Həbsxana kamerasında keçirdiyi 36 saat, onun son kitablarından birinin başlanğıc nöqtəsi oldu. Bioqrafiyasında olan bu faktı o, öz fransız ədası ilə, sürgündə olan rus yazıçıların qisməti ilə tutuşdurmağı da yaddan çıxarmadı. Öz çarpayısını o, Oblomov kürsüsünün xələfi elan etdi. Onun portreti ziddiyyətlidir. Anarxist və romantik eqoistdir. İnsan xoşbəxtliyinə 99 frank qiymət qoyan və insan sevgisinin ömrünü 3 il həddində təyin edən marketoloq və fitnəçidir. Yazıçı, bestsellerlər müəllifi və rəqs meydançasında olanları canlandıran diceydir. Bir şəxsiyyətdə həm Tanrıya qarşı çıxan, həm də onu axtaran yazıçı Frederik Beqbeder – bizim həmsöhbətimiz və bu sayımızın qəhrəmanıdır.
Siz yazıçı kimi başlamışdız, indi isə kino çəkirsiz! Bu incəsənət istiqamətlərindən hansına daha çox üstünlük verirsiz?
Burada mən heç nəyə üstünlük vermirəm. Bu istiqamətlərin ikisi də bir-birindən çox fərqlidir. Amma əvvəldə həmişə söz var. Ona görə də, hətta ssenari üzərində işləyərkən belə, siz yazı prosesində müəyyən dərəcədə tənhasız. Kitabın finalına çataraq, siz onu kitab mağazasının rəfində yerləşdirirsiz, həyatı artıq orada davam edir. Başqa yandan, siz ssenarini bitirəndə, ̶ bu yalnız uzun bir prosesin başlanğıcı olur. Kino aləmi – sərsəm dünyadır. Mən bu yeni mühiti hələ özüm üçün açmaqdayam, amma bundan artıq xeyli zövq alıram.
Sevgidən yazmağa Sizi nə sövq etdi? Siz doğrudanmı, kitabınızda deyildiyi kimi, inanırsız ki, sevgi cəmi üç il sürür?
Ümid edirəm, o, necə də olsa, amma cəmi üç il sürmür! Hərçənd cəmiyyətin bugünkü həyat tərzi cütlüklərin həmişəlik bir yerdə qalmasına imkan yaratmır. Biz istehlakçıların cəmiyyətində, istəkləri, həzzi və gedonizmi təbliğ edən mühitdə yaşayırıq. Hərdən elə gəlir ki, müasir ictimaiyyət sevgiyə qarşı müharibəyə başlayıb. Amma insanların çoxu xoşuma gəlir və gümanım onadır ki, nə vaxtsa qarşıma bir adam çıxacaq və həyatımın qalan hissəsini onunla keçirə biləcəm. Sanıram ki, mənim kitabım – “sevgi – məhdud istifadə müddəti olan məhsuldur” ideyasının etiraz manifestidir. Ümid edirəm ki, sevgi belə bir məhsul olmayacaq, amma dünyanın inkişaf istiqaməti məni qorxudur. İnternet, sosial şəbəkələr, hətta mobil telefonlar – hamısı ərlərə kömək edir ki, arvadlarını aldatsınlar. Yoldan çıxaran şeylər hər yerdə var. Demək olar ki, kiminləsə həmişəlik qalmaq qərarı – inqilabi bir addım, yeni texnologiyalar dünyasının hakimiyyətinə qarşı müqavimətdir.
Siz reklamlar aləmində başlamışdız, amma yazıçılar aləminə qədər böyüyə bildiz. Bu necə baş verdi? Və yazıçılıq sənəti həmişəmi Sizin həyatınızın vacib hissəsi olub?
Mən balaca oğlan olanda, gündəlik yazmaq vərdişim var idi və yazıçılar məni həmişə valeh edirdilər. Yazıçı olmaq mənim arzum idi. Elə bu da məni jurnalistlik yoluna, ardınca da özümü kopirayter kimi sınamağa sövq elədi. Çox illər tələb olundu ki, köçürməyi saxlayım və yazmağa başlayım. Yazıçılıq – ağır xəstəlik kimidir, çünki sizinlə baş verən hər şeyi yazmalı olursunuz. Qələm adamları həyatın nəbzini hiss etmək, həyatın özündən birbaşa zövq almaq əvəzinə, onu elə dərk edirlər ki, elə bil öz ətraflarındakı həyatı tədqiq etmək niyyətilə müvəqqəti bədənlərini tərk ediblər. Mən də ətrafımda baş verən hər şeyi aramsız təhlil edirəm, amma bunu, əlbəttə, yetərincə istehza qatmaqla edirəm. Yazıçıların çoxu bundan əzab çəkir – hamısı azacıq dəlidir...
Bir neçə il əvvəl Siz the Kooples reklam kampaniyasında görünürdüz…
Hə, bu da qəribə idi, çünki məktəbdə hamı deyirdi ki, mən eybəcərəm. Ona görə də the Kooples (qeyd.: fransız gənclərinin dəbli küçə geyimləri brendi) reklam kampaniyasında iştirakım – mənim şirin-şirin aldığım qisas məqamı idi.
Siz Parisdə oxumusuz və artıq uzun illərdir bu şəhərdə yaşayırsız. Paris həyatında Sizin üçün ən çox cəlbedici olan nədir?
Düşünürəm, Paris həyatı onunla cəlbedicidir ki, burada insanların fikri-zikri iş deyil. Dünyada cəmi bir-iki şəhər var ki, orada insanlar təkcə işləməyi deyil, yaşamağı üstün tuturlar. Onlardan biri – Parisdir. Onun əksi olan – Nyu-Yorkdur, bura elə bir yerdir ki, hamının başı işləməyə qarışıb, həmişə harayasa qaçırlar, mobil telefon qulaqlarından düşmür və heç vaxt vaxtları yoxdur. Parislilər də işləyirlər, amma həyatdan zövq almağı da bacarırlar.
Başqa hansı şəhərlər xoşunuza gəlir?
Mənim Roma, Barselona və Sankt-Peterburq kimi şəhərlər xoşuma gəlir, oralarda gərginlik hiss olunmur. Yaşa dolduqca aşkar edirəm ki, işləməyi sevmirəm, məhz ona görə ki, həddən artıq çox işləyirəm, daim hansısa qeydlər aparıram, müşahidə aparıram və qeyd edirəm. Ona görə öz həyatlarını işə qurban verən adamları başa düşmürəm.
Ağlınıza yeni kitabınızın ideyası gələndə, riayət etdiyiniz müəyyən bir sxem varmı?
Kitabın necə baş verdiyini izah etmək asan deyil. Birinci nə isə səndə maraq oyadır, sonra isə, bir gün bu maraqdan ideya ortaya çıxır, o ideyadan da kitab doğur. Mən intizamlı deyiləm və hər hansı bir proseduraya riayət eləmirəm. Mənim vəziyyətimdə, mən sadəcə gözləməli oluram – görək nə vaxt ağlıma ideya gələcək? Bu hərdən qorxudur, çünki, məsələn, indi mən növbəti kitabımın mövzusunu bilmirəm və ümumiyyətlə, bu növbəti kitab baş tutacaqmı? Mənim üçün dəqiq qaydalar yoxdur, odur ki, mən əsl – anarchiste de la literatur (frans. – ədəbiyyat anarxisti(yəm))!
Nargis-in oxucuları da çox maraqlanandırlar! Onlar bilmək istəyirlər, Frederek Beqbederə xas gün nəyə oxşayır?
O baxır günə. Məsələn, bu səhər lap erkən qalxmışam, amma, adətən çox yatmaqdan xoşum gəlir. Ümumiyyətlə, mənim həyatım yetərincə darıxdırıcıdır. Oxuyuram, oxuyuram, yenə oxuyuram, insanlarla görüşürəm və kifayət qədər çox səyahət edirəm. Fikir vermişəm ki, ilham qığılcımları məni məhz yolda olanda haqlayırlar: təyyarə ilə uçanda, ya da qatarla gedəndə. Eyni şey mən maşının və ya motosikletin sükanı arxasında olarkən də baş verir. Hər hansı yeni başlayan yazıçıya mənim məsləhətim – sürməyə başlayın! Əlbəttə, eyni vaxtda həm maşın sürmək, həm də yazmaq lazım deyil, ̶ təcrübəmdən bilirəm ki, bu qətiyyən rahat deyil (Frederik öz cavabını əlindəki bokalı sağlığa qaldırmaqla müşayiət edir)!
Siz yazdığınız kitabları yenidən oxuyursuzmu?
Kitab nəşr olunmazdan qabaq onu mütləq yenidən oxuyuram. Amma o çıxandan sonra, daha heç vaxt bunu etmirəm.
Bir daha heç vaxt?
Heç vaxt, «Sevgi üç il yaşayır» kitabından başqa. Onu yenidən oxumalı oldum, ssenari yazmalı idim – ona görə. İstədim hər şeyi dəyişim, düzəlişlər edim və kinonu yeni bir şəkildə yaradım, tamaşaçıya kitabın yeni versiyasını təqdim edim.
Öz işinizdən məmnun qaldız? Elə bir şey var idimi ki, belə imkanınız olsaydı, onu dəyişmək istərdiz?
Mən hər şeyi dəyişmək istəyirdim! 15 il keçəndən sonra öz işini yenidən oxumaq olduqca maraqlı idi. Elə bil özünün köhnə fotoşəklinə baxırsan və gəncliyin, ağılsızlığın nostaljisi səni aparır. Gənc olduğundan, boşanmadan bir il sonra sevgi haqqında yazdığın o boş-boş sözlərin nostaljisi.
Kitablarınızdakı personajların çoxu Sizin öz xasiyyətiniz və təcrübəniz əsasında yaradılıb. Öz həyatınızdan ilhamlanmaq necə olur?
Bu, eyni vaxtda həm asandır, həm çətin. Üstəlik də təhlükəlidir, çünki kitabım insanların xoşuna gəlmirsə, deməli mən özüm də onların xoşuna gəlmirəm. Bu isə adamı ağrıdır. Amma seçimim yoxdur, axı mən öz təxəyyülümlə məhdudlanıram. Reallıq mənə elə qəribə gəlir ki. Sadəcə öz ətrafına baxmaq kifayətdir. Mənim üçün reallıq – uydurmadır. Misal üçün, bizim yan tərəfimizdəki masanın arxasında üç nəfər oturub (həmin stola tərəf dönür). Öz-özümə sual verirəm: «Onlar nə haqda danışırlar görəsən?». Ya da ki, mənə maraqlıdır, görəsən qonşu stoldakı xanımın çantasında nə var? Bu iki nəfər doğrudanmı bir-birilərinə aşiqdirlər? Həmişə özümə belə suallar verirəm.
Sizcə, insanlar aşiq olanda öz hisslərini hansı üsulla bildirirlər? Hesab edirsizmi ki, sevgililər özlərini hansısa xüsusi bir tərzdə aparırlar?
Bunu hesablamaq mümkün deyil, həyatın gözəlliyi və qəribəliyi də elə bundadır. Heç vaxt bilməyəcəksiz ki, insanlar əslində nə haqda fikirləşirlər. Hamının başı, teatrdakı kimi, oyuna qarışıb və hərdən insanlar öz rollarını əsl hisslər kimi qəbul edirlər. Sevgidə həmişə sirlər var və siz başqasının hisslərinə sonacan əmin ola bilməzsiz. Bilirsiz, əgər insan fikirlərini oxuya bilən maşın icad etsəydilər, həyat dözülməz dərəcədə maraqsız olardı. Yəqin ki, hər kəs özünə belə bir maşın almaq istəyəcəkdi, amma biz hər kəsin fikrini bilsəydik, onda bizim məyusluğumuzun həddi olmazdı.
Madam ki, sevgidən söz saldıq, onda mister Beqbeder üçün ideal qadın nədir?
Əgər qarşıma ideal qadın çıxsaydı, qaçıb aradan çıxardım. Mənim xoşuma natamamlıq gəlir: gözəllik mükəmməl deyil, bu dünya qeyri-mükəmməldir. Ona görə də mənim üçün çatışmazlıqları olan qadın seksualdır. Bəlkə bir az ağrılıdır, həddən çox yüksək səslə danışır və ya həddən çox gülür. Mənim üçün ideal qadın – qüsurlu qadındır, təbii qadın. Mükəmməllik - cansıxıcıdır!
Bürclərə inanırsız?
Doğrusu, yox, sadəcə bilirəm ki, mən Qız bürcündənəm. Amma kimsə məni əmin etsə, mən inanmağa hazıram.
Ruhsallığın Sizin həyatınızda hansısa rolu varmı?
Mən katolik məzhəbində tərbiyə almışam, elə buna görədir ki, kitablarımdan biri demək olar keşişlə birgə müəlliflikdə yazılıb (qeyd.: söhbət «Mən inanıram – Mən də yox» kitabından gedir). Dinin mənə böyük təsiri var. Amma eyni zamanda mən – Allahsız nəslin oğluyam. Mənim bütün kitablarım bu paradoksdan danışır: o haqda ki, Yaradana inamla tərbiyələnmiş ola-ola, necə bu inancı itirirsən və daim Tanrının yoxluğuna təəssüf edirsən. Elə bu da yazdığım bütün hekayətlərin əsl səbəbidir ki var. Mən maddi dünyada azmış ruh haqqında yazıram və hesab edirəm ki, ümumi azadlıq şəraitində tamamilə xoşbəxt olmaq mümkün deyil. Zənn edirəm ki, Tanrıdan azad olmaq həyatın gözəlliyini qazanmağa mane olur.
Sizin fikrinizcə, insan nə etməlidir ki, müasir dünyada daha ruhsal olsun?
Düşünürəm, bizim ən azı gündəlik sakitliyə ehtiyacımız var. Bu imkanı da bizə məhz kilsə verir. Məbədi ziyarət etmək bizə düşünüb-daşınmaq və qulaq asmaq üçün vaxt verir. Həyatın bugünkü hay-küylü və dəli ritmində bizim artıq düşünmək qabiliyyətimiz yoxdur. Və mənə elə gəlir ki, bu cür sakitlik imkanını ədəbiyyat təklif edir, belə ki, oxuma və yazma prosesi – özlüyündə bir növ meditasiyadır.
Təbiidir ki, sakitlik Sizin üçün çox vacibdir...
Gündəlik nizam qaydalarımda susqun düşüncələrimdən və dalğınlığımdan zövq almaq üçün taym-aut götürməkdən xoşum gəlir.
Bunu etmək üçün sevimli bir yer varmı?
Əlbəttə ki, mənim çarpayım! Çarpayımda yeməyi və mümkün olan hər şeyi eləməyi sevirəm.
Hansı növ kitabları oxumaqdan böyük zövq alırsız: ənənəvi olaraq kağızda çap olunmuş, yoxsa elektron kitabları – planşetdən və ya kompyuterdən?
Mən çevrilən səhifələrin xışıltısını, kağız iyini sevirəm və bir faktı anlamaqdan xoşum gəlir ki, siz kitabı açan kimi, o, sizin olur və sizin üçün bu unikaldır. Axı hətta kitabxanada da iki tamamilə eyni kitab olmur.
Siz gənc, istedadlı yazıçılar üçün mükafatlar təsis eləmisiz. Onları niyə «Flora mükafatı» və «De Sad mükafatı» adlandırmısız, bu barədə ətraflı danışın.
Flora – Sen-Jermen-de-Predəki «De Flore» kafesinin adıdır , orada oturmağı sevirəm. İkinci mükafat isə çox azad və qeyri-adi şəxsiyyət markiz de Sadın şərəfinədir. Mən bu mükafatları ona görə təsis etmək qərarına gəldim ki, bəyəndiyim yazıçılardan heç biri heç vaxt mükafat almamışdı. Yeni nəsil fransız yazıçılarını həvəsləndirmək elə yaxşıdır ki.
Gərək ki, Siz bununla xoşbəxtsiz...
Bu, öz meyllərini aşkar eləməyin və onlarla bölüşməyin əla bir üsuludur. Yazıçılıq – tənha adamın sənətidir, amma bu tənhalığı kiminləsə bölüşmək də olar.
Sevdiyiniz bir neçə yazıçının adlarını çəkin.
O, onlar çoxdur! Mən fransız yazıçılarını sevirəm, çünki fransız dili mənim doğma dilimdir. Amma mənim xoşuma həm də ingilis və amerikan müəllifləri gəlir. Onları həmişə orijinaldan oxumuram, amma Selincer və Fisceraldı ingilis dilində oxumuşam, çünki onların leksikonları olduqca universaldır və onlar öz mesajlarını çox asan dildə çatdırırlar. Yazının sadəliyi – yazıçının ən böyük keyfiyyətidir. Həmçinin, realistik roman dediyimizin mənbəyində duran XIX yüzilliyin rus yazıçılarından da xoşum gəlir.
Bu cümləni tamamlayın: «Yazıçılar dedikdə...»
Hm... Yazıçılar sehrbaz kimidirlər – yaxşı yazıçıları deyirəm. Əgər onlar yaxşı deyillərsə, onda sadəcə, zəhlətökəndirlər! Elə yazıçılar var ki, çox da yaxşı yazmırlar, amma siz yenə də onun əsərlərini oxuyursuz, çünki bilirsiz: onların dedikləri – həqiqətdir. Hərdən mənə elə gəlir ki, kitablar ona görə mövcuddur ki, bizi oyatsınlar; bu, filmlərə də aiddir .
Madam ki, biz yenidən filmlərdən söz saldıq, ən çox sevdiyiniz hansı filmlərdir?
Mənim xoşuma Vudi Allen gəlir, çünki o, eyni vaxtda həm güldürməyi bacarır, həm də ağlamağa məcbur edir. Onun sonuncu “Parisdə gecəyarı” filmində, Fiscerald və Dali kimi böyük sənət ustaları ilə söhbət etmək üçün, zamanda geriyə qayıtmaq ideyası mənim ürəyimcədir.
Siz çox səyahət edirsiz və gərək ki, bütün dünyada çoxlu dostlarınız var …
Bugün insanların Facebook-da, olur ki, üç minə yaxın dostları olur, amma mənim üçün o qədər dostun olması, sadəcə, mümkün deyil! Mən insan məxluqu ilə üz-üzə danışmağı sevirəm – canlı, virtual yox.
İndi Sizin Facebook-da səhifəniz və ya hesab qeydiniz varmı?
Facebook-a girmirəm, çünki bunu boş yerə vaxt itirmək sayıram. Bütün bu virtual sosial şəbəkələr kütlə üçün tiryəkdir.
Kişi ilə qadın arasındakı dostluğa inanırsız?
Yox, inanmıram. Düşünürəm, əsl dost olmaq üçün gərək səmimi olasız. Qadınla isə, mənə elə gəlir ki, bu, çətindir, çünki bədənin tamahları hər şeyi qəlizləşdirir.
Xoşbəxt həyata nail olmaq üçün həyatın hansı dəyərlərinə pərəstiş edirsiz və onlara riayət etməyi vacib sayırsız?
Bunun cavabını özüm də bilmək istərdim! Əlbəttə, həyatda sevgi ən vacib şeydir. Əgər sevginiz yoxdursa, demək heç nəyiniz yoxdur. Zaman da az vacib deyil. Əgər həyat tempinizi aşağı salırsızsa və onun hər bir saniyəsindən zövq alırsızsa, onda görünür siz müdrik adamsız. Məndə xoşbəxt həyatın resepti yoxdur, amma mən tələsməməyi və xoşbəxtlik haqqında bol-bol düşünməyi tövsiyə edərdim.
Aldığınız bütün məsləhətlər içində ən yaxşı saydığınız məsləhəti kimsə sizə veribmi?
Bir dəfə psixiatr mənə yaxşı məsləhət verdi: «yox» deməyi öyrən. O qədər adam sizdən nələrisə xahiş edir ki, çox vaxt nəzakət xətrinə rədd cavabı verməyə gücünüz çatmır. Amma «yox» deməyi öyrənsəz, onda yenidən öz həyatınız üzərində nəzarəti qazanarsız. Öz vaxtını və öz həyatını nəzarət etmək, asanlıqla yoldan çıxara bilən hər şeyə müqavimət göstərmək və başqalarından asılı olmamaq çox vacibdir. Siz «yox» deməyi öyrənməklə, öz həyatınızın keyfiyyətini yaxşılaşdıracaqsız. Sonra siz kiməsə «hə» deyəndə, o adam başa düşəcək ki, siz ona üstünlük vermisiz. Axı mən, məsələn, gündüz saatlarımı belə qəşəng xanımlarla masa arxasında keçirmək təklifinə «yox» da deyə bilərdim…