NARGIS
Ru En
NARGIS MAGAZINE
Həyat tərzi

İngiltərə-Azərbaycan Cəmiyyətinin ənənəvi Milad xeyriyyə yığıncağı

Dekabrın 8-də Böyük Britaniya Lordlar Palatasının məşhur “The Peers” zalında İngiltərə-Azərbaycan Cəmiyyətinin ənənəvi illik Milad xeyriyyə yığıncağı, həmçinin Cəmiyyətin fəaliyyətə başlamasının 20 illik yubileyi qeyd edilib.

Tədbirdə Cəmiyyətin Böyük Britaniya tərəfindən həmsədri, Britaniya Parlamentinin Lordlar Palatasının üzvü Lord German, İngiltərə-Azərbaycan Cəmiyyətinin Azərbaycan tərəfindən həmsədri, akademik Nərgiz Paşayeva, qurumun İcra Komitəsinin üzvləri, Böyük Britaniya Parlamentinin üzvləri, Londonda akkreditə olunmuş diplomatik korpusun əməkdaşları, yerli və xarici iş adamları, Britaniyada təhsil alan azərbaycanlı tələbələr iştirak ediblər.  

Tədbiri giriş sözü ilə açan Lord German Cəmiyyətin Azərbaycan tərəfindən həmsədri akademik Nərgiz Paşayevaya təşkilatın fəaliyyətindəki böyük xidmətlərinə görə minnətdarlığını bildirib.

20 il ərzində Cəmiyyətin bütün üzvləri ilə birgə çalışan insanlara minnətdarlığını bildirən Lord German qeyd etdi ki, 20 illik dövr uzun və şərəfli bir yol olmuşdur. “Mən həmişə Azərbaycanı Şərq ilə Qərbin, Şimal ilə Cənubun ayrıcında olan ölkə kimi çox yüksək dəyərləndirirəm. Mən bizim Cəmiyyətimizin idarə heyətinin üzvlərinə dərin təşəkkürümü bildirmək istəyirəm. Onlar uzun illərdir ki, Cəmiyyətimizin inkişafına səy göstəriblər”.       

Daha sonra, çıxış üçün söz İngiltərə-Azərbaycan Cəmiyyətinin Azərbaycan tərəfdən həmsədri akademik Nərgiz Paşayevaya verildi.                                                                                                                

 “Ölkəmizin – ikinci dəfə müstəqillik qazanmış Azərbaycanın 25 yaşı, bizim isə 20 yaşımız tamam oldu. Bu illər ərzində cəmiyyətimizin fəaliyyətində yaxından iştirak edən, layihələrimizdə əzmlə, sevgi ilə çalışan - humanitar, mədəni və xeyriyyə tədbirlərimizə dəstək verən insanlara dərin təşəkkürümü bildirmək istərdim.

20 yaşı olan Cəmiyyətimizin mövcudluğu və varlığı həm Azərbaycanda, həm də Böyük Britaniyada yaşayan azərbaycanlılar üçün böyük əhəmiyyət kəsb edir. Əldə edilən nailiyyətləri, qurulmuş münasibətləri, iki ölkə arasında vətəndaş cəmiyyətlərinin birliyini, xeyriyyəçilik, maarifçilik, mədəni tədbirləri davamlı və möhkəm etmək bizim Cəmiyyətin əsəs məqsədidir.

Bir daha hamınıza minnətdarlığımı bildirir, qarşıdan gələn Yeni İlinizi təbrik edir və sizə gözəl axşam arzulayıram”.

Daha sonra Azərbaycanın Böyük Britaniyadakı səfiri Tahir Tağızadə bildirib ki, İngiltərə-Azərbaycan Cəmiyyətinin 20 illik fəaliyyəti və uğurları Britaniya və Azərbaycan ictimaiyyəti tərəfindən qəbul olunub: “Cəmiyyətin iki ölkə arasındakı mədəni əlaqələrinin inkişafı və yaxınlaşmasına verdiyi dəstək təqdirə layiqdir. Təbii ki, ən böyük təqdirə və təşəkkürə bu Cəmiyyətin uğurlu inkişafında böyük xidmətləri olan akademik Nərgiz Paşayeva, Lord German və Cəmiyyətin digər dəyərli üzvləri layiqdir”. 

Qeyd edək ki, 1997-ci ildə yaradılmış İngiltərə-Azərbaycan Cəmiyyəti Azərbaycan və Böyük Britaniya arasında mədəni, humanitar, xeyriyyə və digər bu kimi sahələrdə fəaliyyət göstərən təşkilatdır. Özünün 20 illiyini fəxrlə qeyd edən İngiltərə-Azərbaycan Cəmiyyəti bu dövr ərzində müxtəlif, xüsusən də təhsil və mədəniyyət sahələrində, uğurla həyata keçirdiyi bir sıra əhəmiyyətli layihələri qeyd etmək yerinə düşər.

İngiltərə-Azərbaycan Cəmiyyəti bu illər ərzində Azərbaycanda müxtəlif xeyriyyə tədbirləri təşkil etmişdir. Buna misal olaraq, Cəmiyyətin Gəncə şəhərində, Maştağada, Şağan və Saray qəsəbələrində yerləşən əqli və fiziki qüsurlu uşaq evlərində həyata keçirdiyi müəyyən təmir işlərini, həmin uşaq evlərində çalışan əməkdaşlar üçün Britaniyadan dəvət olunmuş mütəxəsislər tərəfindən təşkil olunan xüsusi təlim proqramlarını göstərmək olar. Cəmiyyət Ramana qəsəbəsində yerləşən əlillər evinin təmiri, həmçinin Azərbaycanda uşaq ölümlərini azaltmaq məqsədilə təsis olunmuş İngiltərənin "Health Prom" xeyriyyə cəmiyyətinin təklif etdiyi Azərbaycanlı həkimlər üçün xüsusi təlimlərin keçirilməsi proqramına böyük dəstək vermişdir. Talassemiya xəstəliyinin Azərbaycanda daha ixtisaslaşmış şəkildə müalicəsi üçün İngiltərə-Azərbaycan Cəmiyyəti tərəfindən Britaniyadan ixtisaslı mütəxəssislərin və laboratoriya texnoloqlarının Bakıya və bu sahədə çalışan Azərbaycan həkimlərinin İngiltərəyə təlim səfərlərinin təşkil edilməsi sahəsində vacib işlər görülmüşdür. 

İngiltərə-Azərbaycan Cəmiyyəti təhsil sahəsində də bir sıra xeyriyyə işləri görmüşdür. Kembric Universitetində azərbaycanlı tələbənin ali təhsil almasına maddi dəstək vermişdir. Həmin gənc daha sonra Britaniyanın Xarici İşlər Nazirliyinin Çevninq təqaüdünü də qazanmışdır; Sürrey şəhərində yerləşən Yəhudi Menuhin Məktəbində skripka fənni üzrə təhsil almaq üçün 1 şagirdə təqaüd ayrılmışdır; Londonun "Guildhall" məktəbində təhsil alan azərbaycanlı gənc pianoçunun dünya üzrə keçirilən müsabiqələrdə iştirakına dəstək olunmuşdur. Amsterdamda keçirilən son müsabiqələrin birində həmin Azərbaycanlı iştirakçı I yer tutmağa müvəffəq olmuşdur. Cəmiyyət həmçinin Böyük Britaniyanın məşhur və ilk ixtisaslaşmış musiqi məktəbi olan "Purcell" (www.purcell-school.org) məktəbilə Bülbül adına musiqi məktəbi arasında əməkdaşlığın qurulmasının təşəbbüskarı olub. Cəmiyyətin təşkilatçılığı ilə Bülbül adına musiqi məktəbinin iki şagirdi Britaniyanın “Purcell” musiqi məktəbində 10 gün təlim dərslərində iştirak ediblər. Həmçinin, Cəmiyyətin dəstəyi və təşkilatçılığı ilə Britaniyanın Uels Kral Musiqi və Dram kolecinin (www.rwcmd.ac.uk) müəllimi, Böyük Britaniyalı məşhur pianoçu-pedaqoq Ceyms Korbi Bülbül adına musiqi məktəbində şagirdlər üçün fortepiano dərsləri aparmışdır. İngiltərə-Azərbaycan Cəmiyyətinin bu kimi onlarla digər xeyriyyə işlərini vurğulamaq olar.

Tədbirdə İngiltərənin “Fe Musa” adlı yeganə qadın simli orkestrinin üzvlərindən ibarət kvartetinin ifasında musiqi əsərləri səsləndirilib. Konsert proqramında həmçinin, Azərbaycan milli instrumental musiqi ifaçıları Rafiq Rüstəmov (kamança) və Rasim Fərziyevin (tar) təqdim etdiyi nömrələr də maraqla dinlənilib.