Deyəsən, tale yüksək səviyyəli bir ifaçı ilə oyun oynadığını bilirdi! Buna görə də əvvəlcədən onu bu cür sərt şərtlər qarşısında qoymuşdu: Nikolas Makkarti 14 yaşında musiqiyə başlayıb – peşəkar standartlara görə bir az gecdir! – bundan başqa, onun sənət yoldaşlarından fərqli olaraq... doğuşdan sağ əli yox idi. Musiqi onun üçün mürəkkəb etapları olan kvest oyunları oldu. Lakin o, yolunda dayanan bütün çətinliklərə oynarcasına sinə gəldi.
– İyirmi il əvvəl idi?.. Nik xatırlayır. – Altı yaşım vardı və İngiltərənin cənubundakı Surrey kəndində "qraf mülkündə" yaşayırdım. O vaxtları düşünəndə ağlıma dərhal dostlarımla həyətdə saatlarla oynadığımız uzun yay tətili gəlir...
Valideynləri onu digər uşaqlardan fərqlənmədiyinə inandırıblar. Hətta "kiçik" sağ əli balaca uşağa pianonu dınqıldatmağa mane olmurdu. O, müstəqil olaraq olduqca aydın səslər çıxarırdı. O dövrdə Nikolas peşəkar səviyyədə kulinariya ilə məşğul olmaq istəyirdi; əgər ilk gənclik sevgisi kimi onu təsirləndirən Bethovenin "Valdşteyn" sonatası olmasaydı, bəlkə də ondan yaxşı bir aşpaz çıxardı. Sonatanı onun dostu ifa edirdi və balaca oğlancığazın birdən ürəyi titrədi: onun üçün "ifa etmək" sözünün yeni bir mənası yarandı... Ancaq sevgi kimi musiqi də nəinki çox şey vəd edirdi, həm də tələb edirdi. Birdən hər şey daha da mürəkkəbləşdi, ilk dəfə o, mükün deyil sözünü eşitməli oldu. Dərs almaq istədiyi peşəkar musiqiçilər məhz belə düşünürdü.
Nikolas əzmkarlıq göstərdi, Gildholl musiqi məktəbinə daxil oldu və bu günə qədər onu fikrindən daşındırmayan valideynlərinə təşəkkür edir. Nüfuzlu musiqiçi və pedaqoq Lüsi Parhem onu istiqamətləndirməyi üzərinə götürdü. Sol əl üçün yazılmış konsertlərə diqqət etməsini tövsiyə etdi. Axı balaca oğlan potensiala sahib idi, böyük musiqi dünyasında özünə yer tapmaq və kiçik də olsa öz repertuarını hazırlamaq qalırdı. Gildholld musiqi məktəbindən o, birbaşa Kral musiqi kollecinə yollandı.
– Yalnız xəyalını qura biləcəyim bir kollecə daxil olmuşdum. Rəqabət böyük idi və dəvət məktubu alanda inanılmaz hisslər keçirdim. Məndən əvvəl böyük musiqiçilərin yaratdığı kollecdə oxumaq, istedadlı insanların əhatəsində olmaq və məni demək olar ki, əhatə edən hər bir şeyin hekayəsini hiss etmək – bəlkə də həyatımın ən yaxşı günləri idi!.. Sonra mən özüm də, mövcud olduğu 135 il ərzində ilk birqollu tələbəsi olaraq Kral kollecinin bir hissəsinə çevrildim. Valideynlərimin necə qürur duyduğunu heç vaxt unutmayacam!..
"Sol" musiqi onun üçün daha parlaq bir gələcəyə bilet oldu: məşhur filosofun qardaşı Paul Vitqenşteyn üçün yazdığı Moris Ravelin fortepiano konserti nəyə desən dəyər!
– Ravelin konsertini faciəvi olduğuna görə çox sevirəm. Həm də orkestrin əhatəsində musiqi məni alır və çox uzaqlara aparır. Fortepiano və orkestr bir vahid olaraq hərəkət edir. Belə anlarda bu notaların yazıldığı birqollu pianoçu haqqında və 1930-cu ildən bu yana keçən dövr haqqında düşünürəm. O vaxtdan bəri çox şey baş verib, amma bu musiqi isə hələ də insanların hisslərinə hakimlik edir! Repertuarımda XIX əsrin musiqiləri və Birinci Dünya müharibəsinin səbəb olduğu o möhtəşəm dəyişikliklərin izləri, o cümlədən Vitqenştenlə bağlı "sol əl üçün" olan kompozisiyalar var. Bəstəkarın yaradıcılıq düşüncəsinə sadiq qalan yeni aranjimanlar da var. Məsələn, mən Qerşvinin əsərlərini ifa edirəm: birinci kompozisiyanın aranjimanını 50 il əvvəl özü hazırlayıb, ikincisini isə – Summertime – mən təklif etmişəm.
Həyatınızda ən yaddaqalan anlar hansılardır?
– İki an var. Birincisi 2012-ci il Paralimpiya Oyunlarının bağlanış mərasimi zamanı Coldplay rok qrupu ilə birlikdə Olimpiya Stadionunda 86 000 tamaşaçı qarşısında çıxış etmək idi. İkincisi Albert-Hallda Skrabinin noktürn əsəri ilə çıxışım. Albert-Hall Kral Kollecinin qarşısındakı küçədə yerləşir və həmişə ona baxıb özümə deyirdim: “Bir gün orada çıxış edəcəm”. Bu yaxınlarda Warner Classics şirkəti ilə müqavilə bağladım və ilk "Solo" adlı albomumu buraxdım. Bu albom sayəsində dinləyici auditoriyam xeyli genişləndi.
"İki əl" illüziyası Nikolasın xüsusi bir qürurudur. Əvvəlcə onun konsertinə insanlar maraq üçün gəlirdi, sonra isə onlar fonoqram ifa etdiyi ilə bağlı şübhə etməyə başlayırdılar. Beş barmaqdan hasil edilən bu zənginliyi az adam qəbul edə bilirdi. Məktəbdə zəif oxuyan, daim artıq çəki ilə mübarizə aparan, bir vaxtlar mağazada işləyən, valtorna musiqi alətində ifa etmək istəyi uğursuzluqla nəticələnən 26 yaşlı gənc həyatda iki əli olan insanlardan daha çox şey edib.
– Mən həmişə həyata pozitiv baxmışam və həqiqətən cəhd etdiyində hər şeyin mümkün olduğuna inanc məni məqsədimə aparan yolun açarı olub və sayəsində çətin günlərdə çökməmək üçün güc verib. Xeyirxahlıq, sədaqət, insanlara hörmət və əlinizdə olanları dəyərləndirmək bacarığı həqiqətən vacibdir. Və daha bir şey: əgər məqsədin varsa və məhz bunun sənə lazım olduğunu bilirsənsə, heç kimin səni başqa yola çəkməyinə imkan vermə. Hər şey mümkündür! Mən həqiqətən buna inanıram.
Üstəlik, arzuların yerinə yetməsi üçün günün 24 saatı yorucu iş görmək kimi fədakarlığa gərək yoxdur. Nikolasın iş qrafiki mükəmməl tərtib olunub: pianoçunun işdə boğulmaması üçün hər şey nəzərtə tutulub. Bir dəfə yaxşı havalarda özünü "Yamaha" alətinin arxasında oturmağa məcbur edə bilmədiyini etiraf etmişdi. Eynən iyirmi il əvvəl olduğu kimi, dostları ilə gəzməyi, kinoya getməyi, yemək bişirməyi sevir... Onun iti var və məmnuniyyətlə onunla gəzintiyə çıxır. O, hətta gözəl geyinməyə də vaxt tapır. Əmindir ki, səliqəli musiqiçinin görünüşü yüksək keyfiyyətli musiqi təəssüratını xoş bir şəkildə tamamlayır. Ona baxaraq güzgüdəki əksimdən soruşmaq istəyirəm: "Hələ də payızın cansıxıcılığından şikayət edirsən?".
Mətn: Sona Nəsibova
Foto: Lindsay Wakelin, Paul Marc Mitchell