NARGIS
Ru En
NARGIS MAGAZINE
Simalar

Azərbaycanlı Prometey

Deyirlər ki, karyerada və məhəbbətdə uğur bizim özümüzdən asılıdır – bizim cəlb etmək və inandırmaq, insanlara təsir göstərmək və onlara rəhbərlik etmək qabiliyyətimizdən. Müasirlərinin sözlərinə əsasən, Fərman Salmanov əcdadlarından ona miras qalan xarizmatik şəxsiyyətə xas olan bütün bu xüsusiyyətlərə malik idi. Şişirtməyə yol verməyərək demək olar ki, bu insanın qeyri-adi cazibəsi yalnız onun həyatındakı qəribə hadisələrin cərəyan etməsinə deyil, bütün dünyanın taleyinə təsir edib. Azərbaycanın əyalət şəhərciyi – Şamxordan olan sadə oğlan, dağ mühəndisi-geoloq təhsili alaraq, taleyin şıltaqlığı nəticəsində xəyal etdiyi və babasından eşitdiyi Sibirə yollandı və bütün proqnozların əksinə, orada sensasiya kəşf etdi – zəngin neft və qaz yataqları aşkarladı.

Nəslin tarixçəsi

Azərbaycanın mübarək torpağı əsrlər boyu şairləri, tədqiqatçı-alimləri, tətbiqi sənət ustaları ilə məşhur olub... Elə gətirib ki, məhz Azərbaycanda ilk neft fontanı vurub, bu isə, düşünsək, nəinki bu region, bütün bəşəriyyətin inkişafına yeni istiqamət müəyyən edib. Mürtəza Muxtarovun zamanından azərbaycanlılar sadəcə “qara qızıl”ın hasilatında və emalında iştirak etməyiblər, həm də dünya sənayesi üçün vacib olan bu işdə qiymətli kəşflər edir, çox sayda təkmilləşmə və yeniliklər tətbiq edirdilər. Onların sırasında haqlı olaraq dünya tarixinin ən məhsuldar geoloqu adını daşıyan, Rusiyanın hazırda tanınmış ən nəhəng neft və qaz yataqlarının kəşfində və işlənməsində iştirak etmiş həmyerlimiz Fərman Salmanov laqyiqli yer tutur.

Salmanovlar nəslinin tarixçəsi kifayət qədər əlamətdardır. Salmanın atası Qurban Salmanov əslən Azərbaycanın Morul kəndindən idi. Ailədə 4 uşaq var idi: oğlanlar – Fərman, Mais, İlqar və qız – Amurə. Azərbaycan qızına belə qeyri-adi adın verilməsinə səbəbkar babasının qardaşı Süleyman Salmanov idi: onun həyatı sərgüzəşt romanının süjeti ola bilərdi. Gənc yaşlarında Süleyman, dini ənənələri pozaraq, onun yoxsul ailəsinə məxsus mal-qaranın bir hissəsini yerli məscidə verməkdən imtina etmişdi, hələ bu azmış kimi, itləri mollanın üzərinə qısqırtmışdı! İtaətsizlik üsyankarın 1888-ci ildə Sibirə sürgününə səbəb oldu. Orada o, rus-yapon müharibəsində iştirak edib, bir neçə döyüş mükafatlarına layiq görülüb və həsrətində olduğu müddətindən tez azad olmağa nail olur. Evə o, həyat yoldaşı, İslamı qəbul edən və Olqa adını Firuzəyə dəyişən sibir qızı ilə qayıtdı. Əzəmətli Rusiya çöllərinin obrazları Süleymanın qəlbinin dərinliklərinə yol tapmışdı: o, tez-tez şimal sərgüzəştləri haqqında nəvələrinə söz açardı, hətta nəvəsinə böyük Sibir çayının şərəfinə Amurə adını vermək istədi. Nəfəsini qısaraq, balaca Fərman babasının qəribə sərt vilayət haqqında çox maraqlı söhbətlərini dinləyərdi...

“Babam Sibir haqqında, oranın gözəl təbiəti və qüvvətli insanları haqqında çox danışardı. Mən dinləyirdim və təəccüblənirdim: doğrudanmı, insan piyada çay boyu gəzə bilər? Babam gülümsəyərək “gəzə bilər” deyirdi, axı qışda orada çox soyuqdur və bütün çaylar qalın buz örtüyünə bürünür. Bu, mənim Sibirlə ilk, qiyabi tanışlığım idi.”

Geoloji kəşfiyyat əfsanəsi

Uzun illər sonra Amurə qardaşı İlqar kimi linqvist olacaq. Ortancıl qardaş Mais artistliyi seçəcək – gözəl səsi ona opera ifaçılığında böyük uğur qazandıracaq. Fərman isə sovet geoloji kəşfiyyatının əfsanəsinə çevriləcək. Hələ uşaq ikən o, dağları dolaşaraq nadir, gözəl daşları toplamağı sevərdi. Amma o çətin illərdə Salmanovlar sülaləsinin işləri çox pis gedirdi. 1937-ci ildə atalarının həbsindən sonra hələ yeniyetmə olan böyük qardaş yetim qalan ailənin başçısı vəzifəsini üzərinə götürmək məcburiyyətində qalmışdı... Qədim insanlar düz deyiblər: uğur cəsurlara hamilik edir! 1946-cı ildə o, gənc Salmanı qanadının altına çəkdi. Hadisə isə belə olmuşdu. SSRİ-nin cənub və qərb rayonlarının neft sənayesi naziri, əslən Bakının Sabunçu rayonundan olan əfsanəvi Nikolay Baybakov Azərbaycanın rayonlarını gəzirdi və Şamxora, yerli məktəbə də baş çəkmişdi. Səkkizinci sinifdə oxuyan Fərmana Şamxor sakinlərinin məktəbə gedən yola asfalt çəkilməsi, kəndin isə elektriklə təmin edilməsi barədə xahişini çatdırmaq tapşırılmışdı. O, rus dilində azacıq da olsa danışmağı bacaranlardan biri idi: yaxınlıqda yerləşən alman düşərgəsindən olan uşaqlarla sıx ünsiyyət bəhrəsini vermişdi. Zirək gənci Nikolay Konstantinoviç bəyəndi – ola bilsin ki, o, irigözlü oğlanla mənəvi yaxınlıq duymuşdu. Görüşün sonunda Baybakov onu çağırdı və kim olmaq istədiyini soruşdu. Fərman tərəddüd etməyərək “neftçi” söylədi. Nikolay Konstantinoviç onun seçimini bəyəndi və dedi: “Neft – ölkəmizin gələcəyidir”. Uzun illər sonra, artıq təcrübəli mütəxəssis olaraq, Fərman Salmanov belə yazırdı: “Bu görüş taleyüklü idi. İnstitutu bitirdikdən sonra məni işləmək üçün Bakıya göndərəndə, Baybakova məktub ünvanlayaraq, Sibirə köçürülməyimi xahiş etdim. Nəticədə məni Moskvaya çağırdılar, oradan isə Kuzbasa göndərdilər, hətta bilet üçün pul da ödədilər”.

Bu qələbədir!

Amma hələlik heç bir şey Şamxordan olan gəncə belə parlaq gələcək vəd etmirdi. 1947-ci ildə Fərman Salmanov Şirvan geoloji ekspedisiyasının kollektoru kimi işə başlayır. 1954-cü ildə onun arzusu həyata keçdi: o, Azərbaycan Sənaye institutunu bitirdi və dağ mühəndis-geoloqu ixtisasına yiyələndi. Təcrübə zamanı o, nəhayət ki, Sibirdə oldu – bu, onun uşaqlıq arzusu idi. Tümendə o, ilk dayaq quyularını görür, böyük uğurla çıxış etdiyi konfransda iştirak edir. Fərmanın diplom işi əla – Sibirdə, faydalı qazıntılar dəfinəsində topladığı materiallar əsasında yazılmışdı. Müdafiədən sonra onun elmi rəhbəri belə məsləhət verdi: - Sibirə get. Sənin işin əsasında böyük kəşflər imkanı haqqında danışmaq olar.

O zaman Fərman yardım üçün Baybakova müraciət etdi... Həmin vaxt Qərbi Sibirin gələcəyi haqqında fikirlər bölünmüşdü. Əksər alimlər Sibir diyarının perspektivlərinə dair bədbin idilər. Hökümət də onların tərəfində idi: Neft sənayesi nazirliyində də keçilməz bataqlıq və tayqa diyarında neft hasilatının məqsədəuyğunluğuna şübhə ilə yanaşırdılar. Lakin Fərman Salmanov hesab edirdi ki, böyük kömür ehtiyatlarına malik və artıq o zaman yaşadığı və çalışdığı Kuzbasda zəngin neft yataqları ola bilməz. Əyilməz Salmanov xasiyyəti özünü biruzə verdi. Dilə tutmalara və hədələrə baxmayaraq, o, riskə getdi: 1957-ci ilin avqustunda özbaşına 7 bərə icarəyə götürərək, Kuzbas partiyasının bütün əmlakını onlara yüklədi və Surquta üz tutdu. O, tam əmin idi, intuisiyası və hesablamalarına inanırdı, lakin hələ bilmirdi ki, məhz orada onun taleyi həll olunacaq və o, əbədi şöhrət qazanacaq...

Böyük qalmaqal yarandı. Cəsarətli gənc geoloqu hətta məhkəməyə vermək istədilər. Lakin nüfuzlu insanlar, gənc alimi yaxşı tanıyan və ona inanan sibirlilər zamanında müdafiəyə qalxdılar və yüksək Moskva rəhbərliyi bir qədər gözləməyə razılıq verdi. Köhnə tarixlə Salmanovun partiyasının yeni yerə köçürülməsi barədə əmr hazırlanmışdı. Partiya üzvləri həyat yoldaşları və uşaqlarla birlikdə şəhər vağzalında məskunlaşmaq məcburiyyətində qaldılar. Hər şey sanki bir tükdən asılı idi: uğursuzluq ən xoşagəlməz nəticələrə gətirib çıxara bilərdi...

Əlamətdar fakt: 1961-ci il martın 21-də, Novruz bayramı günü, Meqion kəndi yaxınlığındakı ilk quyudan neft fontan vurdu. Bu, qələbə idi! Bütün bədxahlarına “məğrur” Fərman Salmanov eyni, kifayət qədər qıcıqlandırıcı məzmunlu məktublar göndərdi: “Hörmətli yoldaş.., Meqiondakı 1 nömrəli quyudan 2180 metr dərinlikdən neft fontan vurdu. Aydındır? Hörmətlə, Fərman Salmanov”.

Strateji fond

O zamandan Rusiyada hasil edilən neftin 70 faizi, qazın isə 90 faizi Sibirin payına düşür! Bu vacib təbii qazıntılar ehtiyatı Rusiyanın onilliklər ərzində enerji təminatının strateji fondudur. Bu sərvətin kəşfində həmyerlimizin rolu sadəcə misilsizdir. Fərman Salmanovun nailiyyətlərinin yalnız sadalanması bir neçə abzas tələb edir. Parlaq, hərtərəfli şəxsiyyət, o yalnız alim, geoloq deyil, həm də gözəl ailə başçısı idi. Salmanovun həyat yoldaşı Tamara Vasilyevna həmişə deyirdi ki, onunla birgə özünü əsl azərbaycanlı qadın kimi hiss edirdi... Onların övladları: oğulları İlya – Rusiyanın əməkdar həkimidir, aktiv ictimai fəaliyyətlə məşğul olur, qızları Tatyana – Tomsk şəhərinin rayon məhkəməsinin hakimi – Salmanov sülaləsinin layiqli davamçılarıdır. Valideynləri ilə birlikdə Sankt-Peterburqda yaşayan nəticəsi ilk inşasını əfsanəvi ulu babası Fərmana həsr edib. Nəslin ağsaqqalı, ailənin fəxrinə həssas yanaşma bu ailənin xüsusiyyətidir. Görkəmli geoloq və alimin xidmətləri Rusiya Federasiyasında layiqincə qiymətləndirilib: 2013-cü il avqustun 29-da Tümendə Zaur Rzayevin müəllifi olduğu Fərman Salmanovun bürünc heykəlinin açılışı olub. Və bu, Rusiya və Azərbaycan torpaqlarında onun xatirəsini əbədiləşdirən çoxsaylı nişanələrdən yalnız biridir. Fərman Salmanov çoxsaylı sənədli və bədii filmlərin qəhrəmanı olub, 2019-cu il mayın 31-də isə RF Prezidentinin fərmanı ilə Fərman Salmanovun adı rəsmi olaraq Surqut hava limanına verilib. Fərman Salmanov tarixi vətənində də unudulmayıb – 2006-cı il sentyabrın 26-da Azərbaycan Respublikası Prezidenti İlham Əliyev iqamətgahında onu böyük səmimiyyətlə qəbul etmişdi. Ahıl alim duyğulanaraq qeyd etmişdi ki, müstəqil Azərbaycanın hərtərəfli inkişafını böyük qürur hissi ilə izləyir.

Görkəmli alim və geoloq Fərman Qurban oğlu 2007-ci il martın 31-də dünyasını dəyişdi. Xalqın yaddaşında o, yerin təkindən azad etdiyi alovu insanlara bəxş edən və ulduzlara yol göstərən Prometey kimi qalacaq.

Mətn: Mehdi Əli

Foto: mətbuat materialları