NARGIS
Ru En
NARGIS MAGAZINE
Simalar

YULİYA VISOTSKAYA OLMAQ

ANDREY KONÇALOVSKİNİN “YÜKSƏLDƏN YALAN” KİTABINDA ONA ÇOXMƏNALI VƏ QISA “O” BAŞLIQLI AYRICA FƏSİL HƏSR EDİLİB. METRİN HƏYATINDA VƏ MEMUARLARININ SƏHİFƏLƏRİNDƏ PEYDA OLDUQDAN SONRA, YULİYA VISOTSKAYA BİZİM DƏ GÜNDƏLİK HƏYATIMIZIN TƏRKİB HİSSƏSİNƏ ÇEVRİLDİ. O, BİZİ EVDƏ BİŞ-DÜŞ ETMƏK HƏVƏSİ İLƏ ALOVLANDIRMAQ ÜÇÜN HƏR BAZAR GÜNÜ TELEVİZORLARIN EKRANLARINDA GÖRÜNÜR. BUNUNLA YANAŞI O, ƏYALƏT SAKİNİ QALYA VƏ ZADƏGAN LYUBOV RANEVSKAYA OBRAZLARINI CANLANDIRIR, LƏZİZ VƏ MARAQLI, XIRÇILDAYAN VƏ ƏTİRLİ, AMMA DAİM UĞUR GƏTİRƏN XOŞBƏXTLİK RESEPTLƏRİNİN TOPLANDIĞI PARLAQ JURNALLARIN VƏ MÜƏLLİFİ OLDUĞU KİTABLARIN ÜZ QAPAĞINDAN GÜLÜMSƏYİR

unnamed

Müsahibələrinizdə Siz tez-tez Bakını xatırlayırsınız. Burada yaşamısınız, məktəbi bitirmisiniz və hətta bazara da getmisiniz... Bakıdakı o zamankı həyatınızdan daha nələri xatırlayırsınız?

Bu - uşaqlıq idi, uşaqlıqda isə hər şey daha yaxşıdır, dadlıdır, gözəldir... Bakıdan çoxdan ayrılmışam, ona görə də xatirələr bu qədər uzaq və olduqca səmimidir. Mən Bakıda yaşayanda o, beynəlmiləl şəhər idi, orada azərbaycanlılar, yəhudilər, ermənilər yaşayırdı - hamı rus dilində səlis danışırdı; insanlar məmnuniyyətlə teatrlara gedirdilər... Bakı ümumiyyətlə ziyalı bir şəhər idi, belə təəssürat yaranırdı ki, məsələn, kitab oxumayan və yaxud fransız kinosunu seyr etməyən təbəqə yoxdur. Bakıda 6 il yaşadım – 84-cü ildən 90-cı ilə qədər. Yalnız bir dəfə, bir neçə ildən sonra, mən şəhərə “Qağayı” tamaşası ilə qayıtdım. O dövrdə Andrey Konçalovski Heydər Əliyev haqqında film çəkirdi.

unnamed_1

Bəs Azərbaycan mətbəxinə müraciət edirsiniz?

Bilirsiniz, mən evdə müxtəlif yeməklər bişirirəm. Azərbaycan mətbəxi, mənə elə gəlir ki, həqiqətən bu işi öyrənənlər, mən deyərdim ki, azərbaycanlı ananın məktəbini keçənlər üçündür. Bu mənada mən Azərbaycanda da hazırlanan müəyyən ümumi sovet yeməkləri haqqında məlumatlıyam. Lakin nə yalan deyim, sırf Azərbaycan mətbəxinə məxsus yeməklər bişirmirəm. Bir vaxtlar çolpa və quru meyvəli şirin plov bişirmişdim. Paxlava isə ümumiyyətlə həvəskarlar üçün deyil, ancaq peşəkarlar üçündür.

“İnstagram”dakı paylaşmalarınızın birinin altında #яестьточтояем (mənyediyiməm) həştəqi yerləşdirilib. Siz doğurdan da yeməyə bu dərəcədə əhəmiyyət verirsiniz?

Tamamilə. Hesab edirəm ki, yediklərimizdən çox asılıyıq, özü də hətta yanacaq mənasında yox - enerji almaq nöqteyi-nəzərdən, eyni zamanda emosional güc ehtiyatına görə də.

unnamed_4

Bununla belə, Siz tez-tez özünüzü həvəskar kulinar adlandırırsınız. Sevimli işinizə daha peşəkarcasına yiyələnmək istəyi niyə yaranmadı?

Mən ilk növbədə aktrisayam. Amma elə alındı ki, hobbim başqalarında maraq oyatdı. Ümumiyyətlə isə kulinariyanı hobbi adlandırmaq olmaz: ölkəmizdə qadınların yəqin ki, 70% yemək hazırlayır, şükür olsun Allaha! Axı bu o deməkdir ki, bizim qadınlarda hələ də evdə dadlı yemək bişirmək, uşaqların faydalı qida qəbul etməsi, kişinin evə qayıdıb məhəbbətlə hazırlanan yeməklərin düzüldüyü masa arxasında əyləşməsini görmək istəyi var... Prinsip etibarı ilə mən özümü bu qadınlardan fərqləndirmirəm: mən də onlardan biriyəm. Amma mən aktrisayam, bu sahədə ambisiyalarım var. Burada isə mən sadəcə kiminsə maraqla izlədiyi işlə məşğul oluram və mənim həqiqətən də yeməklərdən anlayışım var. Əhatə edilməsi mümkün olmayanı əhatə etmək mümkünsüzdür. Mən kifayət qədər inamla deyə bilərəm ki, peşəkar aktrisayam və bu sahədə mən daim inkişaf edirəm, öyrənirəm. Kulinariya sənətinə gəlincə isə - mən orada da inkişaf edir və öyrənirəm, amma məsələn, Mişlen ulduzu almaq kimi məqsədim yoxdur, çünki bu reallıqdan uzaqdır. Buna bütün həyatını həsr etməlisən, amma mənim çox sayda başqa layihələrim var.

unnamed_13

Siz dəfələrlə etiraf etmisiniz ki, bir neçə gün yemək yeməyə bilərsiniz, təki pis və ya ortabab hazırlanmış yeməyi yeməyəsiniz. Beləliklə Siz öz dad qabliyyətinizi korlanmamış saxlamağa çalışırsınız? Ya hesab edirsiniz ki, qastronomik snobizmə haqqınız çatır?

Mən aclığı asan keçirirəm. Mən aclıqdan başı ağrımayanlardanam, huşumu itirmirəm, eyni zamanda bu düşünülmüş aclıqdırsa, o zaman bir neçə gündən sonra məndə xoş eyforiya hissi yaranır. İkincisi, mən anlayıram ki, orqanizmimi nə ilə gəldi yükləməyərək ona xidmət göstərirəm. Axı qida orqanizm üçün ciddi yükdür. Kruassan yedikdə dərk edirəm ki, onun ideal hazırlanmasına rəğmən, faydası bir o qədər də çox deyil. Lakin faydalı heç nə yoxdursa, mən heç olmasa bilirəm ki, estetik qavrayışım və dad hisslərim zərər görməyəcək.

Amma qida nə fayda, nə də zövq vermirsə, - o zaman, bəli, mən yeməksiz də keçinərəm. Odur ki, burada snobizmdən söhbət gedə bilməz, mən sadəcə yeməyi çox sevirəm. Klassik demişkən: “Əgər biz qida qəbul etməyə məhkumuqsa, o zaman gəlin yaxşı yemək yeyək”. Bir çox sovet ailələrində olduğu kimi, bizim də evimizdə yeməyin az olduğu dövrlər olurdu, lakin bu, həmişə nə isə dadlı bir şey olurdu.

Bu baxımdan Qafqaz mənə böyük təsir göstərdi. Mən Qafqaz mətbəxini rus mətbəxindən daha çox sevirəm. Borşa laqeyd yanaşdığımı dedikdə məni az qalırlar kötəkləsinlər. Mən yaxşı bişirilmiş borşu məmnuniyyətlə yeyərəm, amma bunun rus mətbəxinin hansısa rəmzi olduğunu hesab etmirəm.

unnamed_3

Teleaparıcı, kulinar yazıçı, restorator Yuliya Vısotskaya aktrisa Vısotskayaya mane olmur?

Başqa zaman, başqa vəziyyət olsaydı, bəlkə də belə fərqli maraqlar rejissorları məni teatra və ya kinoya dəvət etməkdən çəkindirə bilərdi. Lakin indi kinematoqraf artıq həmin sehrli aləm deyil ki, bura gənc aktrisalar can atsın, tamaşaçılar isə növbəti gözəl heyranedici hekayəni seyr etmək istəsinlər. İndi həyat başqadır. Həm də mənə heç nə mane olmur. Mən xoşuma gələn hər şeyi edirəm. Bu baxımdan bəxtim çox gətirib: məni cəlb edən layihələri seçirəm və mənə sevinc bəxş edən işlərlə məşğul oluram. Bunlar üstəlik pul da gətirirsə, lap əla, lakin ilk növbədə mən heç bir halda zərər görməməyə köklənirəm. Əgər prosesin əzabverici olduğunu anlasam – rejissor mənə maraqsızdır, material bir o qədər uyğun deyil və ya tərəf müqabillərimlə ümumi dil tapa bilməyəcəm – heç vaxt çəkilişə razılıq vermərəm.

Bunun əvəzinə kulinar proqramları hazırlayaram və real zövq alaram: budur, unum, suyum var idi, nəticədə isə - sobada əla çörək bişir! Bütün artistlər gözəl bişirilmiş çörək kimi yaxşı nəticə ilə öyünə bilməzlər.

Sizin rolları seçmək imkanınızın olduğunu da nəzərə almaq lazımdır. Bütün aktyorların belə imkanı yoxdur...

Bəli, hamısında yoxdur. Bu böyük imtiyaz və bəxtdir. Bunun üçün də mən taleyimə və həyatımı məhz bu cür qurmağa - seçim etməyə yardım edən insanlara minnətdaram.

unnamed_5

Strindberqin Miss Jülisi, “Edip Kolon” tragediyasında Antiqona, Çexovun “Albalı bağı”nda Ranevskaya, “Vanya dayı”da Sonya, “Üç bacı”da Maşa... Bu obrazlardan hansı Sizə daha yaxındır?

Bu suala cavab vermək çətindir. Birincisi, onlar çox fərqlidirlər. Aktrisa üçün öz diapazonunu yoxlamaq, harada daha yaxşı alındığını, harada isə o qədər də alınmadığını bilmək xoşbəxtlikdir. Əvvəllər mənə çox qəliz görünən bir şey indi özümünkü olub, doğmalaşıb, nəyinsə üzərində hələ də çalışmaq lazımdır... Bu, prosesdir. Hər tamaşa yeni kiçik həyatdır... Düzünü deyim ki, daha çox hansının mənə yaxın olduğunu bilmirəm, amma yəqin ki, Sonya daha çox çətinliklə ərsəyə gələn roldur və... bu, mənim özümü kəşf etməyim oldu, mən belə deyərdim. Digər rollara gəlincə, bunlar da işdir, amma bu qəhrəmanlar bu və ya digər dərəcədə mənə aydın idi və ya mənə belə gəlirdi... Lakin yenə də həm mənə, həm rejissora, həm də tamaşaçılara maraqlı olsun deyə xarakterdə, ifada gözlənilməzliklər axtarmaq lazım gəlir. Amma Sonya, yəqin ki, özüm üçün də ən parlaq kəşfdir.

Siz bir dəfə etiraf etdiniz ki, təriflərə laqeydsiniz. Amma buna rəğmən Sizin “Cənnət” filmində Olqa Kamenskaya rolunuzu qeyd etmək lazımdır. Artıq rolun ifasının deyil, obrazda mövcudluğun həqiqiliyinin bu zirvəsi - hansısa xüsusi praktikanın nəticəsidir? Bu mürəkkəb obrazın yaradılmasına hazırlıq necə gedirdi?

Bilirsinizmi, hər şeyin “Cənnət” filmindəki obrazdakı kimi alınması üçün hər şeyi sözlə ifadə etmək, ideal resept əldə etmək üçün inqrediyentlərə bölmək olmur. Bu, milyardlarla nazik sapdan toxunmuş parçadır, həddindən artıq çoxşaxəli işdir: bu həm təhtəlşüur, həm ədəbiyyatdır, həm mübahisələrdir, həm bu dövrə və bu adamlara həsr edilən səhərə qədər davam edən söhbətlərdir... Və sən sanki özgəsinin mətnini söyləyəndə, birdən anlayırsan ki, bu haradasa sənin üçündür, sənin tərəfindən və sənin üçün toxunub... Lakin analiz etmək mənim işim deyil. Mənim işim var olmaq, yaşamaq, bütün həqiqətləri çatdırmaqdır...

unnamed_10

Siz tez-tez ünsiyyət zamanı üfüqi münasibətlərə üstünlük verməyin zəruriyyətini vurğulayırsınız, amma bununla belə çox zaman həyat yoldaşınızı müəllim, Sizə dünyanı bəxş edən insan adlandırırsınız. Bu anlayışları necə uzlaşdırırsınız: ünsiyyətdə üfüqi münasibətlər və bir qayda olaraq müəllimin doğurduğu ehtiram?

Birincisi, mən yalnız onun aktrisası olsaydım və ya ancaq onunla işləsəydim, bu başqa bir məsələ olardı. Biz hər halda yaxın insanlarıq və bu səbəbdən də hər şey daha mürəkkəbdir. Bəzən biz hətta rolumuzu dəyişirik: bəzən mən nəyi necə etməli olduğunu daha yaxşı bilirəm və o məni dinləyir, nəzərə alır və mənim göstərişlərimlə razılaşır.

Bilirsinizmi, münasibətlərdə məsafə vacib amildir, lakin bir-birinin məkanına hörmət münasibətləri, şərti ifadə etsək, şaquli müstəviyə keçirmir. Hörmət etmək - onun ayaqlarına yıxılmaq və ya heyran gözlərlə aşağıdan yuxarı baxmaq anlamına gəlmir, insana hörmət etmək və onun çatışmazlıqlarını görmək mümkündür. Lakin bununla yanaşı, müəyyən bir xətti keçməyə yol vermədiyin zaman hansısa bir ünsiyyət kodu müvcuddur. Bu həmin üfüqi ünsiyyətdir, zənnimcə. Buna oğlunla da, həyat yoldaşınla da riayət edə bilərsən. Bu o deməkdir ki, məhəbbətdən savayı mən həm də hörmət edirəm.

unnamed_7

Sizi Konçalovskinin Qalateyası adlandırırlar. Belə xarakteristikaya necə münasibət bəsləyirsiniz?

Biz hamımız bir birimizə təsir göstəririk. Bu, fizikada olduğu kimidir... Düşünürəm ki, Andrey Sergeyeviç də mənimlə görüşənə qədər başqa bir insan idi, indi isə tam başqadır. Ümumiyyətlə, yəqin ki, həyat öz təsirini göstərir. Biz yalnız kiminsə yanında olduğumuz üçün deyil, sadəcə yaşadığımız üçün dəyişirik. Çünki çox sayda hansısa başqa görüşlər baş tutur, başqa hadisələr baş verir, nəticədə də biz dəyişirik.

Ola bilsin ki, Andrey Sergeyeviçə rast gəlməsəydim, başqa bir insan olardım. Bəlkə də. Amma əvvəlcədən olduğum kimi olmasaydım, çox güman ki, belə Qalateya onun yanında çox qalmazdı. Hərçənd, ehtimallar, fərziyyələr... Allah bilir!

Belə müqayisə xətrinizə dəymir?

Bunda nə var ki? Komplekslərim yoxdur. Mən refleks verən insanam, amma kiməsə “mən də varam” sübut etmək?... Yox, bu mənlik deyil! Mən sevinirəm ki, mənim Piqmalionum Pupkin yox, Konçalovskidir.

unnamed_12

Siz çox vaxt etiraf edirsiniz ki, iztirab çəkməyi bacarmırsınız və sevmirsiniz. Belə pozitiv mövqe Sizə bir aktrisa kimi həyatı ekranda, səhnədə daha inandırıcı əks etdirmək üçün onu daha dərindən, onun ütün təzadları ilə qavramağa mane olmurmu?

Mən hiss etdiyim, bacardığım kimi ifa edirəm. Cihazımı maksimal dərəcədə yaxşı formada qorumağa və təbii ki, həmçinin daxilimi hərəkətdə saxlamağa çalışıram. Amma bu heç də iztirablardan da zövq almağın zəruriliyi anlamına gəlmir. Varlıq aləmində anlamadığım müəmma budur - iztirablar varsa, insan həyatı ümumiyyətlə nəyə lazımdır? Yaradana sual vermək şansım olsaydı, elə bu barədə soruşardım.

Sizin adınız çoxdan brendə çevrilib. Siz kulinariya üzrə master klasslar keçirirsiniz, verilişlər aparırsınız, restoranlar açırsınız, minlərlə insanı yaratmaq enerjisi ilə doldurursunuz... Amma brend olmaq markaya uyğun olmaq nəzərdə tutulur, bu isə, yəqin ki, ağır işdir. Belə gərginliyin öhdəsindən necə gəlirsiniz?

Burada yeni heç nə yoxdur! Zərərli vərdişləri azaltmaq, vaxtaşırı doyunca yatmaq, işlərini planlamaq və həmfikir komandaya malik olmaq lazımdır. Daha doğrusu komandanı birinci yerə qoymaq lazımdır, sonra - digərləri. Bu, həqiqətən işdir. Həyatımda nizam-intizam olanda özümü komfortlu hiss edirəm. İşlər çoxaldıqca sən daha çox intizamlı olmağa məcbursan. Bu yaxşı bir qapalı dairədir: intizam vərdişləri diktə edir, vərdişlər isə intizamı diktə edir... Məsələn, heç kim hər gün qaçmaq istəmir. Heç kim həftədə 3 dəfə yoqaya getmək istəmir. Bəli, bu çətindir, amma lazımdır. Hamı səhərlər kofe, axşamlar isə şampan içmək istəyir. Amma hər gün kofe və şampan içmək olmaz, başa düşürsünüz? Sağlam düşüncə lazımdır, əks təqdirdə düz yoldan çıxacaqsan. Mən isə düz yolu tərk etmək istəmirəm, o zaman həyatım darıxıdırıcı olacaq.

unnamed_11

Bu yaxınlarda verdiyiniz müsahibələrin birində etiraf etmisiniz ki: “Əvvəllər, indiki ilə müqayisədə, məni gələcəkdə gözləyənlərlə bağlı daha çox illüziyam var idi”. Ən böyük illüziyanız hansı idi?

Onların sayı çox idi. Ümumiyyətlə, Allaha şükür olsun ki, illüziyalar tez-tez yaranır. Bəziləri qeybə çəkilir, onları başqaları əvəzləyir... Amma ən böyük illüziyam teatrla bağlı idi. Düzünü desəm, o zaman kino haqqında heç düşünmürdüm də, güman edirdim ki, yalnız teatr mənim təsəvvürümdə mütləq etalon kimi formalaşan xoşbəxtliyi mənə bəxş edə bilər. İndi teatrın nə qədər mürəkkəb orqanizm olduğunu və yaxşı yaradıcı kollektivə düşməyimlə nə qədər bəxtim gətirdiyini anlayıram. Eyni zamanda mənə teatrdan asılı vəziyyətdə olmamaq imkanı verən digər fəaliyyət sahələrimin olduğunu da başa düşürəm. Çünki teatr səni uda və lazım olmadığında tüpürüb ata bilər. Hərçənd, istənilən digər yaradıcı peşələrdə də bu belədir. Lakin mənim teatr aktrisası barədə illüziyam faciəvi şəkildə darmadağın olmadı, o sadəcə digər keyfiyyətə keçdi.

Xidmətlərinizin tanınması Sizin üçün əhəmiyyətlidir?

Əlbəttə! Əks təqdirdə aktrisa olmazdım.

Məğrurluğu və tanınma istəyi olmayan insanlar ictimai peşələri seçmirlər. Bir tərəfdən mən introvertəm, lakin başqa tərəfdən bütün dünyaya bu həyatda var olmağımı bəyan etmək istəyim var!

Siz çox zaman özünüzü perfeksionist adlandırırsınız və fəaliyyətinizin bir çox xüsusiyyətləri bunu təsdiqləyir. Bəs sərf etdiyiniz qüvvəyə qarşılıq olaraq Siz nəhayət ki, ən yüksək qiyməti aldıqdan sonra yolu davam etmək, yeni məqsədlər təyin etmək üçün enerjini haradan alırsınız?

Tərif də, mükafat da, sözsüz ki, xoşdur, çünki səni fərqləndirirlər. Amma tam səmimiyyətlə deyim ki, mənim üçün prosesin özü daha maraqlıdır. Əgər məni ancaq nəticələr maraqlandırsaydı, əlbəttə ki, uğursuzluqların öhdəsindən gəlmək və ya yeni məqsədlər təyin etmək çətin olardı. Nəticədən nəticəyə yaşamaq çox çətindir və mənim şüurları belə olan insanlara səmimi qəlbdən yazığım gəlir. Mən prosesin özündən kef alıram. Sözün düzü, uğursuzluqlar baş verdiyində məni ancaq daha da qüvvətləndirirlər.

Allaha şükür, hələ mənə elə zərbə dəyməyib ki, əllərimi yanıma salım. Yolumu davam etdirmək, daha çox şey etmək və daha yaxşı işlər görmək istəyirəm! Ona görə də mükafatlar bayram etmək üçün bir bəhanədir, mən isə bayramları sevirəm!

unnamed_9

Müsahibə Nonna Müzəffərova Foto Aleksandr Qusov