdan bəri saxta münasibətləri, yalanı qəbul etmirəm. Uşaqlarına yalan danışan valideynlərə nifrət edirəm: "Hər şeyin öhdəsində əla gəlirsən! Sən hər şeyi çox gözəl bacarırsan!". Bu cür həvəsləndirməni başa düşmürəm. Düşünürəm ki, uşaqları tərifləmək lazımdır, ancaq buna layiq olduqları zaman.

Rəfiqələriniz çoxdur?

Olduqca çox rəfiqəm var və belə alındı ki, onların çoxu məşhurlaşdı − məsələn, Nikol Kidman. Mənə elə gəlir ki, elə bir dövr başlayıb ki, qadınlar yalnız şəxsi səviyyədə dost deyil, eyni zamanda işdə bir-birlərini güclü dəstəkləyirlər. Şadam ki, bir-birimizə kömək etməyə başlamışıq və bu gün bizə qulaq asırlar.

Siz britaniya vətəndaşısınız, ancaq film debütünüz Avstraliyada oldu...

Mənim babam Uelsdən idi, nənəm isə avstraliyalı. Babam sağ ikən, ailəmiz Böyük Britaniyada yaşayırdı, orada gözəl bir malikanəmiz var idi. O vəfat etdikdən sonra Avstraliyaya köçdük. Hələ də bu iki bölgə arasında ruhən bağlılığımı hiss edirəm.

Son olaraq məsləhət verin: bir qadın gəncliyini və gözəlliyini necə qoruya bilər?

Anam həmişə deyirdi: "Böyüməyə başlayanda az yatacaqsan." Budur, müəyyən bir yaşa çatmışam, amma hələ də yatmağı sevirəm və gündə səkkiz-doqquz saat yata bilməsəm özümü çox pis hiss edirəm. Buna görə orijinal bir şey məsləhət verə bilməyəcəm... Ancaq bu sualı Devid Linçə versəniz, o yəqin ki, deyəcək: daha çox meditasiya etmək lazımdır.

Müsahibə: Tatyana Rozenştayn

Foto: mətbuat materialları

Material 67-cı buraxılışda dərc olunmuşdur.