Onun müəllimləri əfsanəvi fiziklər Landau və Artsimoviç olub, 36 yaşında Sovet İttifaqının ən gənc akademiki oldu və 15 il SSRİ Elmlər Akademiyasının Kosmik Tədqiqat İnstitutuna rəhbərlik edib. Dünyaca məşhur bir alim, plazma fizikası sahəsində ən nüfuzlu mütəxəssislərdən biri olan Roald Zinnuroviç Saqdeev SSRİ "Ay yarışında" uduzduqdan sonra alimlərin beynəlxalq əməkdaşlığının bərpasına səbəb olan bir sıra kosmik layihələrə rəhbərlik etmişdir. Yenidənqurma illərində taleyüklü zirvələrdə Qorbaçovun məsləhətçisi olub, alimlərin nüvə təhlükəsinə qarşı beynəlxalq hərəkatının başlanğıcında dayanıb. Bu gün Roald Zinnuroviç Saqdeev – bir çox ölkələrin elmlər akademiyalarının üzvüdür, Azərbaycan Respublikasının vətəndaşı və onun kosmik proqramının məsləhətçisidir.
Sizə niyə belə ekzotik Roald adını veriblər?
Yeri gəlmişkən, həmişə Arktika ilə maraqlanmışam. Bilirsiz niyə? Adıma görə! Valideynlərim məni məşhur Norveç səyyahı, qütb tədqiqatçısı Rual Amundsenin şərəfinə adlandırıblar. Onun komandası itlərin qoşqusu ilə Cənub Qütbünə ilk dəfə ayaq basıblar, o, planetimizin hər iki qütbünü ziyarət edən ilk insan olub. Buna görə də ora getməyi arzulayırdım. Yeri gəlmişkən, iki cihazımızın Halley kometasına uçduğu zaman çin olmamış arzum qismən kompensasiya olmuşdu: onlar kometanın monolit, düzgün olmayan forması, cisminin düz yanından, tam cənub qütbünün altından uçmuşdular.
Sizin bioqrafiyanızı oxuyanda adama elə gəlir ki, həyatınızda hər şey öz-özünə baş verib. Məsələn, institutu bitirdikdən sonra Uralda "poçt qutusuna" göndərilən təyinatınıza Landaunun müdaxiləsi...
Heç nə təsadüfi baş verməyib. Atam elmi işçi olub, mühüm dövlət vəzifələrində işləyib, hətta bir vaxtlar Nazirlər Şurası sədrinin müavini idi. Mən isə məktəbli idim, onun həyatını izləyirdim: bütün bu təlaş, təşkilati iş, bürokratiya... Və məni bir sual düşündürürdü: o, vaxtını nəyə sərf etdi? Axı o, aspiranturada oxuyub, istedadlı bir riyaziyyatçı olub və dərs deyib. Buna görə mənə komsomol komitəsinin katibi vəzifəsi təklif olunanda qəti şəkildə imtina etdim. Elə o vaxtı ancaq elm ilə məşğul olmaq istəyirdim.
Və bütün həyatınız boyu bu mövqedə olmusunuz?
Elə bir an vardı ki, başqa seçimim yox idi: Kosmik Tədqiqatlar İnstitutunun direktoru olmaq heç istəmirdim, amma məni məcbur etdilər.
Amma institut hələ də sizə minnətdardır...
Vəzifəm mənə çox baha başa gəldi. Əslində bir iş icraçısı olduğum üçün elmlə daha az məşğul olmağa başladım, o illər isə bəlkə də, mənim ən məhsuldar yaradıcılıq illərim idi – yenicə qırx yaşım olmuşdu. Sovetdən ayrılana qədər mən 15 ildən çox direktor vəzifəsində çalışırdım.
Sizin rəhbərlik etdiyiniz dönəmdə institut əsl "Avropaya pəncərə" olmuşdu. Həm də, hamı bilirdi ki, hərbi layihələrə qəti baş qoşmayacaqsınız.
Bəli, amma bəzən təəssüflə düşünürəm: kaş ki bütün bu enerjimi elmə sərf etsəydim! Sizə bir hadisə barədə danışım. Mən bir dəfə öz direktor otağımda oturmuşam. Qayda olaraq, işlə, alət tədarükü, tikinti, maliyyələşdirmə ilə bağlı yanıma gəlirdilər. Və bir dəfə elm dünyasından olan bir kumirim – çox gözəl bir fizik, akademik Zeldoviç yanıma gəldi, o, qara dəliklərlə məşğul idi. Oturub deyir: "Roald, sənə yeni işlərimin nüsxələrini gətirmişəm" – əlində bu yaxınlarda dərc etdiyi bir yığın iş var. Birdən insanların yaradıcılıq uğurları ilə lovğalana biləcəyi düşüncəsindən çox kədərləndim, bəs mən nə işlə məşğulam?.. Gözüm bundan əvvəl imzalamaq üçün gətirdikləri kağıza sataşdı: "Zibil daşıyan yoldaşa – soyadını xatırlamıram - assenizator vəzifəsini əvəz etməyə icazə verilsin". Zeldoviç elmi nailiyyətləri barədə danışarkən, səssizcə köməkçimi çağırıb dedim: "İmzaladığım bu əmri iyirmi nüsxədə çap edin, institutumuzun preprintləri üçün bir qovluğa qoyub gətirin.". Gətirdikdən sonra mən bir nüsxəsini çıxartdım və imzaladım: "Hörmətli Yakov Borisoviçə xatirə!" – və Zeldoviçə verdim. Əlbəttə ki, o, dərhal qəhqəhə ilə güldü. Ertəsi gün zənglər başladı: "Mənə də göndərə bilərsən?".
Roald Zinnuroviç, soruşmaya bilmərəm: Azərbaycana necə gəlib çıxdınız?
Sovet dönəmində buraya tez-tez gəlirdim. Azərbaycan dəfələrlə İttifaq respublikaları arasında keçirilən sosial yarışlarda qalib gəlirdi və bir dəfə mən Qırmızı Bayrağı təqdim etmək üçün böyük bir nümayəndə heyəti arasında dəvət olundum. Yadımdadır, baş konstruktorları toplamışdılar, nədənsə çox sayda mütəxəssis məhz kosmos sahəsindən idi. O zaman mən yenicə Kosmik Tədqiqatlar İnstitutunun direktoru olmuşdum. Təqdimetmədə Heydər Əliyevlə tanış oldum. Sonra burada kiçik kosmik mərkəz yaradıldı, müxtəlif vaxtlarda fərqli adları var idi: "Xəzər" Elmi Mərkəzi, "Kosmik Tədqiqatlar" Elmi-İstehsalat Birliyi... Qurucusu kosmik sahə üzrə entuziast Tofiq Kazimoviç İsmayılov idi, təəssüf ki, sonradan Qarabağda vertolyotda həlak oldu. 1980-1985-ci illərdə mütəmadi olaraq Bakıya gəlirdim və Heydər Əliyev mütləq məni evlərinə dəvət edirdi. Və 1990-cı ildə Süzen Eyzenhauer ilə ailə qurdum və ölkədən getdim... O zaman İttifaqın aqibəti bəlli deyildi və biz də Vaşinqtonda yaşamaq qərarına gəldik. Orada Azərbaycanın səfiri – Azərbaycan Diplomatik Akademiyasının hazırkı rektoru Hafiz Paşayevlə tanış oldum. Biz onunla dostlaşdıq. O, Bakıda qərb tərzində kollec yaratmaq arzusu olduğunu deyirdi, – ancaq tam bir diplomatik akademiya yaratdı! Sonra təqaüdə çıxdım və artıq Bakıya visitinq professor kimi gəldim. Yəqin bilirsiniz ki, Qərbdə, xüsusən Amerikada, professorlar təqaüdə çıxmırlar, emeritus statusunu alırlar. Hətta Merilend Universitetində işçilərlə birlikdə laboratoriyam hələ də mövcuddur. Düzdür, artıq maaş almıram, bu belə də olmalıdır – gənclərə yol açmalıyıq.
NASA ilə əməkdaşlığınız necə başladı?
Beynəlxalq Kosmik Stansiya yaradıldığında. Bu ştatlara köçdüyüm ilk illərdə baş vermişdi, hələ Rusiya ilə əməkdaşlıq edib-etməmək barədə müzakirələr gedirdi. NASA-nın dostlaşdığım administratoru mütəmadi olaraq bir məsləhətçi kimi dəvət edirdi, həyat yoldaşım da məsləhətçilərdən biri idi. Bu təxminən 2003-cü ilə qədər davam etdi, sonra NASA-dan qrant alanlar – grant recipient - statusuna keçdim. Axı hər şeydən əvvəl NASA administrasiyadır: onların peşəkar heyəti əsasən tədqiqat işlərinin təşkili ilə məşğul olur, elmi-tədqiqat işləri isə elmi qurumlar və qabaqcıl universitet laboratoriyaları tərəfindən aparılır. NASA tərəfindən maraqlı mövzularda müsabiqələr keçirilir və qrantlar verilir. Ştatlarda yaşadığım zamanlarda əsas işim NASA qrantları idi və bu günə qədər mən onların layihələrinin üzvüyəm.
Layihələriniz barədə daha ətraflı məlumat verin, zəhmət olmasa.
Əvvəlcə Beynəlxalq Kosmik Stansiyanın layihəsi idi – onun yaradılması, sonra kadrların hazırlaşdırılması. Və hər şey çox maraqlı elmi təcrübənin inkişafı ilə nəticələndi. Kosmosa buraxılan ən mürəkkəb və ən bahalı cihaz quraşdırılması üçün beynəlxalq stansiyada hazırlanmışdı; həmin cihaz indi də oradadır. Cihaz İsveçrə CERN-də yığılmışdır. AMS adlanır – alpha magnetic spectrometer – və kosmosdan gələn çox yüksək enerjinin hissəciklərini qeydə alır. Təsəvvür edin: stansiya uçur və davamlı olaraq müxtəlif növ hissəcikləri qeyd edir, naməlum enerji yüklü hissəciyin hər vuruşunu təhlil edir, hər cür detektorlar var... Müqayisə üçün: Yer üzündə "Tanrının bir hissəciyini" aşkar edən adron kollayderi var, bizim AMS cihazı isə oxşar bir şeydir, amma kosmosda yerləşir. Mən də bu eksperimentdə iştirak edirəm. Başqa bir sınaq hazırda davam edir: NASA-nın 2009-cu ildə istifadəyə verdiyi və hələ də uçuş etdiyi süni ay peykinə maraqlı bir cihaz quraşdırmaq üçün qrant qazanmışıq.
Niyə?
Alimlər həmişə ayın quruluşunu daha yaxşı anlamaq, onun yüksək ölçüdə tam çəkilişini etmək, peykdən baxmaq və ay səthinin müxtəlif hissələrində müxtəlif maddələrin kimyəvi xüsusiyyətlərini müəyyənləşdirmək, rentgen aparatında bütün növ şüaları görmək istəyiblər. Peyk çox aşağıdan uçur – səthdən cəmi 50 kilometr hündürlükdə. İdeya isə gec-tez Ayın daha uzun uçuşlar üçün bir növ ara kosmik stansiya, tramplin olmasıdır. Buna görə bütün bunların necə baş verəcəyini daha yaxşı başa düşmək lazımdır.
Gec-tez – nə vaxtdır?
Düşünürəm ki, 2030-cu ilə qədər Ayda kiçik bir körpünün yaranması haqqında eşidəcəyik. İlkin mərhələdə yəqin ki, insanla deyil, robotlarla; sonra ola bilsin ki, iki-üç aylıq ekipaj uçuşları başlayacaq, məsələn, arktika stansiyalarına olduğu kimi. Bu planlar barədə NASA-ya artıq Rusiya, Çin və Avropa Kosmik Agentliyi, yəni bütün Avropa elan edib.
İndi İlon Maskın rəhbərlik etdiyi "Space X" fəal şəkildə Marsa uçuş hazırlayır. Bir müsahibənizdə Marsa uçmağın tez olduğunu söyləmişdiniz. Niyə?
Birincisi, bu olduqca baha başa gəlir. Layihə üçün ən azı bir neçə yüz milyard dollar lazımdır. NASA-nın büdcəsi ildə təxminən iyirmi milyarddır. Yəni tək bu layihə ilə məşğul olmaq üçün qalan hər şeyi bağlamaq və on-iyirmi il buna vaxt sərf etmək lazımdır. Bu gün istənilən məsələlər insan müdaxiləsi olmadan, robotlardan istifadə etməklə daha asan və daha ucuz həll edilə bilər. İnsan uçuşlarına niyə bu qədər diqqət var – bu artıq siyasi, psixoloji sualdır. Belə oldu ki, Qaqarin ilk dəfə kosmosa uçuş etdi – və romantika qapıları açıldı, hər kəs üçün çox maraqlı oldu. Lakin Xruşov və daha sonra amerikalılar buna böyük maraq göstərildiyini görən kimi, bunun siyasi məna kəsb etdiyini düşünməyə başladılar. Sənaye nəhəngləri işə qarışdılar, bundan pul qazanmağa başladılar. Yəni, maraqlı tərəflər, təşkilatlar meydana çıxdı – və başladı...
Bəs qalaktikalararası koloniya arzuları necə oldu? Bir gün insanların Yer üzünü tərk edəcəyi, oksigen ehtiyatlarını tükədib həyat üçün uyğun, yeni bir planet axtarmağa gedəcəyi fikri necə?
Budur, məsələn, İlon Mask açıq şəkildə deyir ki, Marsa olan marağı Yer üzündə bir faciə olarsa, orada "ehtiyat aerodromu" yaratmaqdır. Ancaq şəxsən mən bu ideyanın tamamilə mənasız olduğunu düşünürəm. Marsda demək olar ki, atmosfer yoxdur və temperatur şəraiti Yer üzündəki vəziyyətdən daha pisdir. İlon Mask – çox inadkar bir xəyalpərəstdir, ancaq buna haqqı çatır, çünki o, öz pulunu xərcləyir. Onun fikirlərindən biri, buz örtüklərinin toplandığı qütblərdə hidrogen bombaları partlatmaqla Marsda bir atmosfer yaratmaqdır: guya ki, onlar əriyəcək və atmosferə oksigen buraxılacaq. Ancaq bu fikir hələ də fantaziya səviyyəsindədir, heç bir hesablamalar mövcud deyil. Qoy adam xəyal qurmağa davam etsin...
Müasir fizika nə ilə bəslənir? Bu yaxınlarda hamı anti-maddələrin axtarışından danışırdı...
Bu məsələ elə Beynəlxalq Kosmik Stansiyaya aiddir. Haradasa ötən əsrin 30-cu illərinin əvvəllərində fizikada məşhur kvant inqilabı baş verdi və riyazi hesablamalar fizikləri təbiətdəki hər hansı bir fiziki hissəciyin antipoda sahib olması fikrinə yönəltdi. Kimyaçı və fiziklərin təbiət haqqında bildikləri hər şey simmetriyanın onun universal xüsusiyyətlərindən biri olduğunu göstərir. O zaman, məntiqə görə maddənin qlobal antipodu anti-maddə olmalıdır. Sual yaranır, niyə bizim kainat yalnız maddələrdən ibarət olmalıdır? Anti-maddənin heç olmasa kiçik də olsa qarışığı olmalıdır, ya yox? Gəlin uçan hər bir şeyi tutan alətlər və detektorlarla kosmosa uçaq və baxaq. Təcrübəmizin ideyası məhz belə yarandı. Lakin zamanla anti-maddələr axtarışına maraq azaldı və artıq sirli “qaranlıq cism" ilə bağlı bir mövzu ortaya çıxdı. Qalaktikalarda ulduzların hərəkəti Günəş ətrafında planetlərin hərəkətinə bənzəyir. Yeganə fərq, qalaktikada günəş rolunu oynayacaq heç bir mərkəzi cisim yoxdur, lakin ulduzların ətrafında fırlandığı müəyyən bir ağırlıq mərkəzi var. Günəş ətrafında planetin fırlanma qanunları hələ XVII əsrdə aşkar edilmişdi, lakin onları qalaktikanın mərkəzinin ətrafında ulduzların fırlanmasına tətbiq etməyə başladıqda, hər şeyin elə də sadə olmadığı ortaya çıxdı. Bunun necə baş verdiyini izah etmək üçün gördüyümüz, ulduzların, ulduzlararası qazın və plazmanın ondan ibarət olduğu adi cisimdən başqa, tərkibində bizim görmədiyimiz bir şeylərin olduğunu da ehtimal etmək lazımdır, lakin onun varlığı ulduzların dövranına təsir edən cazibə qüvvəsində hiss olunur.
Yəni o, məkanı əyir?
Həmçinin əyir. Təxminən ötən əsrin 30-cu illərindən çox sayda fərziyyələr, nəzəriyyələr var, amma konkret cavab yoxdur. Son 15-20 ildə alimlər bu "qaranlıq cismi" aşkar etməyə çalışaraq çox təcrübələr aparıblar və Beynəlxalq Kosmik Stansiyadakı cihazımız onun axtarışı üçün istifadə olunan platformalardan biridir. Ən maraqlısı odur ki, bunun nə olduğunu bilmirik, amma hansı kütlədə olduğunu bilirik: adi cismin kütləsindən təxminən on qat çoxdur! Yəni qalaktikamızda biz Günəş sistemi, digər ulduzlar və bütün məlum kosmik obyektlər də daxil olmaqla, kütlənin yalnız onda bir hissəsini təşkil edirik, qalanları isə... bəzi cisimlər görünməz olaraq uçurlar, böyük və ya kiçik – bunu belə dəqiq bilmirik.
Günəş sistemində də bu sirli qaranlıq cisim var?
O, qalaktikamızın mərkəzi hissəsinə yaxın bir yerdə yerləşir. "Voyadcerləri" işə saldıqda, onlar yalnız Günəşin və ətrafdakı planetlərin cazibə qüvvəsini hiss edirlər. Yəni, günəş sistemində buna bənzər bir şeyin olmadığını söyləyə bilərik.
Kainatımızın bir başlanğıcı var – yəqin ki, bir sonu da olacaq?
Böyük partlayışın fəsadlarını müşahidə etmək olur və hal-hazırda hətta bəzi teleskoplar da Böyük partlayışın hesablama vaxtına yaxın vaxt haqqında məlumat ala bilir, bu partlayış isə təxminən 13 milyard il əvvəl baş verib. Kainatın həqiqətən çox sıx və isti olduğunu bilirik. Gələcəyə gəldikdə, təxminən 2000-ci ilə qədər bu məsələdə tam bir qeyri-müəyyənlik var idi, ancaq sonra bir neçə astrofizik bir-birindən xəbərsiz olaraq anti-cazibə kimi bir şey kəşf etdilər. Yəni müəyyən bir məsafədə səpələnmiş qalaktikalar bir-birlərinə yaxınlaşmaq əvəzinə uzaqlaşırlar. Bu, müasir fizika nöqteyi-nəzərindən tamamilə izaholunmazdır, çünki yalnız cazibə qüvvəsini – məsələn, cisimlərin Yer kürəsinə cəzb olunmasını bilirik, bu isə nəsə tərs hadisədir. "Qaranlıq kütlə" analogiyasına əsaslanaraq onu "qaranlıq enerji" adlandırıblar, artıq onun kəşfinə görə Nobel mükafatı alınıb. Odur ki, bu təzahürün mənşəyini tam anlamasaq da – onu tapmaq olduqca maraqlı olardı – artıq bu gün Kainatın daha sürətli və daha sürətlə genişləndiyini deyə bilərik.
Bunun məntiqli sonu necə olacaq?
Hər şey sonsuzluğa qədər bir-birindən aralanacaq və nəticədə soyuq olacaq, donub qalacaq. Ancaq Günəşimiz kimi hər bir konkret ulduzun öz sonu var. Günəşin, məsələn, yeddi-doqquz milyard il sonra sönəcəyi artıq dəqiq bilinir. Astronomlar oxşar ulduzlarda belə hallar müşahidə ediblər artıq.
Təkamül nəzəriyyəsinə, cansızdan yaranan canlıya münasibətiniz necədir?
Kainatda yaşamın necə yarandığı – əsas müəmmalardan biridir. Sırf kimyəvi mühitdən ilk hüceyrəli canlıların mənşəyinin modelləşdirilməsi açıqlanmayana qədər, prosesləri idarə edən Kimsənin hələ də varlığına dair nəzəriyyələr mövcud olacaq. Görünür, təsadüfi deyildir ki, bir çox dahi alimlər bu Kimsənin həqiqətən mövcud olduğuna inanıb. Düşünürəm ki, «qara cismin» və «qara enerjinin» sirrinin üstü yaxın onillikdə açılacaq… bəlkə də, daha tez. Və yaşamın yaranma məsələsi qalır.
Bəs hər şeyin əvvəlcədən müəyyən olduğuna inanırsız?
Baxır «hər şey»… deyərək nəyi nəzərdə tutursunuz. İnsan taleyinə bir çox faktorlar təsir edir. Lakin istənilən canlı orqanizm doğulur və onun sonu var, – bu yüz faizdir. Yadımdadır ki, uşaq ikən ilk dəfə insanın ölümlü olduğunu öyrənəndə, atam məni təsəlli edirdi: narahat olma, sən böyüyənə qədər alimlər insanın ölümsüz etmək üçün bir şey fikirləşəcəklər.
Belə bir şeyin icad edilməsini istərdinizmi?
Yəqin bu doğru olmazdı: həyat elə yaranıb köhnəni mütləq yenisi əvəz etməlidir. Mutasiyalar təkamülə gətirib çıxarır, hər şeyi birdən-birə durdurmaq olmaz. Düşünürəm ki, heç vaxt belə bir şey baş verməyəcək. Fiziklər, ümumiyyətlə bütün təbii elm mütəxəssisləri belə bir fəlsəfə ilə yaşayırlar: entropiya artımı qanunu var və bu qanun tamamilə universaldır. Artan entropiya – şlaklar, xaos, qlobal istiləşmə, atmosfer tullantılarıdır… O nizamsız şəkildə artır – və elə bir an gəlir ki, hər şeyi yenidən başlamaq lazım gəlir.
Bəs yadplanetlilər mövcuddurlar?
Əgər Yer kürəsində həyat varsa, digər göy cisimlərində həyatın olduğunu rədd etmək axmaqlıqdır. Hazırda digər ulduzlar ətrafında planet sistemlərinin axtarışı üzrə bütöv bir beynəlxalq proqram fəaliyyət göstərir. Bu planetlərin faylları yaradılır, alimlər bu planetlərin arasında yaşam şəraitinin – istilik dərəcəsi, işıqlanma və suyun olması bizim yaşadığımız şəraitə bənzər olub olmamasını anlamağa çalışırlar. Yəqin ki, artıq mindən çox aşkar olunmuş planet var. Və onların arasında bizimkinə bənzər beş və ya on planet var.
Bəs onları niyə axtarırlar?
Yeni nəsillərin teleskopu yarandıqda onların suyu, atmosferi, okeanları barəsində daha çox şey demək üçün. Bu çox tezliklə baş verəcək. Belə bir teleskoplardan ilki bir-iki ildən sonra NASA tərəfindən buraxılacaq, tamamilə inanılmaz bir teleskop!
Bu nə verəcək?
Hələ ki bu sadəcə elmi maraqdır, amma Yuriy Milneri tanıyırsınız? Vençur kapitalist üç il əvvəl ətrafında Yer kürəsinə bir qədər bənzər bir-iki planetin aşkar edildiyi yaxın ulduza uçuşu maliyyələşdirdiyini elan etdi. Uçuş insan olmadan olacaq: çox balaca, demək olar ki, içində kiçik bir fotoaparat və Yer kürəsi ilə əlaqə saxlamaq üçün nano-çip. Onu ən yüksək sürətlə – 1/5 işıq gücü ilə uçurtmaq istəyir və o zaman bu aparat ən yaxın ulduz sisteminə iyirmi il ərzində uçacaq. Mən də bu layihənin iştirakçısı oldum, Milner özü mənə Bakı nömrəmə zəng etdi və biz artıq bir dəfə görüşmüşük. O, silikon vadisində yaşayır. Bu layihənin strukturu çox maraqlıdır. Layihəyə Milner, Sukerberq başçılıq edir və bu yaxınlara qədər Stiven Hokinq də iştirak edirdi. Sonra senior advisers – əsas analitiklər gəlir, əsas 5 insan – mən də onlara daxiləm; daha sonra işçi qrupu. Mən artıq öz əməkdaşlarımın qarşısına vəzifə qoymuşam və artıq bu mövzuda vacib məqalə dərc olunub, yeri gəlmişkən bu məqalə Bakıda hazırlanmışdır.
Silikon vadisində çox ideyalar gerçəkləşib. Bəs Azərbaycanın kosmik imperiya olmaq şansı varmı?
Azərbaycan artıq bir növ kosmik imperiyadır: onun üç yaxşı yol yoldaşı var, onu gözəl gənc Azərkosmosun mütəxəssislər komandası idarə edir. Buna nəsə özümüzünkünü, Azərbaycanda hazırlananmış bir şeyi əlavə etməyə dəyər. Elə indi məhz bununla məşğuluq. Qrant artıq alınıb, bu isə çox vacibdir, çünki iş prosesində həm insanlar öyrənir, həm də yeni ideyalar yaranır. Mən hətta sualı genişləndirərdim: Azərbaycanın sadəcə neft və qaza görə yox, başqa amillərə görə güclü kosmik imperiya olmaq şansı varmı? Kosmik sfera bir yana, mənə elə gəlir ki, Azərbaycanda bu sahədə elmdən olan məşhur insanlar yer almalıdır. Azərbaycandan olan bir çox maraqlı alimlər var, onlar bütün dünyaya səpələniblər və elmin müxtəlif sahələrində, həmçinin kosmik sahədə aparıcı mövqeləri tutublar. Xüsusilə «qara enerji» üzrə bu sahədə ilk beşliyə daxil olan bir mütəxəssis var: Təbrizli Azərbaycanlı, Nima Ərkani Hamed, onun 46 yaşı var. Düzdür, hələ ki, Nobel mükafatını almayıb, amma hər şey qabaqdadır. Ən azından Milner mükafatına artıq nail olub.
Müsahibə: Sona Nəsibova
Foto: Pərviz Qasımzadə