NARGIS
Ru En
NARGIS MAGAZINE
Simalar

ANTONİO BANDERASIN AĞRISI VƏ ŞÖHRƏTİ

“Ağrı və şöhrət” filmində qocalan rejissor Salvador Malyonun (çox guman ki, Pedro Almodovar özünü əks etdirib) yaratdığı obrazına görə Antonio Banderas ən mötəbər beynəlxalq kino festivalında – Kannda ilk mükafatını alıb. Həmişə olduğu kimi cazibə və inam saçaraq, o festivalın qırmızı xalısı üzərində, deyilənlərə görə, nüfuzlu bankın aparıcı əməkdaşı olan gözəl sarışın qadınla qol-qola göründü. İyun ayının sonlarında isə aktyor “Kinematoqrafa verdiyi töhfə” mükafatını almaq üçün Münhen kino festivalına gəldi. Biz, ən populyar ispaniyalı aktyor, bir neçə nəslin seks-simvolu olan və kino tənqidçilərinin rəylərinə əsasən dünya kinematoqrafının ən brutal maçosu - Antonio Banderasla – Münhenin “Qastayq” mədəniyyət mərkəzində görüşdük. O bizə Almodovarın filmindəki rolundan, kino karyerasının mərhələlərindən, özünün müxtəlif planlı yaradıcılığından və ekrandakı qəhrəman-sevgili şöhrətinin meydana gəlmə tarixçəsindən söz açdı

Nə üçün Almodovar “Ağrı və şöhrət” filmində onun obrazını məhz Sizin canlandırmanızı istədi?

Pedrodan soruşanda ki, nə üçün onun alter-eqosunu – Salvador Malyonu məhz mən ifa etməliyəm, o cavab verdi: “Mən özümü ekranda xəstə və qoca göstərmək qərarına gəlmişəmsə, heç olmasa bunu seksual oğlan canlandırsın!” Ümumiyyətlə isə biz Pedro ilə çoxdan tanışıq, aramızda çoxillik dostluq bağları mövcuddur. Filmdə nümayiş etdirilən hadisələrin əksəriyyəti həqiqətən də onun başına gəlib və mən bunun şahidiyəm... Bilmirəm, bunu üstünlük kimi dəyərləndirmək olarmı, amma yaxınlarda infarkt keçirdim və ürəyimlə bağlı problemlər meydana gəldi. Odur ki, çəkiliş zamanı mən artıq fiziki ağrılarla və həyatla ölüm arasında olan insanın qayğıları ilə yaxından tanış idim. Əlbəttə, Pedro filmdə əks olunan hər şeyi real həyatda yaşamayıb. Onun həyatında elə şeylər olub ki, onlar barədə danışmaq istəyib, amma danışmayıb, etmək istəyib, amma edə bilməyib. Bu film bayopikə bənzəyir, amma onda bədii təxəyyül də kifayət qədərdir. Mən bunu dəqiq bilirəm, çünki biz Pedro ilə 1980-ci ildən, yəni 40 ilə yaxındır ki, dostuq. Pedro üçün bu film həsrətdən daha çox keçmişlə barışıqdır. Özünü, həyatının ən intim anlarını canlandırmağı mənə etibar etdiyinə görə ona çox minnətdaram

Çəkiliş meydançasında tərəf müqabillərinizdən birinin Penelopa Kruz olacağını öyrəndikdə reaksiyanız necə oldu?

Penelopa ilə ilk dəfə Nyu-Yorkda rastlaşmışam, o zaman onun 18 yaşı var idi. Gözəlliyi və xarizması ilə sadəcə olaraq gözlərimi qamaşdırdı. Mən “Filadelfiya” filmində çəkilirdim, o isə Amerikaya köçməyi düşünürdü. Bizim şöhrət qazanacağımızı deyirdilər, “ispan kinosunun Sofi Loreni və Marçello Mastroyannisi” adlandırırdılar, lakin bizim yollarımız ayrıldı. Rejissorların heç biri bizdən kult-cütlük yarada bilmədi, hətta Almodovar belə. Elə “Ağrı və Şöhrət” filmində də biz praktiki olaraq görüşmürük: o, kiçik uşağın anasını, mən isə qocalan qəhrəmanı canlandırıram. Amma yaxınlarda biz Penelopa ilə İspaniyadakı birgə layihəyə hazırlaşmağa başladıq. Hələlik yalnız bir şey söyləyə bilərəm: hər şey alınsa, biz nəhayət ki, birlikdə çalışacağıq.

Siz özünüz ağrı və şöhrəti necə yaşayırsınız?

Qeyd etdiyim kimi, iki il əvvəl ciddi xəstələndim. Ürəyimdən əməliyyat olundum. O, minimal müdaxilə ilə keçdi, amma ürəyinə stent yerləşdiriləndə qorxu yaranır. Məni fiziki ağrıdan daha çox emosional sarsıntı narahat edirdi. Düşünürdüm ki, “ürəyim qaydasında deyil, deməli, həyatım bir tükdən asılıdır!” Yadımdadır, klinikada tibb bacılarından biri mənə sual verdi: “Bilirsən nə üçün “sən mənim ürəyimi qırırsan” söyləyirlər? Çünki ürək yalnız orqan, oksigeni damarlara paylayan nasos deyil, o həm də emosiyalarımızın toplandığı məkandır”. Bu xəstəliyə mübtəla olandan sonra çox dəyişmişəm – həssas, tez inciyən olmuşam. İstənilən hadisəyə görə, istər bəyəndiyim film olsun və ya qəmgin melodiya, - ağlaya bilərəm... Nə qədər ki insan gəncdir, o çox vaxt özü barəsində düşünür. Bu gün mən artıq başqaları haqqında daha çox düşünürəm, insanlarla, əşyalarla, hadisələrlə əlaqə hiss edirəm... Gənc yaşlarımda maksimalist idim, amma yaşlandıqca “hər şey, ya heç nə” prinsipi ilə yaşamaqdan əl çəkirsən. Ona görə də insanlarla, bir zamanlar sevdiyim qadınlarla əlaqələri kəsməməyə çalışıram. Yəqin ki, Pedro məndəki bu dəyişiklikləri gördü, buna görə özünün çəkdiyi ağrını ekranda məhz mənim göstərməyimi istədi.

Doğrudanmı, aktyor karyeranızı teatrdan başlamısınız?

Valideynlərim böyük teatr pərəstişkarları idi və tez-tez məni tamaşalara aparırdılar. Lakin mən uşaq idim və orada nə baş verdiyini çox zaman anlamırdım: nə üçün bəzi böyüklər səhnədə dayanaraq qaranlıq zalda əyləşən digər böyüklərə nə isə danışırlar, onlar da gah gülür, gah da ağlayırlar?.. Uşaqlıqda valideynlərimin “aktyorlar bu gün yaxşı oynadılar” söyləmələri mənə məzəli görünürdü. Teatra gəldikdə isə hər hansı ahıl aktyoru müşahidə edir və düşünürdüm: məgər rol ifa etmək üçün o kifayət qədər qoca deyil?

Bəs indiki teatrda nəyi bəyənirsiniz?

Bu gün tamaşaçıları zalda mobil telefonlarını söndürməyə məcbur etmələrini yüksək qiymətləndirirəm. Yəqin mən həqiqətən qocalıram, ancaq müasir texnologiyalar məni qıcıqlandırır. Bu gün bəyənmədiyim – insan narsizmi, “selfi” kultu, özünəvurğunluqdur... Teatrda isə zamanın daimi axınını, hərəkəti dəyərləndirirəm. Burada istənilən tamaşanın öz “sabahı” var, axı hər dəfə quruluşda hər şey min dəfə dəyişə bilər – həm aktyorların ifası, həm də tamaşaçıların reaksiyası.

Siz teatr barədə o qədər məhəbbətlə danışırsınız ki! Bəs necə oldu ki, kino aktyoru oldunuz?

Əslində, bu, sonradan 130 filmdə təcəssüm etmiş tam bir təsadüfdür! Hər şey Madriddə baş verdi. Həmişə olduğu kimi, teatr truppam ilə Milli teatrda çıxış edirdim. Tamaşaya təqribən bir saat qalmış saçları qarışmış, əlində qırmızı çanta olan qəribə insan mənə yaxınlaşdı. O məni nə iləsə maraqlandırdı, biz söhbətləşdik. Çox və tez danışırdı. Onun sözlərinə görə, bir gün əvvəl məni səhnədə görərək çox təsirlənmişdi. Səhnəyə çıxmaq zamanı gələnə qədər onunla söhbət etdik. Getməmişdən öncə dedi: “Sizin çox fakturalı xarici görünüşünüz var, Siz mütləq kinoya çəkilməlisiniz!” Mən ona minnətdarlığımı bildirdim, lakin fikirləşdim ki, gözlənilməz pərəstişkarım bir qədər özündə deyil. O gedəndən sonra özümə uzun-uzadı güzgüdə baxdım – oradan mənə uzun saçlı və saqqallı neandertal boylanırdı... Biz hətta bir-birimizin telefonlarını almadıq, özümüzü təqdim etmədik. Amma sən demə dostlarımdan biri bu qəribə tiplə tanış imiş. Yoldaş dedi ki, onun adı Pedro Almodovardı və bu yaxınlarda o, ilk filmini çəkib. Daha sonra dostum gülümsəyərək əlavə etdi: “Amma görünür bu onun son filmi olacaq”. O gündən başlayaraq Pedro tez-tez teatra baş çəkməyə başladı. Bir dəfə isə gördüm ki, tamaşaçı zalında onunla yanaşı məşhur argentinalı aktrisa əyləşib. Bir müddət sonra o, mənim geyim otağıma gəldi və onun filmində argentinalı ulduzla birgə çəkilməyi təklif etdi. Cavabında dedim ki, heç zaman kinoya çəkilməmişəm, amma Pedro sadəcə laqeydcəsinə əlini yellədi: “Hər şey ilk dəfə olur”. Filmin adı “Ehtiraslar labirinti” idi. Bu, az qala 40 il əvvəl baş verib!

Yaxşı, bəs sonra nə baş verdi?

Mən çox tez “böyüdüm” və uşaqdan kişiyə çevrildim. Almodovarın ssenariləri çox güclü, kifayət qədər təxribatçı və seksual planda cəsur idilər. Günlərin birində anamın oğlunun kinoda nə ilə məşğul olmasını öyrənmək istəyəcəyi barədə düşündükdə çox zaman əhvalım pozulurdu. Məni suallar narahat edirdi: o, nə düşünəcək, teatr həmkarlarım, dostlarım nə deyəcəklər?.. Xoşbəxtlikdən, Almodovarın ilk filmləri o qədər də populyar deyildilər. Anam uzun illər sonra, biz “İstək qanunu”nu lentə alandan sonra kinoya getdi – mən filmdə kişini öpürəm. Bundan sonra anam uzun müddət mənimlə danışmaq istəmədi. Yalnız bir müddət sonra mən ona bəzi şeyləri anlatmağı bacardım. Bu filmdə mənim qəhrəmanım bir oğlanı qətlə yetirməli idi və zorakılıq səhnələri çox qəddar idi. O zaman anamdan soruşdum: nə üçün onu bu dəhşətli kadrlar deyil, barəmdə qonşuların nə söyləyəcəkləri narahat edir? O, hər şeyi anladı və sinirlənməyə son qoydu.

Kino karyeranızı başlayanda, 40 il əvvəl Madrid necə idi?

O zamanlar “Madrid Movidası”nın vaxtları idi. Frankonun diktaturasından sonra azadlıq və enerjinin əsl, bir növ mədəni inqilabı baş verdi: rəssamlar, fotoqraflar, musiqiçilər, rejissorlar köhnə quruluşları ləğv etməyə və tamamilə yeni incəsənət yaratmağa səy göstərirdilər. Bir çox madridli dostların evlərinin qapıları həmişə açıq olurdu və onlar möhtəşəm əyləncə məclisləri təşkil edirdilər. 80-ci illərin Madridi yuxusuz gecələr, qızğın seks və narkotiklərlə şöhrət qazandı. Bir çox dostlarım belə məclislərdən sonra heç cür özlərinə gələ bilmədilər... Bəxtim gətirdi ki, ağır narkotiklərə aludə olmadım, yalnız hərdən ot çəkirdim. Amma bir dəfə ondan da imtina etdim. Bu, 2008-ci il martın 16-da, Hollivuda, Los-Ancelesə getmək barədə qərar qəbul etdiyimdə baş verdi. Uçuşdan öncə özümə coynt almışdım, amma birdən düşündüm: bu mənim nəyimə lazımdı, axı onsuz da təyyarədə yatacam! Və mən enerjimi yeni həyatım üçün qorumaq qərarına gəldim. Həmin coyntu, onunla bərabər bəzi adətlərimi də evdə, masanın üzərində qoyub getdim. Anladım ki, çəkmək heç nəyə yardım etməyəcək, yalnız həyatımı boz və darıxıdırıcı edəcək.

Hollivud Sizi necə qarşıladı?

Birləşmiş Ştatlara gələndə 31 yaşım var idi və ilk filmim “Mambo kralları” adlanırdı. Mən ingilis dilində bir söz belə bilmirdim, mənim qardaşım rolunu oynayan aktyor isə ispan dilini bilmirdi. Rejissorun göstərişlərini anlamağım üçün mənə tərcüməçi təhkim etdilər. İngilis dilini bilməyərək rol ifa etmək o qədər də çətin deyilmiş, çünki ona qədər aktyordan geniş monoloqlar tələb etməyən ekşn-filmlərdə çəkilmişdim – orada bədən dili daha əhəmiyyətlidir. Belə tez populyarlıq qazanmağımın səbəbini anlayıram. Amerikada o zaman Arnold Şvartseneqer tipli ağır çəkililərin obrazını inkişaf etdirirdilər. Onun fonunda mən daha zərif, daha plastik idim, həm də yaxşı hərəkət edirdim, bu isə həm studiyalara, həm də tamaşaçıya xoş təsir bağışlayırdı. Bu gün anlayıram ki, Hollivud - əsl fabrikdir, baxmayaraq ki, yaxşı, keyfiyyətli məhsul istehsal edir. Mən uzun müddət müstəqil Avropa kinosu ilə Amerika studiya meynstriminin qovuşmasında çalışmışam. Bu gün birinciyə üstünlük verirəm, elə buna görə də Avropaya qayıtmışam.

Hollivudda dil problemindən savayı daha hansı çətinliklərlə üzləşdiniz?

İspaniyada mən çoxtərəfli aktyorum idim, Hollivudda isə məndən Latın Amerikalı qəhrəman-sevgili etdilər. Müəyyən zamanda bu mövzuda olan söhbətlər məni o qədər təngə gətirdi ki, bir dəfə “Zorro”nun ekranlara çıxması ilə əlaqədar mətbuat konfransında jurnalistlərə dedim: “Ola bilsin ki, dünya kinosu tarixində mənim qədər homoseksual qəhrəmanı oynayan aktyor olmayıb!” Puritan Amerikada bəyanatım əsl şok yaratdı. Bu barədə hansı hissləri keçirməyim barədə suallar yağdırdılar. Cavab verdim ki, ekranda ən müxtəlif qəhrəmanları canlandırmaq imkanından çox məmnunam, axı məhz bu əsl aktyor ustalığı adlandırılır! Kiməsə bu zarafat görünə bilər, ancaq aktyor işi daim risklə, özü də emosional risklə bağlıdır və hər film sonuncu ola bilər. Mən bütün filmlərimi sevirəm – yaxşıları da, pisləri də. Onları uşaqlarıma bənzədərdim: uşağın vəziyyəti yaxşı olanda, biz onu sevirik, amma o xəstələnsə, biz onu daha çox sevirik. Bəlkə mənim bəzi rollarım tamaşaçının onlarla bağlantı hiss etmədiyi üçün iflasa uğradı? Amma mənim üçün onlar gözəl həyat məktəbi oldular. Həyat isə belədir: bəzən qalib, bəzən məğlub oluruq. Bu ağrı ilə şöhrətin daim yerdəyişməsidir.

Gələcəklə bağlı hansı planlarınız var?

Bu yaxınlarda doğma Malaqa şəhərimdə kiçik bir teatr almışam. Orada çıxış etmək istəyirəm, aktyor məktəbi açmağa və gənc istedadları cəlb etməyə ümidliyəm.

Gənclərə hansı məsləhəti verərdiniz?

Həqiqətən böyük insanlar həmişə çox təvazökardırlar.