NARGIS
Ru En
NARGIS MAGAZINE
Redaktorla Müsahibə

Aida. Məkanın və zamanın rəssamı

Məkan - Yarat! Zaman – 10 il.

“YARAT” qeyri-kommersiya təşkilatının on illik fəaliyyəti dövründə Bakı tamaşaçıları ağlasığmaz müasir incəsənətin bütün gizli allüziyaları və metaforaları ilə qaynayıb-qarışıb, rəssamların isə təxəyyülünün sərbəstliyi üçün hər cür şərait və ən cəsur layihələri həyata keçirmək imkanı yaranıb. YARAT! Yalnız azərbaycanlı və xarici rəssamları bir araya gətirən sərgilər keçirmir, eləcə də həm uşaqlar, həm böyüklər üçün ustad dərsləri, müxtəlif maarifləndirici layihələr, hətta Bakı tamaşaçılarını yeni adlar, yeni quruluşlar və teatr sənətinin ən son nailiyyətləri ilə tanış edən irimiqyaslı M.A.P. teatr festivalları təşkil edir. Birlikdə film izlənməsi, kitab müzakirələri, beynəlxalq foto-sərgilər, art-yoqa, konsertlər, inklüziv rəqs məşğələləri... YARAT!-ın yaradıcı komandası yaradıcılığı hər kəs üçün əlçatan etmək üçün ən kiçik fürsətdən belə istifadə edir. Yüksək standartı isə təşkilatın rəhbəri, rəssam Aida Mahmudova tələb edir. Elə məhz o, bizə qət etdiyi yol, gözəlliyə meyli və öz yaradıcılıq planları haqqında bəhs edib.

On il ərzində xaricdə Azərbaycan sənətinə baxış nə qədər dəyişib? Azərbaycan rəssamları qərbdə nə ilə maraq oyadırlar?

Biz dünya incəsənət ictimaiyyətinin özümüzə qarşı münasibətini tamamilə dəyişə bilmişik. Bu, qismən onunla əlaqədardır ki, rəssamlarımızın işləri dünyanın müxtəlif ölkələrində keçirilən sərgi və biennalelərdə layiqincə təqdim olunur, onlayn platformalar vasitəsilə yayılır və peşəkarların diqqətini cəlb edir. Rəssamlar özləri də öz regionlarında qapanıb qalmadan səyahət etməyə başlayıblar. Yeni təəssüratlar, hisslər və daimi enerji mübadiləsi yaradıcı insana zamanın ruhunu əks etdirən əsərlər yaratmağa çox kömək edir. Düşünürəm ki, bu gün azad düşüncəli, öz köklərini bilən və ona dəyər verən, lakin onlar haqqında müasir texnologiyalar dilində danışmağı mükəmməl bacaran cəsur ziyalı, yeni nəsl Azərbaycan rəssamlarının obrazı formalaşıb. Belə bir rəssamı dünyanın hər yerində başa düşəcəklər. Beynəlxalq tənqid indi Faiq Əhməd, Rəşad Ələkbərov, Orxan Hüseynov və digər müəlliflərin yaratdığı əsərləri məhz ənənələrlə müasirliyin sintezinə, universal həqiqətlərin dərk edilməsi ilə birləşən özünəməxsusluğa görə qiymətləndirir. Bu obraz ildən-ilə tədricən formalaşıb. Geriyə baxanda anlayıram ki, YARAT!-ın həyata keçirdiyi layihələr bunda mühüm rol oynayıb.

Belə bir deyim var: "Mən rəssamam! Mən belə görürəm". Bu deyim sənətdə həmişə özünü doğruldubmu?

Sadəcə qismən. Rəssam, şübhəsiz ki, özü üçün maraqlı olmalı, fikirlərini həyata keçirməlidir və ona yaxın olan şeylər haqqında danışmalıdır, amma sizin işiniz başqalarında heç bir emosiya yaratmırsa, bu haqda düşünmək lazımdır. Məncə, bəyənmək və trenddə olmaq istəyi ilə ictimai rəyə tamamilə etinasızlıqla yanaşmaq arasında qızıl ortanı tapmaq lazımdır. Anın vəziyyətindən asılı olaraq özünüzü itirməmək üçün başqalarının təsiri altına düşməməyi bacarmalı, ancaq özünüzə də tamamilə qapanmamalısınız. Öz səsiniz, sizi digərlərindən fərqləndirən dəst-xəttiniz olmalıdır, həm də bu dəst-xətt aydın və dəqiq olmalıdır.

Nə qədər sərt rəhbərsiniz?

Bu sualı, yəqin ki, komandama versəniz yaxşı olardı. Düşünürəm ki, onlar mənim kifayət qədər tələbkar, eyni zamanda liberal idarəetmə tərzim olduğunu deyərlər. Mən işçilərimdən çox şey gözləyirəm və tələb edirəm, çünki onların hər birinin potensialına bələdəm. Komandama peşəkarları toplamışam və əminəm ki, onların qarşısına yüksək məqsədlər qoya bilərəm. Bununla yanaşı işçilərim onlara tam azadlıq verdiyimi, tam etibar etdiyimi bilirlər. Mənə elə gəlir ki, yalnız azad və xoş mühitdə yaradıcı olmaq mümkündür. Yəqin ki, məhz buna görə də YARAT! ofisində xüsusi atmosfer var və burada gənc, parlaq, istedadlı insanlar çalışır.

İnsanlarda dəyər verdiyiniz əsas keyfiyyətlər hansılardır?

Səmimiyyət, xeyirxahlıq və özün kimi olmağı bacarmaq.

Vizual sənətdə hansı axın və üslublar sizə daha yaxındır? İmpressionizm, sürrealizm və ya bəlkə də başqa bir şey?

Hesab edirəm ki, bizim hər birimiz sənətin çoxəsrlik inkişaf tarixinin məhsuluyuq. Biz, demək olar ki, genetik kodda olduğu kimi dünyaya gəlməmişdən əvvəl yaradılan bütün gözəllikləri özümüzdə daşıyırıq. Bu gün aldığım vizual məlumatların sayı ilə meylimi bir və ya iki istiqamətlə məhdudlaşdırmaq mənim üçün çətindir.

Siz bu gün təşkilatı idarə etməyə, öz yaradıcı ideyalarınızı həyata keçirməyə və qızlarınızı böyütməyə vaxt çatdırırsınız... Vaxtınızı necə bölürsünüz?

Sirr açacağımı düşünmürəm. Əsas odur ki, hər şeyi sevgi ilə və gücünüzü əsirgəmədən etməlisiniz. Övladlarım həyatımın mənasıdır, YARAT! isə mənim daha bir uşağımdır. O, on bir yaşlı böyük qızım Sürəyyadan cəmi bir yaş kiçikdir. Çalışıram ki, heç kimi diqqətdən kənar qoymayım, son üç-dörd ildə isə öz işimə çox vaxt ayırıram, rəssam kimi inkişaf etməyə çalışıram. Əks halda, özünüz və başqaları üçün maraqlı qalmaq mümkün deyil.

Analıq sizə nə öyrədib?

Səbrli olmağı. Həm də öz uşaqlarımızdan çox şey öyrəndiyimizi başa düşdüm. Hansısa xüsusi bir müdriklik və qavrayışın tazəliyini öyrənirik. İnsanları heç vaxt məyusluq yaşamamış kimi, ətrafımızdakı dünyanın sanki qaranlıq tərəfləri haqqında heç nə bilmirmiş kimi sevməyi öyrənirik.

Hər bir əsər üzərində iş prosesi nə qədər təkraredilməzdir?

Hər bir iş - bir çox yuxusuz gecələrin, sonsuz şübhələrin və öz-özünlə mübahisələrin nəticəsidir. Hər yeni işlə bərabər çox vacib şeylər yaşayırıq. Bütün gündəlik işlərlə məşğul olduqdan sonra, nəhayət ki, emalatxanada kətan və boyalarla tənha qalırsan, elə bu vaxt bir daha təkrarolunmayacaq an başlayır.

Kütləvi mədəniyyət dünya mədəniyyətində mühüm yer tutur. Təəssüf ki, çoxlu başdansovma işlər, şablon və ştamplar ortaya çıxıb. Bəzən bədii hadisənin fərdiliyi və unikallığı nəzərə alınmır. Buna baxmayaraq, kitç heç bir dəyər kəsb etmir - nə estetik, nə də bədii. İnsanların yorulduğu və "dünyanı xilas edəcək" gözəllik həsrəti çəkdikləri hissi varmı?

Yəqin ki, gözəllik və harmoniya həvəsi təbiətcə bizə xasdır. Müasir incəsənətin nə qədər qatı tərəfdarı olmağınızdan asılı olmayaraq, yunan heykəlləri və Bottiçelli əsərlərinə baxanda heyranlıqdan donub qalacaqsınız. Niyə? Görünür ki, cizgilərin mükəmməlliyi və kompozisiyanın ahəngdarlığı bizdə dini heyranlığa yaxın bir hiss oyadır. Zehnimizi nə qədər mürəkkəb fəlsəfi konsepsiyalarla təlim etsək də, biz yenə də ulduzlardan, çiçəklərdən və ya kəpənəklərdən heyranlıqla həzz alırıq, çünki onların gözəlliyini sözlə izah etməyə ehtiyac yoxdur.

Çoxları rəsmlərinizin miqyasına baxaraq heyranlıqdan başqa təəccüb hissi yaşayır: belə bir zərif xanım bu cür monumental əsərləri necə yaradır? Nədən güc alırsınız?

Mən belə hiss edirəm ki, musiqidə kamera və simfonik orkestr üçün böyük əsərlərin olduğu kimi, böyük miqyas və güc tələb edən mövzular var. Mən məkanı dərhal dəyişdirən gözlənilməz materiallardan geniş miqyaslı panno və həcmli instalyasiyalar yaratmağı çox sevirəm. “Umwelt” və “Elysium” adlı fərdi sərgilərim belə idi. Bəzən görürəm ki, instalyasiya mürəkkəb və əziyyətli iş tələb edir, o zaman rəssam dostlarım köməyə gəlirlər, eynilə "Təsəvvür edilməyən perspektivlər" sərgisində olduğu kimi.

“PASTPRESENTFUTURE” sərginiz nədən bəhs edir?

Demək olar ki, bu, ideoloji, siyasi, dini, ən əsası isə müvəqqəti zahiri məhdudiyyətlərdən kənar əsərlər yaratmaq cəhdi idi. Mənim üçün əsas olan yaradıcılıq prosesinin özü və onunla bağlı emosiyalardır. İlk dəfə mənim üçün yeni olan materiallarla - rəngkarlıqla uyğunlaşdırılan keramika, mis, quru bitkilər və otlarla işləməyi sınadım.

Rəsmlər üçün mövzu seçiminizə nə təsir edir?

Həyatımın bu dövründə yaşadığım şəxsi təcrübə və duyğular. İşimi aylarla davam etdirirəm və təbii ki, məni narahat edən, incidən, həyəcanlandıran və ya əksinə, xoşbəxt edən hər bir şey onlardan çıxış yolu tapır.

Sizin fərdi sərgiləriniz həmişə sənət aləmindən olan peşəkarlar və kolleksiyaçıların marağına səbəb olub. Onlar Sizi bir rəssam kimi yüksək qiymətləndirirlər. Allah vergisi olan istedadınızdan başqa, peşə seçiminizə nə təsir edib?

İnsanın öz yolunu tapması üçün müxtəlif amillərin birləşməsi vacibdir. Təbii ki, daxili səsimizə qulaq asmalıyıq, amma yaxınlarımız da vaxtında uşaqda hansısa meyli görsələr, dəstək olub, reallaşmasına kömək edə bilərlər. O zaman arzu taleyə çevrilə bilər. Şübhəsiz ki, rəssam uğur qazanması üçün uzun illər öz üzərində səylə işləməlidir.

Siz öz istedadınıza reallıq kimi, yoxsa hədiyyə kimi yanaşırsınız?

Mənə elə gəlir ki, bu barədə düşünməmək daha doğrudur. Axı biz niyə yeridiyimizi, nəfəs aldığımızı, danışdığımızı düşünmürük... Biz bütün bunları ona görə edirik ki, bizə Allahdan müəyyən qabiliyyətlər verilib. Rəssamın istedadı - həyatı hiss etməyin daha bir başqa, əlavə üsuludur, lakin, fikrimcə, bu, həm də sahibinə öz hərəkətlərinə görə əlavə məsuliyyət qoyur.

Yeni il üçün yaradıcılıq planlarınızdan danışın. Hal-hazırda nə üzərində işləyirsiniz?

Mənim planlarım həm YARAT! (bu payızda 10 yaşımız oldu və ümid edirəm ki, böyüdükcə maraqlı layihələr və yeni təhsil təşəbbüsləri ilə sizi təəccübləndirməyə davam edəcəyik), həm də şəxsi bədii axtarışlarımla bağlıdır. Hal-hazırda 2022-ci ilin aprel-may aylarında Londonda “Gazelli Art House” qalereyasında baş tutacaq fərdi sərgimə hazırlaşıram. Yeni texnika və materialları istifadə edirəm: indi keramika ilə çox maraqlanıram, gillə işləmək mənə tamamilə yeni, tanış olmayan emosiyalar verir. Bu hisslər kətana toxunarkən hiss etdiyiniz duyğulardan tamamilə fərqlidir. Məncə, gil - əllərimizin istiliyini verdiyimiz canlı, elastik bir materialdır, bu bütün yaradıcılığın nümunəsidir, başlanğıcıdır...