NARGIS
Ru En
NARGIS MAGAZINE
Mədəniyyət

Əhməd Cavad. İnsanın taleyi

Alovlu şeirlərində o, çox sevdiyi Azərbaycanı, onun üçrəngli bayrağını və şanlı oğullarını tərənnüm edirdi, ictimai, pedaqoji və maarifləndirici iş apararaq xalqı işğalçılarla mübarizəyə qaldırırdı. Onun ölkə himninə yazdığı sözləri hər bir həmvətənimizə məlumdur. Bu gün “istiqlal şairi”nin 130 illiyini yalnız Azərbaycanda qeyd etmirlər. Onun yubileyini Tbilisidə, Nur-Sultanda qeyd etdilər, Ankaradakı Türk Tarix Muzeyi və Parkında isə Əhməd Cavadın heykəlinin açılışı oldu. Şairin nəticəsi və ikiqat adaşı Cavad Axundzadə ailə əhvalatlarını, həmçinin ulu nənəsi Şükriyyə xanım barədə şəxsi xatirələrini bölüşdü.

Əhməd Cavadın həyat epopeyasının mərkəzində Şükriyyə Bejanidzeyə olan böyük eşqi idi... Bu barədə danışın.
Mənim ulu nənəm əslən acar knyazlarının nəslindən idi. Ucqar dağ kəndində indiyə qədər ailə məzarlığı, şəxsi ata-baba mülkləri və Bejanidze qalası qalmaqdadır. Könüllülər sırasında Türkiyə tərəfində döyüşən Əhməd Cavad Balkan müharibəsindən sonra Batumiyə gedir. Orada o, xeyriyyəçilik və jurnalistika ilə məşğul olur, daha sonra isə Süleyman və onun qızı Şükriyyə ilə tanış olur. 16 yaşlı gimnaziya tələbəsi gənc qız Cavadın qəlbini fəth edir, o qıza elçi düşür, lakin onun atasından yox cavabı alır. Belə olduqda sevgililər qaçmaq qərarına gəlirlər. Beləcə Şükriyyə xanım dəbdəbəli Batumi malikanəsindən Yelizavetpol quberniyasının ucqar kəndinə köçür. Cavadın ona danışdığı kimi, onun doğma Seyfəli kəndində ürəyiyumşaq sadə insanlar yaşayırdılar. Onlar çətin məqamlarda Axundzadə cütlüyünə hər cür yardım edirdilər. 20 il sonra, 1936-cı ildə Süleyman bəy dözmür və qızını görmək, nəvələrini bağrına basmaq üçün Gəncəyə gəlir. Beləcə də barışmışdılar.

Cütlüyün həyatı necə keçirdi?
Şükriyyə ilə Cavadın 5 uşağı dünyaya gəlir: oğulları Niyaz, Aydın, Tukay, Yılmaz və qızları Almaz. Qızı 16 yaşında sarkomadan vəfat edir, bu da ailə üçün ciddi zərbə olur... Əhməd Cavad ADR dövründə fəal pedaqoji və maarifləndirici iş aparırdı, “Müsavat” partiyasının üzvü idi. Onun həyat tərzinə görə ailə tez-tez köçürdü, onlar Gəncədə, Bakıda, Quba və Qusar ətrafında yaşayıblar.
Ulu babamın o zamankı poeziyası – türk xalqlarının birliyinə çılğın çağırışdır. 1918-ci ildə o, “Çırpınırdı Qara dəniz” şeirini, 1919-cu ildə isə sonradan müstəqil Azərbaycanın himni olmuş Üzeyir Hacıbəylinin marşına sözləri yazıb. Sovetlər hakimiyyəti qurulmaqla hər şey dəyişdi. Onun baxışları və siyasi meyilləri sovet terror maşını tərəfindən diqqət çəkməyə bilməzdi. İlk həbs 1923-cü ildə, ikinci isə 1925-ci ildə, ulduz və aypara xatırlanan “Göygöl” şeirinə görə baş verdi. Hər həbsdən sonra - əmlak və evin itirilməsi. 1937-ci ilin martında Əhməd Cavad Şota Rustavelinin “Pələng dərisi geymiş pəhləvan” poemasının Azərbaycan dilinə ən yaxşı tərcüməsinə görə mükafat aldı. Lakin tezliklə onu Yazıçılar İttifaqından xaric etdilər, sonra isə həbs etdilər – “əksinqilabçı fəaliyyətə və pantürkizm ideyalarını yaymasına görə”.

Mircəfər Bağırov burada nə kimi rol oynadı?
O, ailənin dostu idi. Onlar bir zamanlar Cavadla birgə çalışmışdılar, Qusar rayonunun Xuluq kəndində dərs demişdilər. Ulu nənəm xatırlayırdı ki, onun ikinci hamiləliyi dövründə Mircəfər ona tez-tez deyirmiş ki, gələcək uşağa knyaz acar adı vermək lazımdır. Sonra hər şey dəyişdi. Dostlar barrikadaların fərqli tərəflərində yer aldılar. Bağırov məhz Əhməd Cavad və Mikayıl Müşfiqə qarşı özünü ən amansız tərzdə göstərdi.

Əhməd Cavadın həyatının son günləri haqqında nə məlumdur?
Ulu babamı evdən apardıqdan sonra onu fasiləsiz sorğu-sual etmişdilər. Ona əyləşməyə icazə vermirdilər, bir müstəntiqi digəri əvəzləyirdi və nəticədə o tab gətirməyərək növbəti dindirənin üzərinə hücum etmişdi. Unutmayaq ki, Əhməd Cavad sadəcə şair deyildi, o, döyüşçü, tamamilə qorxusuz insan idi. İş çox kobud surətdə uydurulmuşdu. Rəsmi sənədlərə görə, Əhməd Cavad oktyabrın 12-dən 13-nə keçən gecə güllələnib. Lakin 2021-ci ildə açılan arxivlərdə mən başqa məlumat tapdım: o güllələnməyib, amansız işgəncələrdən oktyabrın 11-də vəfat edib. Şairin məzarının axtarışları indiyə qədər nəticə verməyib. Bir neçə il öncə Lökbatan yaxınlığında kütləvi məzarlıqlar aşkarlanmışdı. O zaman məni yardım üçün dəvət etdilər, DNT analizi götürdülər, lakin təəssüf ki, ulu babamın cənazəsini tapmaq mümkün olmadı. Deyirdilər ki, onu yandırıb dənizə atıblar ya da Nargin adasında dəfn ediblər. Amma heç bir sübut yoxdur.

Şükriyyə xanımın aqibəti necə olub?
Cavadın həbsindən sonra ulu nənəmə onunla boşanmaq, qız soyadını qaytarmaq və uşaqları götürərək vətənə dönmək təklif edirlər. Lakin Şükriyyə həyat yoldaşını çox sevirdi. O deyirdi: “Ola bilsin ki, Cavadı güllələyəcəklər, lakin mənim imtinam onun üçün güllədən betər olardı!”
Əhməd Cavadın məhkəməsi getdiyi dönəmdə onu da həbs etdilər. Şükriyyə xanımı kamerada suyun içində saxlamışdılar, onun ayaqları şişmişdi, o yeriyə bilmirdi. Gənc və gözəl qadını tanınmaz hala salmışdılar. 1937-ci ilin dekabrında onu Vətən xainlərinin həyat yoldaşları üçün nəzərdə tutulmuş Akmolin düşərgəsinə sürgün etdilər, orada o, həyatla ölüm arasında qalaraq 8 il keçirdi. 1945-ci ilin iyulunda Şükriyyənin azad olunması barədə göstəriş verildi. Lakin ona Bakıda yaşamağa icazə vermədilər, Seyfəliyə köçməyə məcbur etdilər. Onun kiçik oğlu Yılmazı uzaq qohumları tərbiyə edirdilər. O zaman böyük oğlu Niyaz artıq cəbhədə xidmətini başa vurmuşdu, hərbi xidmətlərinə görə mükafatlandırılmışdı. Tədricən Şükriyyə xanım bütün uşaqlarını axtarıb tapdı, bütün ailəni ətrafında topladı. 1955-ci ildə Əhməd Cavadın bəraət almasından sonra isə Bakıya köçdü.

Ulu nənənizi necə xatırlayırsınız?
Cavad adı ulu nənəm Şükriyyə xanımın mənə etdiyi ilk hədiyyə olub. Beləcə bizim ailəmizdə daha bir Cavad Axundzadə peyda oldu. Ulu nənəmlə həmişə xüsusi münasibətlərimiz olub. Bir neçə il biz Beşmərtəbədə, Şahmat məktəbinin yanındakı mənzildə birlikdə yaşamışıq. Blokun bütün sakinləri daha öncə repressiyaya məruz qalmış ailələr idi. Onlar daim bir yerə toplaşır, öz işlərindən danışırdılar… Sovet dönəmində Əhməd Cavadın adını çəkməməyə çalışırdılar, hətta bəraətindən sonra da. İlk dəfə onun barəsində 1966-cı ildə danışdılar: yazıçı və ədəbiyyatşünas Mir Cəlal Paşayev “Azərbaycan ədəbiyyatı” almanaxında Əhməd Cavadın şeirini dərc edərək onu görkəmli Azərbaycan şairi kimi qeyd etmişdi. Küçələrdə Cavadın keçmiş həmkarları və dostlarına rast gəldikdə Paşayev mütləq onlara müraciət edirdi: “Bəs siz Əhməd Cavadın həyat yoldaşına baş çəkirsiniz? Mütləq baş çəkin” – və onun ünvanını verirdi. Həqiqətən də, ulu nənəmə baş çəkməyə çox sayda insan gəlirdi. Şükriyyə xanım ulu babamın övladlarına həsr etdiyi şeirləri oxuyardı, laylay çalardı, bəzən gürcü dilində nə isə zümzümə edərdi. Ulu nənəm məni çox sevirdi, “Cavadım” deyə çağırırdı.

Vəfatından bir müddət əvvəl Şükriyyə xanımdan müsahibə götürmüşdülər, onun kiçik hissəsi sosial şəbəkələrdə mövcuddur. Şükriyyə xanım deyirdi ki, “bunun təkrarlanmasını istəmirəm, bunu heç kimə, hətta düşmənimə arzulamaram”. O zamanları tez-tez xatırlayırdı?
Ulu nənəm heç zaman yaşadıqlarından söz açmırdı. Və həmin müsahibə onun üçün çox böyük stress olmuşdu. Mən tez-tez onu Şəmkirdə ziyarət edirdim. O mənim qoluma girirdi və biz həyətdə gəzişərək uzun-uzadı söhbətlər edirdik.
Bir dəfə, təxminən 12 yaşım olanda, ondan Stalin haqqında soruşmaq qərarına gəldim. Adət etdiyi hərəkətlə saçlarını yaylığın altında gizlətdi və birdən əlini masaya çırpdı. Sərt şəkildə dedi: “Onun adını çəkmə!” – və hələ uzun müddət sakitləşə bilmədi.

Onun həyatının son anları necə keçib?
O, iki oğlundan – Tukaydan və babam Aydından daha çox yaşadı. Ahıl vaxtlarına qədər düşüncəsini qorudu, onun qeyri-adi yaddaşı var idi. Cavadla tanışlığının tarixçəsini danışmağı çox sevirdi. Lakin, demək olar, ölümünə lap yaxın ərəfələrdə artıq heç kimi tanımırdı.

Özünüzü Əhməd Cavadın nəticəsi kimi nə zaman dərk etdiniz? Bu anı xatırlayırsınız?
Əlbəttə, lap uşaqlıqdan bilirdim ki, Əhməd Cavad mənim ulu babamdır. Evdə onun barəsində çox danışırdıq, ona “Cavad baba” deyirdik. Mənim məktəbli həyatımın bir hissəsi sovet dönəminə təsadüf edib və atamın mənim Azərbaycan tarixi dərsliyimə necə reaksiya göstərdiyini xatırlayıram – onu oxumağa icazə vermirdi. Sovet rejimi bizim ailəyə təsəvvür edilməsi mümkün ən pis aqibəti yaşatdı və bütün bu dəhşətin şahidi mənim ulu nənəm olmuşdu, odur ki, mən bunu hiss etməyə bilməzdim. Lakin 1992-ci ildə təkrarən Əhməd Cavadın sözlərinə yazılan Azərbaycan himni təsdiqləndi, o zaman vətənpərvər hisslərin dalğası artmaqda idi. Tədris hissə müdirimizin məni uşaqlara himnimizin sözlərinin müəllifinin nəticəsi kimi təqdim etdiyi günü xatırlayıram, məni ulu babamın yaradıcılığı ilə bağlı bütün tədbirlərə cəlb etməyə başladılar. Sonralar, universitetdə təhsil aldığım zaman, mən həmçinin daim müəllimlər tərəfindən maraq və hörmət hiss etmişəm. Türkiyədə Əhməd Cavada xüsusi məhəbbət bəsləyirlər və mən dəfələrlə buna şəxsən əmin olmuşam.

Belə fəxri qohumluq Sizin üzərinizə məsuliyyət qoyurmu?
Sözsüz ki, bu qohumluq mənim üçün böyük məsuliyyətdir. Həmişə adımı doğrultmağa çalışmışam. Əhməd Cavadla əlaqəli bütün tədbirlərdə böyük fəxr və zövqlə iştirak edirəm, onların təşkilatçılarına çox minnətdaram. Bu yaxınlarda Gəncə Filarmoniyasında tədbir var idi; tezliklə ulu babama abidə qoyulan Ankaraya hazırlaşıram. Hazırda Gənclər və İdman Nazirliyi nəzdindəki “Azəridmanservis”də baş direktor müavini vəzifəsində çalışıram. 2015-ci ildə Azərbaycan idmanının inkişafında xidmətlərimə görə şəxsən prezident İlham Əliyev tərəfindən təltif olunmuşam. Bax, o zaman hamı deyirdi ki, ulu babamın adını doğrultdum. Mənim iki böyük arzum var: Bakıda ulu babamın abidəsini görmək və onun nəşinin tapılıb dəfn olunması. Ümid edirəm ki, hər ikisi həyata keçəcək.