NARGIS
Ru En
NARGIS MAGAZINE
Mədəniyyət

MİLLƏTİN SƏRVƏTİ

İyunda Corc Vaşinqton Universitetinin (ABŞ) parçalar muzeyində Şərq xalçalarına dair Beynəlxalq Konfransın illik XIV sessiyası keçirildi (ICOC).  Ölkəmizi ekspertlərin bu forumunda Azərbaycan Xalça muzeyinin direktoru, Beynəlxalq muzeylər şurasının Azərbaycan Milli Komitəsinin sədri, Əməkdar Mədəniyyət işçisi Şirin Məlikova təmsil edib. O, “Azərbaycan Xalça muzeyinin kolleksiyasının artırılma mənbələri” mühazirəsi ilə çıxış edib. Şirin Məlikova çıxışında xarici Şərq incəsənəti kolleksiyaçılarına müraciət edərək nadir Azərbaycan xalçalarını tarixi vətənə, lazım gəldikdə xeyriyyəçilərin yardımı ilə qaytarılmasına səslədi.

sokrovisha-naciyYüzilliklərlə xalçalarımız Azərbaycandan kənara çıxarılıb - O, qeyd edib. – Onların belə yüksək qiymətləndirilməsi müsbət haldır. Bizim xalçalarda xalqın estetik dəyərləri cəmləşib və bu, ölkənin və onun mədəniyyətinin ən yaxşı təqdimatıdır. Lakin bu gün yalnız texnoloji baxımdan deyil, həm də iş strategiyası baxımından bütün dünya standartlarına cavab verən muzeyə kifayət qədər “qonaq” olan çox nadir, unikal Azərbaycan xalçalarını geri almaq lazımdır. Onların evə dönmək zamanı yetişib. Xalça muzeyi isə onlar üçün ən yaxşı evdir. Burada saxlanma üçün peşəkar şərait, möhtəşəm təqdimetmə və tədricən təkmilləşdirdiyimiz və onun üçün öz kadrlarımızı hazırladığımız bərpa emalatxanası var. Ötən il muzey İKOM Beynəlxalq sənədləşmə komitəsinin qeyri-maddi mədəni irsin verilənlər bazası sahəsində “Ən yaxşı təcrübə” mükafatına, TripAdvisordan keyfiyyət sertifikatına layiq görülüb, bu il isə Beynəlxalq muzey forumunun (EMF) “Avropanın ən yaxşı muzeyi” mükafatı nominantı olub və “Muzey sahəsində ictimaiyyətlə işdə innovasiyalara görə” sertifikatına layiq görülüb.

 

2--

Lakin Azərbaycan xalça muzeyinin əsas məqsədi – haqlı olaraq milli sərvət hesab edilən Azərbaycan xalçasının ənənələrini qorumaq və bu incəsənəti öyrənməkdir. Şirin Məlikova Xalça muzeyinin kolleksiyasının  komplektləşməsindən, Azərbaycanın sadə vətəndaşları, həmçinin xarici kolleksiyaçılar, arxeoloqlar, hərrac evləri ilə əməkdaşlıqdan söz açdı. Azərbaycan xalçasının böyük populyarlığı bu incəsənət nümunələrinin bir çoxunun bütün dünyaya səpələnməsi ilə nəticələndi. Beləliklə də muzeyin prioritet vəzifələrindən biri də bu sərvətlərin xoşbəxt sahibləri ilə qarşılıqlı əlaqə oldu.

Şirin Məlikovanın məruzəsində öz kolleksiyalarından xalçaları muzeyə hədiyyə etmiş bir neçə donatorun adı çəkilib, bəzi xalçaların qeyri-adi tarixçələrindən danışılıb. Məsələn, uzun müddət İtaliyada şəxsi kolleksiyada saxlanılan XIX əsrin “Sırt-çiçi” xalçası Azərbaycan xalça muzeyi üçün anonim xeyriyyəçinin səyləri nəticəsində alınıb. Şirin Məlikova bu xalça ilə ilk görüşünü xatırlayır:

Onu iki il əvvəl iş səfəri ilə Romada olarkən gördüm və durmadan boyaların ahəngini, xovların yumşaq ipəkliyini, xırda muncuqlar kimi boyunbağıya toplanmış və mərkəzi meydanın tünd göy fonunda daş-qaş kimi bərq vuran valehedici ornamentləri xatırlayırdım... Mükəmməl simmetriya, hər elementin dəqiqliyi bu xalçanı əsl incəsənət şedevri edir!

1---

Kolleksiyaçıların iftixar mənbəyi olan bəzi nadir xalça növləri yaxın zamanlara qədər ölkəmizdə ümumiyyətlə təqdim edilməmişdi. Yaxınlarda Heydər Əliyev Fondu muzey üçün XVII əsrin sonuna aid xarici şəxsi kolleksiyada aşkarlanan “əjdaha xalçası” növünə aid unikal “Xətai” Qarabağ xalçasını əldə edib.

Biz uzun müddət “əjdaha xalçası”nı axtarırdıq, - Şirin xanım danışır. – Düzdü, bizim “Xətai” xalçamızda əjdahanın özü yoxdur, onun obrazı “həyat ağacı” motivi ilə əvəzlənib – bu nüsxənin fərqli cəhəti bundan ibarətdir. Xaricdə “əjdaha xalçaları” çox zaman erməni xalçaları kimi tanınır, bu da ciddi problemdir. Xaricdə olan Azərbaycan xalçaları və onların xarakterik xüsusiyyətləri barədə məsələ bir il öncə Bakıda keçirilən Azərbaycan xalçaları üzrə 5 Beynəlxalq simpoziumda da qaldırılmışdı. Bu barədə Vendel Svon, Yael Rozenfild, Yanina Poskrebko (ABŞ), Devid Kelati (Böyük Britaniya), Eduardo Marino (İtaliya), Suzan Bayraktaroğlu (Türkiyə), Beta Bidronskaya-Slota (Polşa), Əli Nasir (Hindistan), Məhəmməd Salah əl-Bağdadi (İordaniya) və s. kimi tanınmış ekspertlər və muzey əməkdaşları söz açmışdılar.

3---

Hərçənd, qeyd olunan problem yalnız qədim xalçalarla bağlı deyil. Azərbaycan Xalça muzeyinin direktoru xarici həmkarlarına yaxınlarda muzeyə daxil olmuş müasir Qarabağ xalçasının təsiredici, az qala detektiv tarixçəsini danışdı. 2017-ci ilin fevralında etnik azərbaycanlı olan ABŞ vətəndaşı Elşad Tahirov incəsənət əşyalarının virtual alış-verişini həyata keçirən saytda Şuşa qrupuna aid “Bağçada güllər” – qara fonda açılan qızıl güllər - xalçasını görüb.

Qoşma yazı belə idi: “Qədim Ermənistan. Qarabağ xalçası”. Amma bu xalçanın naxışları arasında Azərbaycan dilində (kiril əlifbası ilə) yazı aşkar görünürdü: “1 yanvar 1971 il, Sərvərə ad gününə anasından yadigar”.

4--

Dərhal aydın oldu ki, xalça erməni işğalçıları tərəfindən Azərbaycandan çıxarılıb. Elşad Tahirov onun sahibini tapmağa cəhd göstərsə də, axtarışlar nəticəsiz qaldı. O zaman xeyriyyəçi onu Azərbaycan xalça muzeyinə hədiyyə göndərdi.  Bu xalçanın tarixçəsi eyni zamanda bir neçə nəfəri, müxtəlif yaradıcı peşə sahiblərini teatr əsərinin və hətta paltar kolleksiyasının yaradılmasına ilhamlandırdı.

XIX əsrə aid digər Qarabağ xalçasını – qara fonda cüt medalyonlu “Muğan”ı muzeyə ötən il həkim Afət Səfərova hədiyyə edib. Onun ulu babasının ailəsi talanlar zamanı doğma yurddan qaçarkən bu xalçanı atmamışdı. 1906-cı ildə erməni quldur dəstələri Zəngəzur mahalının Cullu kəndini yandıraraq qarət etdikləri zaman onun ulu nənəsi yeganə oğlunu bu xalçaya bükərək, meşəyə qaçmışdı. Orada həm özü, həm də körpə - Afətin gələcək babası - xilas olublar: onları soyuqdan xalça qorumuşdu.

5--

Azərbaycan xalçası misilsiz energetikaya malikdir. Onu seyr edərkən, biz müxtəlif tarixi dövrlərə səyahət edə bilərik.

Haradasa qeyri-adi xalça gördükdə, onu unuda bilmirəm və onun kolleksiyamızın tərkib hissəsi olmasını arzulayıram, - Şirin xanım etiraf edir. – Muzeyin direktoru təyin edildikdən sonra kolleksiyaçı və dilerlərlə tanış olmaq, muzeylərə baş çəkmək, muzey və bərpa sahələrində əlaqələr yaratmaq üçün Vyanaya yollandım. Avstriyanın hərrac evində bir xalça diqqətimi çəkdi və mən dərhal anladım: o bizim kolleksiyada olmalıdır! Bu “Şamaxı” xalçası idi, sonralar ekspertlərimiz onun XVII əsrin sonlarına aid olduğunu müəyyənləşdirdilər. Şirvan xalçasının təqdimatını muzeyimizin 50 illiyinə həsr etdik. Elə onda Heydər Əliyev Fondu muzeyə “Sotheby’s” hərracında əldə edilən XVIII əsrə aid naxışı təqdim etdi. Hər kolleksiyamıza uyğun konsepsiya hazırlamışıq və ona uyğun olaraq da xalçalar seçirik. Onları bütün dünyada axtarırıq, daha sonra isə sponsor arayırıq, ya da öz vəsaitimiz hesabına alırıq. Muzeyin missiyası ölkəmiz, millətimiz üçün çox əhəmiyyətli və dəyərlidir. Azərbaycan əsrlər boyu bu xalçaları yaradan ölkədir, ancaq tarixin dönüklüyü üzündən hazırda xalçaçılığın bir çox şedevrləri bizim üçün əlçatmazdır.

Günümüzdə dünyaya yayılan qiymətli Azərbaycan xalçaları ölkə rəhbərliyinin dəstəyi və muzey işçilərinin səyləri nəticəsində tez-tez vətənə qaytarılır. Bakıda onları doğma evləri – rahat və gözəl Azərbaycan xalça muzeyi gözləyir.     

 6-

Mətn Nailə Bənnayeva  Foto Xalça muzeyinin arxivi