NARGIS
Ru En
NARGIS MAGAZINE
Simalar

CULİANNA MURUN QIRMIZI XALISI

Culianna Mur etiraf edir ki, beş dəfə Oskar mükafatı laureatı olmağa müvəffəq olsa da, bu cür mükafatlar onun üçün çox vacibdir. Hər dəfə namizəd olduğunda həyəcanla mükafat almağı gözləyir. Bu dəfə "Hələ də Ellis" filmindəki roluna görə "Ən yaxşı Aktrisa" nominasiyasında hər kəsi geridə qoydu. Mur filmdə qorxulu alzheimer xəstəliyi diaqnozundan sonra həyatını kökündən dəyişdirməyə məcbur olan dilçilik professoru Elis Haulendi oynayır. "Ən yaxşı aktrisa nominasiyasında" Oskar mükafatı uğrunda mübarizədə o, Riz Uizerspun, Felisiti Cons, Marion Kotiyar və Rozamund Paykı geridə qoyub.

pa-22318850

Culianna, sizi təbrik edirik!

Təşəkkür edirəm!

Siz indi zirvədəsiniz, mümkün olan bütün mükafatları qazanırsınız...

Hələ də buna inana bilmirik. Bəli, hələ də inana bilmirik! Bu film üzərində necə işlədiyimizi xatırlayıram – cəmi bir il keçib və gözləntilərimiz çox az idi. Bu işin öhdəsindən gəlməyimiz, filmin prokatda uğurlu olması, insanların onu izləmək istəməsi – bunların hamısı olduqca inanılmazdır!

Culi Enn Smit 3 dekabr 1960-cı ildə hərbi hakim ailəsində anadan olub. Ailənin üç uşağı olub (Culidən başqa kiçik qardaşı və bacısı) və atalarının işi ilə əlaqədar olaraq dünyanı gəzmək məcburiyyətində olublar. Tez-tez məktəb dəyişməsi balaca Culinin özünü sübut etməsi və yaşıdlarının rəğbətini qazanması üçün nə şansı, nə də vaxtı olmurdu. 

Onun parlaq kürən saçları, çilləri, artıq çəkisi və optik eynəyi ələ salma obyektinə çevrilmişdi. Müziklın əsasını təşkil edəcək "Çilli çiyələk" kitabında Culianna uşaqlıqda yaşadıqlarını təsvir edəcək.  Dayana bilməyən qızcığaz onu incidənlərə yumruqla saldıracaq.

Təsəvvür etmək çətindir ki, bu gözəl aktrisa uşaqlıqda evdə qeyri-adi olmasından şikayətlənərək ağlayırdı. Sonralar bu qeyri-adiliyi, daha doğrusu bu xüsusi olmağı – kürən saçları, incə dərisi və cazibəli çilləri – L'Oréal Paris kosmetika şirkətinin siması seçilməsinin səbəbi olacağını təsəvvür belə edə bilməzdi...

Şotland mətanətini və inadkarlığını anasından almış Culi böyüdükcə nəhayət "bu dünyanı dəyişdirmək" və bu dəyişikliyi özündən başlamaq qəra verir. Bunu yumruqlarla düzəldə bilməyəcəyini başa düşür. Gənc "çilli çiyələk" valideynlərini qılıncoynatma və döyüş sənətləri dərslərini ödəməyi xahiş edir, sərt pəhrizə oturdu, coca-cola şüşələrini təhvil verib aldığı pula linzalar satın aldı və bir müddətdən sonra sinif yoldaşlarının qarşısına yeni şəkildə çıxdı.

Bəlkə də onun xarici görünüşü istədiyi qədər dəyişmədi. Ancaq onda gözəl olduğuna dair inam yarandı. Artıq özünə güvən hissi saçırdı və bu heyranlıq doğurmaya bilməzdi.

--

Demək istərdim ki, siz Hollivuddakı aktrisaların ən səbirlisisiniz. Beş dəfə namizəd oldunuz və nəhayət mükafat aldınız. Bilmək istərdim ki, necə düşünürsünüz – qələbənizdə bu filmin Sizin üçün əhəmiyyətli olması rol oynadımı?

Doğrusu, bilmirəm... Bilirsiniz, mən ilk növbədə zəhmətkeşliyə inanıram. Ümumiyyətlə, əlbəttə ki, canlı insanlar haqqında hekayələrə üstünlük verirəm. Real insanlar, aralarındakı münasibətlər, həqiqi ailələr haqqında hekayələr xoşuma gəlir, bu məni cəlb edir. Və filmdə bütün bunlar yer alır. Bu film əsl fəlakət, münasibətlər, sevdiyimiz və qiymətləndirdiyimiz şeylər haqqındadır. Bu da mənim üçün çox vacibdir. Ancaq yenə də bu ilk növbədə bir işdir. Səmimi qəlbdən sevdiyin işi görə bilməyin daxili məmnunluq hissi verir. Bu çox heyrətamizdir!

Özünə inandıqdan sonra kürən saçlı gözəl Culi cəsarətlə "Tartüf" məktəb tamaşası üçün kastinqdən keçdi, tamaşanın möhtəşəm müvəffəqiyyətindən sonra isə bütün onu ələ salanlar bir-birinin ardınca ayaqlarına düşüb onunla görüşmək üçün yalvardığında o, qəti olaraq və geri addım atmadan aktrisa olacağına qərar verdi!

1983-cü ildə Boston Universitetinin gözəl sənətlər bakalavr dərəcəsini aldıqdan sonra Culi Enn Smitt ABŞ-ın teatr paytaxtı olan Nyu-Yorku fəth etmək üçün yola düşdü. Burada onun yaradıcı təxəllüsü  Culianna Mur yarandı.

Teleseriallarda oynadığı bir sıra rollarından sonra, 1997-ci ildə o, "Yura dövrü parkı" filminə çəkildi, bu filmə görə ilk "Qızıl Qlobus" mükafatını qazandı, "Buqi tərzində gecələr" filmindən sonra isə aktrisa ilk dəfə "Oskar" mükafatına namizəd oldu. "Gecələr..." filmində, yeri gəlmişkən, porno ulduz rolunu oynayıb. Sonralar o, istənilən obraza girməyi bacaran bir aktrisa kimi tanındı.

Culianna Murun rol aldığı filmlər dünya kinosu tarixinə düşüb: "İnsan övladı", "Pippa Linin şəxsi həyatı”, "Chloe", “Oyun dəyişdi”, "Telekinez", "Aclıq oyunları: Zığ-Zığ quşu" blokbasteri...

On ildən çoxdur ki, Culianna Mur rejissor Bart Freyndlix ilə xoşbəxt evlilik sürdürür, iki övladları var: oğulları Kaleb və qızları Liv. Aktrisa ailəsinin onun üçün karyerası qədər əhəmiyyət kəsb etdiyini bildirir. "Özüm də şanslı olduğuma inana bilmirəm!" müsahibələrinin birində bildirib.

--2

Şübhəsiz ki, bu triumfa gedən yol uzun və çətin olub, baxmayaraq ki, sizə "Oskar" gətirən film cəmi bir mövsümdə çəkilmişdir. Həyat yoldaşınız bu müddət ərzində sizə necə dəstək oldu?

Yoldaşım möhtəşəm biridir. O, məni hər dəfə yüksək pilləkənə qalxdığım zaman dəstəkləyib.

Bunu kiminsə görüb-görmədiyini bilmirəm. Bu otaqda bu barədə ilk dəfə danışıram. Bu filmi görən ilk insan o olub. İlk dəfə çəkilmiş görüntülərə baxdığımda o, mənim yanımda idi. Və o zaman onun ilk dəfə ağladığını gördüm. Nə baş verdiyini soruşdum. Gedəndə o mənə dedi: "Əzizim, sən Oskara layiqsən." Utanaraq cavab verdim: "Yaxşı görək!" Vallah düz deyirəm. Bunları dediyinə inana bilmədim. Ancaq bu və ya digər şəkildə o, məni ilk gündən dəstəkləyib.

"Ulduz Xəritəsində" ən yaxşı aktrisa mükafatı ilə təltif edildiyinizdə mən Kannda idim...

Bəli, elə idi.

İndi başqa bir film üçün nüfuzlu bir mükafata layiq görülmüsünüz.

Görünür, bu il mənim üçün uğurludur.

---

Şübhəsiz, uğurludur! Bu iki filmi müqayisə edə bilərsiniz?

Müqayisə etməyi düşünürəm. Bu möhtəşəm aktyor heyyəti ilə olan iki gözəl filmdir. Belə bir komandada işləməkdən xoşbəxt idim. Bu barədə çox düşünmüşəm, əlbəttə ki, bu qədər maraqlı rolları canlandırmaq üçün gözəl fürsət əldə etdiyim istisna olmaqla. Ancaq belə bir nəticəni təsəvvür edə bilməzdim.

Heç vaxt təsəvvür edə bilməzdim ki, yazda Kannda mükafat alacam, bir ildən sonra isə başqa bir film üçün Oskara layiq görüləcəm! Bunu yanımda olan mətbuat agentimə yorulmadan təkrarlayırdım: “Bütün bunlar həqiqətənmi baş verir? Bu, inanılmazdır!”. Həqiqətən möhtəşəm idi!

Aktrisanın bu qədər parlaq görünməsinə nə kömək edir? Təbii qidaya üstünlük verdiyinizi və axşam saat altıdan sonra yemək yemədiyinizi bilirik...

Gündəlik həyatımda yoqa və nəfəs məşqlərinə çox vaxt ayırıram.

corbis-42-67100114

Qazandığınız mükafatları harada saxlamağı düşünürsünüz?

Hamısı mənim ofisimdədir. Bəli, ora olduqca darıxdırıcı bir yerdir. Ancaq hamısı oradadır.

Hamımız daha ciddi, yetkin filmlər gözləyirik. Necə düşünürsünüz "Hələ də Ellis" və ya "Bördmen" kimi filmlər dram və sənətdən daha çox xüsusi effektlərə yönəlmiş kino sənayesinə təsir edə bilərmi?

Ümid edirəm ki, bilər... Düşünürəm ki, bu cür filmlər mütləq öz tamaşaçısını tapacaqdır. Kinoya gedirəm, çünki insanlar haqqında, aralarındakı münasibətlər barədə mürəkkəb, maraqlı bir hekayə görmək istəyirəm. Kino alimləri tərəfindən qiymətləndirilən və bu cür mötəbər mükafatlara layiq görülən filmlər insanların qəlbində rəğbət qazanır. Hərçənd bilmirəm... Nəhayətində Hollivud – bir biznesdir və hər şey bilet alanlardan asılıdır.

3d4e7ee1-498b-4cfa-955e-b82552ac6842

Müsahibə: Hot Features

Foto: mətbuat materialları

Material on dördüncü sayda dərc olunmuşdur