Uşaqlıqda Andersenin məşhur Su pərisi nağılını oxumaqdan hansımız yorulurduq ki? Mifik varlıq, yarıbalıq-yarıadam, dənizçiləri yoldan çıxaran – dünya xalqlarından bir çoxunun folklorunda onlar haqqında əfsanələr var. Əfsanələrin birinə görə, undinanın gözəlliyinə yalnız ayıdöşəyi çiçəyini tapıb dərmiş adam ehtiyat etmədən tamaşa edə bilər. Amma model, aktrisa və təcrübəli sualtı üzgüçü Hanna Freyzerin su pərisinə çevrildiyi vaxtdan sonra, bu nağıl personajına heyran qalmaq imkanı hamıda yaranıb…
Su pərisi olmaq arzunuzun başlanğıcı haradan gəlir?
Uşaqlığımdan. Mən su pərilərinin, demək olar, dəlisi idim. Üç yaşımdan rəsm çəkməyə başlamışam və çəkdiyim adamların hamısında su pərisi quyruğu olurdu. Bir də gildən onların fiqurlarını düzəldirdim. Mənim, içərisində çox gözəl su pəriləri təsvir olunan bir neçə gözəl qədim kitablarım var idi. Mən onların yapışdırılan şəkillərini yığırdım, kitabxanada onlar haqqında hər hansı məlumat tapmağa çalışırdım ki, başa düşüm görən, su pərisi olmaq necə mümkündür.
Mən, sadəcə olaraq, undinaların dünyasında yaşamaq istəyirdim. Doqquz yaşım olanda su pərisi ilə insan arasındakı sevgidən danışan “Şappıltı” filmi mənə çox güclü təsir eləmişdi. Baş qəhrəmanın adı da elə mənimki kimi Hanna idi. Üstəlik, o, vegeterian idi, mən də ömrümdə hələ heç vaxt ət yeməmişəm. Bu filmin sayəsində mən nə ilə məşğul olmaq istədiyimi başa düşdüm. Məni bütün işlərimdə dəstəkləyən anam isə, ilk su pərisi quyruğumu düzəltməkdə mənə kömək etdi.
Öz ilk quyruğunuzu nədən düzəltdiz?
Narıncı plastik süfrədən. Quyruq su damcılarından parıldayan kimi görünsün deyə, mən onun bütün səthi boyu xırda-xırda qızılı balıq pulları tikdim.
Amma quyruğun «işləyən» olduğuna anamla mən əmin deyildik. Onu sınaqdan çıxarmaq üçün mən, quyruğun ucunu təsvir edən asılqanlarla dartılıb sıxılmış tutacaqda bir-birinə kip sıxılmış ayaqlarımla hovuzda oldum. Az qalmışdı batım...
Bəs, bu necə Sizin peşənizə çevrildi?
Əvvəl mən qrafik dizayn məktəbində dizaynla məşğul idim, uşaq kitabçaları, yapışdırılan şəkillər və s.-lər yaradırdım. Həm də, fotoqrafiya, modelləşdirmə ilə maraqlanırdım. Hansısa bir anda isə, bunların hamısı birlikdə su pərisinə olan marağımda cəmləndilər. Başa düşdüm ki, necə mən su pərisi ola bilərəm, əsl su pərisi quyruğunun modelini və özünü necə yaratmaq, su altında hansı pozalarla necə fotoşəkillər çəkdirmək olar.
Sualtı çəkilişlərdə iştirak etmək çətindir?
Çətindir. Mənim motorlu böyük plastik üzgəci olan çox ağır hidrokostyumum var.
Onun layihəsini özünüz vermisiz?
Hə, bütün quyruqlarımı mən özüm yaradıram. Yəqin ki, dünyada heç kim quyruq hazırlayıb, onu balıq pulları ilə işləməyə bu qədər çox vaxt sərf eləmir. Hər bir pulcuq öz-özlüyündə gözəldir. Onu bəzəyən zaman, mənə bir neçə qadın kömək edib. Amma çox hissəsini mən özüm eləmişəm. Hal-hazırda mənim yeddi işlək quyruğum var. Onlardan ikisi daha çox cah-cəlallıdır. Daha dördü də hazırlanma mərhələsindədir. Quyruqlar çoxaldığı üçün də, mən su pərilərinin idarə olunması üzrə şirkət yaratmışam.
Bu nə şirkətdir belə?
İş ondadır ki, məndən tez-tez soruşurdular: «Sualtı fotosessiyalara cəlb etmək üçün başqa qızlar da varmı?» Ona görə də mən öz bacarıqlarımı başqa ifaçılara da öyrətməyə başladım. Öz təşkilatımı genişləndirmək üçün mən qızlar dəvət edib onlara su altında quyruqla üzmək öyrədirəm. Biznesimi tamamilə özüm idərə edirəm, həmçinin öz videolarımın montajı və redaktəsi ilə məşğul oluram.
Siz bütün dünya üzrə çəkilişlər edirsiz?
Mən planetin ən gözəl yerlərində oluram. Onların içində ən çox sevdiyim yerlər – Taiti, Fici və Maldiv adalarıdır. Fevralda Havay adalarında fövqəladə fotoqraf Şon Haynrixslə birgə çəkilişim var idi. Düşünürəm, o, dünyanın ən inanılmaz sualtı fotoqrafıdır! Təkcə kamera ilə işləmək ustalığına görə yox, həm də ona görə ki, o, okeanın xassəsini bilir və hiss edir. Mən Şonu “okeanla pıçıldaşan” adlandırıram, çünki o, heyvanların davranışını səhvsiz təyin edir, onların hansı tərəfə hərəkət edəcəklərini hiss edir. Hərdən olur ki, biz uzun-uzadı kadr almağa çalışırıq və o, “Dayan bircə bu kadrı da çəkim” - deyəndə, mən dəqiq bilirəm ki, artıq kifayətdir.
Biz ətraf mühitə eyni cür həssas yanaşırıq. Havay adalarında biz birlikdə «Manta. Sonuncu rəqs» (manta, yaxud dəniz iblisi ̶ ən iri skat, ̶ red.) videofilmini yaratmışıq ki, bu gözəl heyvanların tükənib itməsinə diqqət cəlb edək. Gecəyarı okeanın dibiylə üzürdük, mən isə əlli funtluq yüklə dibə doğru dartılırdım.
Qorxulu idi?
Bir az. Dalğa geri dartır, sanki ayaqlarım ətrafına böyük dəniz ilanı sarılıb, heç nə görünmür, çünki qoruyucu eynək yoxdur, dəhşətli dərəcədə soyuqdur, ətrafda isə hansısa iri-iri balıqlar fırlanır. O qədər də xoş deyildi...
Qorxmursuz ki, okeanda nə isə qorxulu bir məxluqa rast gələrsiz?
Meksikada mən on dörd nəhəng ağ akula ilə üzmüşəm. Bundan ötrü mən dünyanın bu başından xüsusi olaraq oraya uçmuşam. Amma onları görənə qədər, sonacan əmin deyildim ki, suya girəcəm. O vaxta qədər mən artıq bir neçə il su pərisi olmuşdum, amma heç vaxt akulaları görməmişdim və artıq qabaqcadan onlardan qorxurdum. Amma sonra qərara aldım ki, gərək öz qorxumla üz-üzə qarşılaşım. Böyük ağ akulaların nəsli kəsilmək üzrədir, bununla belə, son 500 ildə cəmi 67 adam onların qurbanı olub. İnsanlar isə, hələ təkcə ötən ildə yüz mindən çox ağ akulanı məhv edib. Odur ki, panetin ən qorxulu yırtıcısı akulalar yox, insandır. Okeanın ekosferasında ağ akulalar vacib yer tutmaqdadır, ona görə də istərdim ki, onlara hörmətlə yanaşılsın.
Bəs çəkilişlər qaydasında keçdi?
Bir məqam oldu ki, akulalar mənim ətrafımda üzürdülər (onların hərəkət sxemi belədir), və onlardan biri getdikcə mənə yaxınlaşmaqda idi. Mən isə yarıçılpaq, özü də balıq geyimindəyəm – akula üçün sadəcə yağlı tikəyəm! Onda uşaqlar qayıqdan dedilər ki, mən gərək kimin burada ağa olduğunu ona göstərim. Əvvəl karıxdım, sonra isə düz akulanın üstünə üzdüm və… səsim gəldikcə ona bağırdım. O, döndü və üzüb getdi. Akulalar çox ehtiyatlı və ağıllıdırlar, yalnız bunun sayəsində onlar planetdə milyon illər boyu sağ qala biliblər.
Siz bir də kit akulalarla üzmüsüz…
Bu da ekoloji layihə idi. Biz Filippində və Norveçdə olmuşuq, uzun illər idi ki, oralarda kit akulaları öldürür və çoxalmalarını məhv edirdilər. Yalnız bir kənddə insanlar kit akulaları qırmaq əvəzinə, onlarla ekoturizm təşkil etmişdilər. Turizmin bu növü çox yayılıb, ona görə də kit akulaların artması orada müdafiə altında idi. Bizim komanda oraya yollandı ki, bu təşəbbüsü işıqlandırsın. Biz dünyada ilk dəfə kit akulaların su altında fotosessiyasını təşkil etdik və dünya mətbuatında balığın bu növünə, onların qırılmasını dayandırmaq məqsədilə, böyük maraq oyatdıq.
Daha hansılarla üzmüsüz?
Qozbel balinalarla. Bunlar planetin ən iri heyvanlarından biridir, amma tamamilə ziyansız, çox gözəl və qəribə varlıqlardır.
Günəş şüaları sancılmış okeanın ucsuz-bucaqsız maviliyinin içərisi ilə baxanda, yuxarı qalxan balina əvvəl balaca görünür, amma tədricən böyüməyə başlayır, böyüyür, böyüyür və böyüyür... Onun 15 metrə yaxın uzunluğu var idi! Mənim aşağımdan yuxarı üzməyə başlayanda, mən qorxdum ki, həyatımı onun ağzında və ya quyruğunun zərbəsi altında itirə bilərəm: onunla müqayisədə mən sanki qarışqayam. Amma balinalar çox ağıllıdırlar. Onlar üzüb yaxınlaşırlar ki, sizi yoxlasınlar, gözlərinizə baxırlar və sizin hansı ölçüdə olduğunuzu, özlərinin nə qədər nəhəng olduqlarını və sizə hara qədər yaxınlaşa biləcəklərini dəqiq dərk edərək hərəkət edirlər. Onlar çox nəhəngdirlər, amma tamamilə şüurlu varlıqlardır.
Bir məqam oldu, qarşımda bala və anası üzürdülər. Balinanın balası mənə yaxınlaşdı, üzgəclərini tərpətdi və düz gözlərimin içinə baxdı. Sonra isə onlar bir-biriləri üçün oxumağa başladılar. Səs də elə idi ki, sanki nəhəng akustik konsert kolonkalarının qarşısında dayanmısan. Onlar oxuyurdular, mən isə bunun mərkəzində idim. Sudan çıxandan sonra isə məni sadəcə ağlamaq tutdu. Bu necəsə bir sehr idi.
Amma mən, həm də, balinaları necə məhv etdiklərinin şahidi olmuşam…
Bunu kim edir?
Əsasən yaponlar. Onların böyük balina ovçuluğu var, indiyə qədər də aydın deyil ki, onları hansı məqsədlə öldürürlər. Bu, çox dolaşıq vəziyyətdir.
Siz “Mağara” filminin çəkilişlərində iştirak etmisiz?
Bəli. Bu, mən qozbel balinalarla tanış olduqdan sonra baş verib. Mənim dostlarım olan – rəssamlar, musiqiçilər və aktyorlarla birgə, mən, yapon balina ovçularının şəhəri Taydzidəki mağaraya getmişdim. Biz buxtada sörferlər kimi üzürdük, həmin vaxt yerli balıqçılar delfinləri öldürürdülər. Buxtanın bütün suyu qanlı idi. Bu, tükürpədən mənzərə idi.
Ən sarsıdıcı olan isə o idi ki, heyvanlar üzərək yaxınlaşıb bizə baxırdılar, sanki bizdən kömək diləyirdilər. Sonra balıqçılardan biri yanımıza gəldi, üstümüzə bağırdı və yoğun taxta ilə məni vurdu. O, bizi öldürməklə hədələdi.
Biz bacardığımız qədər buxtada qalıb bütün bunları çəkdik. O vaxt biz, Okeanların müdafiəsi cəmiyyəti (OPS) ilə əməkdaşlıq edirdik. Düzdür, heç kəsi bu heyvanları öldürməkdən saxlaya bilmədik, amma özümüzün film-məktubunu bütün dünyaya yolladıq. «Mağara» “Ən yaxşı sənədli film” nominasiyasında «Oskara»a təqdim olundu və 2010-cu ilin mükafatını qazandı. Bu, çox insanın diqqətini cəlb elədi, indi onlar da Taydziyə gedirlər ki, kömək eləsinlər. Az vaxtdan sonra yaponlar delfinləri dövlət qida proqramından sildilər, onların ətini bu şəhərin supermarketlərindən götürdülər. Qısası, hansısa dəyişikliklərə nail olduq, hərçənd bu valehedici heyvanların qətlləri davam etməkdədir.
Sizin məqsədiniz – bütün bunlara son qoymaqdır?
Tamamilə doğrudur. Sanıram, belə inanılmaz və çox ağıllı heyvanların məhv edilməsinə lüzum yoxdur. Balina və delfinlərin insanlara etdikləri köməkdən danışan yüz minlərlə sənədləşdirilmiş hekayət və hadisələr mövcuddur. Məsələn, delfin mənim keçmiş ərimi akulalardan müdafiə etmişdi. Delfinlər dəfələrlə suda batanları sahilə çıxarmaqla onları xilas ediblər. Bu, çox ağıllı və həssas məxluqlardır, onlar bizimlə qarşılıqlı münasibətdə olmaq istəyirlər, biz onlarla birgə harmoniyada yaşaya bilərik. Mən hamını bu haqda düşünməyə səsləyirəm.
Siz su altında su pərisi kimi nə qədər qala bilərsiz?
İki dəqiqəyə yaxın. Mən siqaret çəkmirəm, kiçik yaşlarımdan yoqa ilə məşğulam və mənim nəfəsi saxlamaq məşğələlərindən xoşum gəlir.
Bəs daha nə ilə məşğul olursuz?
Yoqa və əzələləri açmaqdan əlavə mən həmişə rəqs edirəm. Rəqs enerjini və həssaslığı üzə çıxarır, həmçinin onurğanı möhkəmlədir və ona elastiklik verir. Axı əsl su pərisi kimi hərəkət etmək üçün, bütün onurğa ilə burulmaq lazım gəlir. Göbək rəqsi dərsləri bədənin müxtəlif hissələrini boşaltmağa kömək edir ki, elə bu da su pərisinin üzməsi üçün vacibdir. Amma hamısından vacib meditasiya və yoqa vasitəsilə nəfəs saxlamaq məşqləridir.
Bəs pəhriziniz necədir? Siz nə ət yemirsiz, nə də balıq?
Elədir, mən çox sağlam vegetarian pəhrizində tərbiyə olunmuşam. Mənim bir yaşım olarkən anam vegetarian oldu. O, yoqa və meditasiya müəllimi idi. Bütün bunlar öz arzumu həyata keçirməkdə mənə çox kömək etdi.
Deməli, Sizin ananız həmişə sizi dəstəkləyir.
Sözsüz. Hələ atam da. İkisi də çox maraqlı adamlardır, hərçənd artıq çoxdan ayrılıblar. Atam Endi Freyzer Britaniyanın «Free» qrupu tərkibində 1970-ci illərin məşhur rok ulduzu idi. Düşünürəm ki, atamın yazdığı «All right now» mahnısı, bütün dövrlərin yüz ən möhtəşəm mahnılar siyahısına daxildir. Valideynlərim – mənim çox kreativ, dəstək olan və qeyri-adi ailəmdir.
Siz həmçinin musiqili video da çəkirsiz?
Bəli, mənim çoxlu musiqi kliplərim, sənədli və qısametrajlı filmlərim var. Musiqi və rəqs – mənim daha başqa həvəsimdir. Mən özümü sualtı rəqqasə adlandırıram, quyruğumla ya quyruqsuz – fərqi yoxdur. Okeanda olmaq mənə tam azadlıq və mükəmməliyə toxunmaq hissi verir.
Biz Sizi Azərbaycana dəvət edəndə, ölkəmiz haqqında heç nə bilmirdiz. Buraya gəlməyə Sizi nə sövq etdi?
Yeni təəssüratlara və yerlərə xüsusi marağım var. Heç vaxt tərəddüd etmirəm! Biz gecəyarı gəlib çıxdıq, səhər saat 5-də oyandıq və İçərişəhərə yollandıq. O çox gözəl və nağılvaridir, qədimlə yeninin birləşməsi – sadəcə fantastikdir. Bakı – gördüyüm bütün ən gözəl və ən maraqlı şəhərlərdən biridir. Heyf ki, vaxtım çox az oldu.
Bəs çəkilişlər necə keçdi?
Mənim xüsusilə xoşuma gələn komanda ilə iş, detallara diqqət və hər kəsin nə isə unikal və orijinal bir şey eləmək istəyi oldu. Burada, Yer üzünün başqa tərəfində, mən özümü ailəmdəki kimi hiss elədim.
İnsanlara nə demək istərdiz?
Demək istərdim ki, biz bu planetdə, burada yaşayan bütün canlı məxluqlarla birgə harmoniyada yaşaya bilərik. Bugün çox insanda okeana maraq oyanıb, bütün dünya üzrə minlərlə entuziast özünə quyruqlar alır və hazırlayır ki, onunla çıxış etsin, videokliplər çəksin. İki il bundan qabaq su pəriləri haqqında dünyada ilk konvensiya qəbul olunub. “Alatoranlıq” silsilə romanların müəllifi Stefani Mayer isə, undinalar haqqında kitab yazır.
Okean – planetin həyat gücünün mənbəyidir. Əgər biz onu məhv etməsək, Yer planetində həyatı o saxlayacaq. Bu ideya insanları planetin qan damarları ilə birləşdirməyə kömək edəcək. Təbiətlə dostluq etmək, onu sevmək lazımdır, ona qarşı mübarizə aparmaq isə təkcə mənasız deyil, həm də, özünü məhv etmək deməkdir.
MÜSAHİBƏ: ÜLVİYYƏ MAHMUDOVA
FOTO: ORXAN ASLANOV