Şahzadə Amira al-Tavilin hekayəti – Zoluşkanın hekayətidir: orta təbəqədən olan bir ailənin qızı bir şahzadə oğlanın arvadı oldu. Şahzadə Amira həmişə qadın hüquqlarının tərəfdarı olub və ərəb ölkələrində ənənəvi qadın geyimi olan əbayədən birinci o imtina edib. O, müstəqil, məqsədyönlüdür və bununla yanaşı, təvazökardır, başqasının dərdinə şərik olmaq kimi qiymətli istedada, üstəlik danılmaz bədii zövqə və fitri ölçü hissinə malikdir – təəccüblü deyil ki, o, çox qadınlar üçün stil nümunəsi, əsl ikonaya dönüb. Amira xeyriyyəçiliklə məşğul olmaqla dünyanı çox gəzir, amma evə qayıtmağına həmişə şaddır – orada onun ailəsi, dostları və qəlbinə əziz olan səhrası var.
Məlumdur ki, Siz, yüksək mövqeyinizdən asılı olmayaraq, fəal şəkildə xeyriyyəçiliklə məşğulsuz: gender bərabərliyi uğrunda mübarizə aparırsız, yoxsullara əl tutursuz və ölkənizdəki gənclərin problemlərini həll edirsiz. Çoxları üçün – Siz, təkcə təqlid üçün nümunə yox, həm də yeni formasiya adamısız, axı Siz öz fəal həyat mövqeyinizlə, böyük mənada, qərbin Şərq qadınlarına aid kök salmış stereotiplərini dağıdırsız... Niyə bu yolu seçmisiz?
Daha çox, yol məni seçib. Axı, mən orta təminatlı adi bir qız idim, həkim olmağı arzulayırdım... Amma, budur, şahzadəyə ərə getdim və həyatım tamamilə dəyişdi. Əvvəl fikrim yalnız öz təhsilimdə idi. Təhsili olmayan adamın müdafiəsi, özünə inamı da olmur, ona görə də hər şeydən əvvəl oxumaqla məşğul oldum. Sonra Əl-Valid ibn Talal Fondunu idarə etməklə, xeyriyyə layihələrinin iştirakçısı oldum və iki il ərzində təşkilatı, bir ildə 20 layihə həyata keçirən gözəl bir komandası ilə birgə, elə bir səviyyəyə qaldırdım ki, artıq ildə 60 layihə həyata keçirirdi. Səudiyyə xalqının sevgisini qazanmaqda bəxtim çox gətirib. Bu sevgi də qarşılıqlıdır. Bütün cəmiyyətə fayda verəcək layihələri irəli çəkmək üçün, xalqın sevgisinin mənə verdiyi üstünlüklərdən istifadə etməyi qərara aldım. Gənclərdən başladım, çünki bu sahədəki problemlər başqalarından çoxdur: işsizlik, düşüncə kütlüyü…
On il qabaq Səudiyyə Ərəbistanının Azərbaycandakı səfirliyində işləmişəm. Mədəniyyətinizlə tanışam və anlayıram ki, sizin ölkədə boşanmış qadın olmaq nə deməkdir. Bu, böyük hünər tələb edir…
On il ərzində çox şey dəyişilib. Boşanmaların sayı da xeyli artıb — təəssüf… Adətlər də dəyişilir: cəmiyyət boşanmış qadınları əvvəlki kimi çox qınamır. İndi boşanmış qadın müstəqil yaşaya, özü özünü dolandıra, vacib məsələlərin həllində iştirak edə bilər və bu da indi daha çox anlamla qarşılanır. Mənə gəldikdə isə, mən indi boşanmış işgüzar qadınam və cəmiyyət üçün daha çox faydalı işlər görə bilərəm.
Siz çoxlu xeyriyyə işləri ilə məşğul olursuz, başqalarının problemlərini həll edirsiz, səyahətlərdə olursuz… Bəs öz həyatınızı, öz gələcəyinizi necə, düşünürsüzmü?
Ola bilsin, amma düşünürəm ki, hər şeyin öz vaxtı var və taleyimə yazılan məndən yan keçməyəcək… Şəxsi həyatımın faydası naminə işdən imtina edə bilmərəm. Əgər qadın müstəqildirsə, təşəbbüskardırsa və aktiv həyat mövqeyinə malikdirsə, onda hər şeyə vaxt tapacaq. Məsələn, mən Leyla Əliyeva ilə söhbət etmişəm. O, enerji ilə doludur və hər şeyə çata bilir: işləyir, uşaqları tərbiyə edir. Mən əminəm ki, onu heç nə saxlaya bilməz. Belə qadın üçün öz şəxsi həyatına görə işdən imtina etmək çətindir…
Sevgiyə inanırsızmı?
Sevgiyə inanıram, amma onu hazırkı zamanda düzgün anlamırlar. Sevgi dedikdə, müasir insan dəli ehtirası nəzərdə tutur, amma bu — sevginin, sadəcə, bir hissəsidir. Əsl sevgi üçün dostluq, qarşılıqlı hörmət, qarşılıqlı anlaşma lazımdır… İnsanlar bu haqda unudurlar, sevgidə gördükləri yalnız beyində gedən hansısa kimyəvi reaksiyadır. Mən isə sevgiyə onun bütün tamlığı ilə inanıram.
Nə vaxtsa aldığınız ən yaxşı məsləhət hansı olub?
O, belə səslənirdi: «Bir iş görən adam, boş şeylərə görə narahat olmur, narahat olan adam isə, heç nə eləmir».
Öz şeir və rəsmlərinizi yayımlayırsızmı?
Hamısını yox. Sosial şəbəkəyə düşənlər bütün yazdıqlarım və çəkdiklərimin gərək ki, iki faizidir. Adamlar, sanki, bəyənirlər, amma bütövlükdə mən yayımlanmağa çox da meylli deyiləm. Mən daha çox qapalı adamam.
Siz ingiliscə yazırsız, yoxsa ərəbcə?
Hər ikisində: həm ingiliscə, həm də ərəbcə… Təkrar edirəm — mən özümü incəsənət adamı saymıram. İstərdim, daha çox boş vaxtım olsun ki, özümü mükəmməlləşdirim və nə isə öyrənim. Bu, sadəcə, özünü ifadə üsuludur. Mən Leyla Əliyeva ilə görüşəndə, o mənə etiraf eləmişdi ki, heç vaxt rəsm çəkmək dərsləri almayıb. Beləcə, rəsm çəkir — görünür, onun bu sənət üçün sadəcə olaraq istedadı var… O da özünü incəsənət adamı və ya rəssam adlandırmır. Mən mat-məəttəl qalmışdım: Ay Allah, o da axı, elə mənim kimidir!
Siz də elə hesab edirsiz ki, rəsm dərsləri almaq lazım deyil?
Boynuma alıram, rəsm təhsili almaq istəyim olub. Mən Florensiyada idim, orada bir italyan rəssamı var, Marko, çox məşhurdur. Mən ondan bir neçə dərs aldım. Bir dəfə o, nə isə çəkmişdi, mən isə təkrarlamışdım, demək olar, onun işini köçürmüşdüm. Onda o, mənə dedi ki, mən oxumamalıyam. Soruşdum, niyə? Xahiş elədi ki, inciməyim və məni tez hopduran süngərlə müqayisə elədi. Dedi ki, mən təqlidçiliyə başlaya bilərəm, bu isə individuallığımı öldürər. Ona görə də yaxşı olar ki, bunu öyrənməyim.
İlhamınızı haradan alırsız?
Mən bütün dünyanı gəzmişəm, çoxlu gözəl yerlər görmüşəm, yetmişdən çox ölkədə olmuşam, amma mən öz ölkəmi sevirəm, onun təbiətini sevirəm, səhranı və bunların heç birini başqa heç nəyə dəyişmərəm. Səhranı xüsusi edən hər bir şeyi sevirəm, səhranın sakinlərini sevirəm — ona görə ki, onlar həyatda qala bilirlər və bizi də ona öyrədirlər. Səhranın, ölkəmin ruhu, onun gözəlliyi — hamısı mənim daxilimdə yaşayır və işlərimdə əks olunur.
Bəs elə bir yer varmı ki, orada daha çox ləngimək istərdiz?
Səyahət etməyi çox sevirəm, amma, yəqin ki, başqa yerdə yaşaya bilmərəm. Mən doğma olan hər şeyə vərdiş etmişəm, hətta havaya da. Azərbaycan kimi, Səudiyyə Ərəbistanı da çox sürətlə inkişaf edir və indi ən münasib vaxtdır ki, orada, hadisələrin mərkəzində olum. Amma mənim təkcə işgüzar yox, həm də şəxsi motivlərim var, axı orada ailəm, dostlarım, səhra var — mənə əziz olan hər şey. Təkrar edirəm, bütün bunları heç nəyə dəyişmərəm!
Ziyarətiniz vaxtı, ölkəmiz və adamlarımız haqqında Sizdə necə rəy yarandı?
Deyə bilmərəm ki, artıq bütöv bir rəy formalaşıb. Bir neçə yerdə olmuşam, iki muzeydə, mədəniyyət mərkəzində və bir tarixi yerdə. Hər yerə baxmaq lazımdır. Hiss edirəm ki, ölkəniz çox gözəldir, hələ yolunun başlanğıcındadır, inkişaf etməkdədir. Mən hiss edirəm ki, burada qadınlara böyük hörmət var. İşləyən, müstəqil qadınları olduğum hər yerdə gördüm. Bu da mənə çox böyük təəssürat bağışladı. Eyni zamanda, bura həm də çox qonaqpərvər ölkədir. Bura özlərinə qapanmış eqosentriklərin ölkəsi deyil: burada kollektivlik ruhu var və bu hər bir azərbaycanlıda hiss olunur.
Sizdə nə kimi əməkdaşlıq ideyaları yarandı?
Bizim əməkdaşlıq haqqında çox söhbətlərimiz oldu. Mənim təşkilatımda gənc insanların təklif etdikləri ən perspektivli ideyaları tapırıq və həyata keçiririk. Məsələn, Muhammad adlı gözləri görməyən bir gənc tərəfindən təklif olunmuş, Apple məhsulundan istifadə etmək ideyası. Bu, fotoşəkillərin verbalizasiyasından ibarətdir: gözü görməyən adam, qarşısındakının fotoşəklini çəkir, cihaz isə, bunun nə olduğunu ona şifahi sözlərlə təsvir edir. Beləliklə, görmə imkanı məhdud insanlar sosial şəbəkələrdən istifadə edə, məruzələri yaza, ümumiyyətlə daha dolğun yaşaya biləcəklər. Biz 12 zəif görən adama bu əlavənin istifadəsini oyrətdik. Onlardan biri – balaca bir qız, sevincindən hönkür-hönkür ağladı! Ona daha əynini geyinmək üçün bacısını çağırmaq lazım deyil, hətta təkbaşına özünə paltar da seçə bilər. İndi onu mağazada heç kim aldatmayacaq, dünyanın bütün adamları ilə ünsiyyət qura, sosial şəbəkələrdən istifadə edə biləcək — axı, indi onun öz profili var! Biz, Sosial təşəbbüslər mərkəzində məhz belə layihələrlə məşğuluq — onların inkişafına kömək göstəririk və sadə insanların həyatlarına təsir edirik.
İndi mən, korlar və zəif görənlərin gündəlik həyatda daha müstəqil olmalarına kömək edən təhsil proqramlarının yaradılması ilə məşğul olan aparıcı məktəblərdən biri – Amerikanın korlar üçün Perkins məktəbinin xüsusi səfiriyəm. Bu məktəbin layihələrini bütün dünyada, həmçinin sizdə, Azərbaycanda həyata keçirməyi planlaşdırıram. Müasir dünyada sonsuz sayda ideyalar doğulmaqdadır, biz də ən qabaqcıllarını və faydalılarını dəstəkləməyə hazırıq. Ümid edirəm ki, əməkdaşlığımız alınacaq, xüsusilə də Heydər Əliyev Fondu ilə.
Başqalarının əzablarını görəndə, öz hisslərinizin öhdəsindən necə gəlirsiz?
Hamı necə keçirirsə, mən də elə keçirirəm: özümü günahkar sayıram, yeyə bilmirəm, göz yaşı axıdıram … Mən bu az ömrümdə çox dəhşətlər görmüşəm. Amma bilirəm ki, kimsə əzab içində olan adamların yanına getməlidir, onların əzablarını görməlidir, kömək etməli, bu haqda dünyaya danışmalıdır ki, ictimaiyyətin diqqətini cəlb eləsin. Məni həmişə prinses Diananın nümunəsi ilhamlandırıb. O da, öz çevrəsindən olan istənilən gənc qadın kimi, həyatını boşuna yandırmaqla yaşaya bilərdi. Amma o, xəstə uşaqların, QİÇS qurbanlarının yanına gedirdi, onlarla söhbətlər edir, əllərini sıxır, dərdlərinə şərik olurdu… O, dünyaya başqasının ağrısını göstərən ilk taclı şəxs oldu. Nüfuzlu, ictimai adamlar, onlara nə qədər ağır olsa da, bunu etməlidirlər, çünki onlar bir növ, dünya ictimaiyyətinin səfirləridir… Mən prinses Diana, Ancelina Coli kimi adamlara böyük dəyər verirəm — belələri yüzlərlədir. Onlar öz məşhurluq və nüfuzlarından düzgün istifadə edirlər.