NARGIS
Ru En
NARGIS MAGAZINE
Xəbərlər

ERDİ TAMAŞ BAKIDA: LAYİHƏNİN NƏTİCƏLƏRİ

Bakıda Macarıstanın Azərbaycandakı səfirliyi və “Nargis” Fondunun birgə təşkilatçılığı ilə möhtəşəm multikultural xeyriyyə konserti və yarmarkası keçirilib. İki dost ölkə və iki dost musiqiçi uşaqlara dəstək məqsədi ilə 5 dekabr tarixində Müslüm Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyası səhnəsində bir araya gəldilər. Beynəlxalq yarışmalar laureatı, uşaq yaşlarından görmə qabiliyyətini itirməsinə baxmayaraq Macarıstanın tanınmış pianoçusu olan Tamaş Erdi və Azərbaycanın Əməkdar artisti, Azərbaycan Dövlət Opera və Balet Teatrının baş dirijoru Əyyub Quliyev rəhbərlik etdiyi teatrın simfonik orkestri ilə birlikdə hər kəsə unudulmaz klassik musiqi axşamı bəxş etdilər.

Uşaqlar və böyüklər, Azərbaycanda fəaliyyət göstərən diplomatik korpusların nümayəndələri, ailə üzvləri və Azərbaycanın tanınmış incəsənət, elm, təhsil nümayəndələri, iş adamları, klassik musiqi sevənlər və xeyriyyəçilər, Filarmoniyada canlı dinləyən qonaqlar və evdə televizor qarşısında canlı izləyən tamaşaçılar – bu axşam hər kəsi bir araya topladı. İlk dəfə olaraq Dövlət Akademik Filarmoniyasında baş tutan konsert Mədəniyyət Telekanalının efirində canlı olaraq yayımlanırdı.

Konsert Macarıstanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Viktor Sederkenyi, Azərbaycan Respublikası Təhsil Nazirinin birinci müavini Firudin Qurbanovun və “Nargis” Fondunun nümayəndəsi Nərmin Məmmədovanın açılış nitqləri ilə başladı. Daha sonra dünya və Azərbaycan klassik musiqi inciləri bir saat davam edən konsert boyunca musiqiçilər tərəfindən səsləndirildi.

Konsertdən öncə və sonra Filarmoniyanın foyesində xeyriyyə yarmarkası təşkil olundu. Yarmarkada “HOMS” (Diplomatik korpuslar başçılarının həyat yoldaşları təşkilatı) xüsusi olaraq hazırladığı şirniyyatlar, Macarıstandan özəl olaraq gətirilmiş təamlar, həmçinin uşaqlar tərəfindən düzəldilmiş əl işləri tədbirin xeyriyyə məqsədlərinə dəstək olaraq satışa çıxarıldı.

Tədbirin əsas qonaqları olan Uşaq Sığınacağı – Reinteqrasiya Mərkəzi, 5 nömrəli Respublika Xüsusi İnternat Məktəbi, Məktəb nəzdində fəaliyyət göstərən 38 saylı musiqi məktəbinin uşaqları və müəllim kollektivi konsertin ön sıralarında yer aldılar. 

Tədbirdən əldə olunan gəlir 7 000 AZN təşkil etdi və yaxın günlərdə yuxarıda qeyd olunan müəssələrin uşaqlarının ehtiyaclarının qarşılanmasına istifadə olunacaq.