
Bu il ən məşhur Britaniya yazıçısının 250 yaşı tamam olur. Bu münasibətlə Böyük Britaniyanın dörd bir yanında müxtəlif festivallar və yarmarkalar keçirilir. Ən mühüm tədbir isə, yazıçının dünyaya gəldiyi şəhərcikdə - Stivenson Hempşirdə təşkil edilmişdir.
Ceyn Ostin Viktoriya dövründən əvvəlki zamanın ən məhsuldar yazıçılarından biri olmuş və Viktoriya dövrünün gələcək qadın yazıçılarına yaradıcılıq yolunun əsasını qoymuşdur. Yazıçı tənqidçilərdə qarışıq hisslərin yaranmasına səbəb olurdu: bəziləri onu dahi yazıçı adlandırır, bəziləri müşahidə qabiliyyətləri və kənd həyatının sevinc və kədərlərini olduğu kimi ötürdüyünə görə onu övür, digərləri isə onu darıxdırıcı adlandırır və baş qəhrəmanlarının romantik münasibətlərindən uzağı görməməkdə ittiham edirdi.
Biz isə bir məsələdə əmin ola bilərik: Ceyn Ostinin romanları ilk növbədə tərbiyəedici əsərlərdir. Onun hər bir əsəri baş qəhrəmanların qüsurlarını üzə çıxarır, ifşa edir və doğru əxlaqi prinsipləri, düzgün mənəvi dəyərləri öyrədir. Əgər əsərin başlanğıcında baş qəhrəman qadın özünü düşünmədən, dəcəl və yüngülxasiyyətcəsinə aparırsa, sonuna yaxın o, mütləq yetişmə və tərbiyə yolunu keçməli, səhvlərini dərk etməli və müasir dillə desək, özünün daha yaxşı versiyasına çevrilməlidir.
Ostinin əsas altı əsərini oxumuşam: “Hiss və həssaslıq” (1811), “Qürur və qərəz” (1813), “Mensfild – park” (1814), “Emma” (1815), “Məntiqin dəlilləri” (1817), “Nortenger abbatlığı” (1818). Belə ki, əgər siz Ceyn Ostinlə tanış olmaq istəyir, lakin nədən başlayacağınızı bilmirsinizsə, bu rəhbər sizin üçün tərtib edilmişdir.
“Hiss və həssaslıq” romanının əsas mövzusu, elə adından da göründüyü kimi, soyuq məntiq ilə hədsiz emosional həssaslığın qarşılaşdırılmasıdır. Burada bir məqam diqqət cəlb edir: orijinal başlıq “Sense and Sensibility” - dir. İngiliscədə ‘sense’ sözü daha çox ‘mənalar’, ‘məna’, ‘sərrastlıq’ kimi tərcümə oluna bilər. Bu halda əsərin mahiyyətindəki qarşıdurma daha aydın görünür. Ceyn Ostin əsərin adına baş qəhrəmanlarının qüsurlarını çıxarır və bu üsula biz “Qürur və qərəz” - də də rast gəlirik.
“Hiss və həssaslıq” - ın qəhrəmanları bacılar – Elinor və Mariannadır. Elinor – düşüncəli və təmkinli, Marianna isə əksinə, həddindən artıq emosional və coşqun təbiətlidir. Onların xarakterləri müxtəlif sınaqlar zamanı üzə çıxır və kəskin fərqlənir. Hər iki bacı kişi xəyanətinin qurbanı olur, lakin Elinor öz dərdini kənara bildirmədən içində yaşadır, Marianna isə kədərini açıq nümayiş etdirir, onu həyatının başlıca mövzusuna çevirir. Bütün bunların fonunda isə aydın görünür: Ceyn Ostin təmkinin, səbrin və daxili gücün tərəfindədir.
“Qürur və qərəz”, Ceyn Ostinin ən məşhur romanıdır. Hər birimiz Kolin Fert və Metyu Makfedyeni müxtəlif vaxtlarda Darsi rolunda izləmişik. Bu gün psixoloqlar, Darsi və Elizabetin münasibətlərini qeyri – sağlam adlandırardılar, lakin nədənsə məhz bu cür münasibətlər bir çoxlarında daha parlaq hisslərin meydana gəlməsinə səbəb olur. Darsi – təkəbbürlü, lovğa, ünsiyyət sevməyən və susqun bir insandır. Lizi isə – hamının məhəbbətlə çağırdığı kimi – onun tam əksidir. O, gülərüzdür, zarafat etməyi, söhbət açmağı sevir, eyni zamanda hər şeyi dərindən hiss edir və yaşayır. Başlıqdan da göründüyü kimi, qəhrəmanların əsas qüsurları buradadır: Darsi öz qüruru ilə, Lizi isə qərəzi ilə seçilir. ‘Onun qürurunu bağışlayardım, əgər mənim qüruruma toxunmasaydı’, – deyə məşhur sitat səslənir. Bəs kim, kimə nəyi bağışladı? – Bunun cavabını isə əsəri oxuyanda biləcəksiniz.
“Mensfild - park” – Ostinin romanları arasında ən sevdiyimdir. “Bu əsər klassik qəhrəmanları, mürəkkəb süjet xətləri və ehtiraslı hadisələri ilə zəngindir. Burada Ceyn Ostinin yaradıcılığının əsas ideyası – ruhun tərbiyəsi ən aydın şəkildə görünür. Uşaqlıqdan daha imkanlı qohumlarının himayəsinə verilən Fanni Mensfild-parkda böyüyür. O, sevilməyən xalası Missis Norrisin nəzarəti altında sakit, amma məhrumiyyətlərlə dolu bir həyat sürür. İmkanlı malikanədə yaşamasına baxmayaraq, Fanninin otağı evin kənarında yerləşir və qızdırılmır, o, nə ictimai həyata qatılır, nə də gəzintilərə gedir – əksinə, çox vaxt qulluqçu kimi istifadə olunur. Fanninin xarakteri isə bolluq və rahatlıq içində böyüyən əmioğlu-əmiqızları ilə kəskin ziddiyyət təşkil edir. Onlar dəcəl və səbirsiz böyüdükləri halda, Fanni daha təmkinli və ağıllı olur. Ceyn Ostinin əsərin sonunda verdiyi əsas mesaj isə sadədir: hər şeydən bir az, amma qədərində.
Emma, eyniadlı əsərin qəhrəmanı, ərə getməyə tələsməyən, başqalarına həyat yoldaşı axtaran nadir qızlardan biridir. Öz mürəbbiesinə uğurlu həyat yoldaşı tövsiyəsi verdikdən sonra, qərara gəlir ki, öz həyat yolunu tapıb – o, aradüzəldən məşğul olmalıdır. Emmanın özünün 21 yaşı var, o zəngin və ağıllıdır və hesab edir ki, heç bir kişi ona, onda əskik nəyisə verə bilməz. Ostinin bir çox qəhrəmanları kimi Emma böyümə və tərbiyələnmə yolunu keçir və insan naturalarının qiymətləndirilməsində öz səhvlərini anlayaraq, ərə gedir.
“Məntiqin dəlilləri” əsəri ölümündən sonra nəşr olunub və Elliotların təkəbbürlü ailəsini haqqında danışır. Yeniyetməlik dövründə Enn Elliot bir dənizçiyə aşiq olur, lakin atası onun öz təbəqəsindən olmayan bir insanla evlənməsinə qarşı çıxır. Bir neçə il sonra, Elliotlar ailə böhranı ilə üz-üzə qalanda, onlar yenidən görüşür və qarşılarında sual yaranır: hələ də bir-birinə qarşı hissləri qalırmı və keçmişi unutmağa hazırdırlarmı?
“Nottergen abbatlığı” Ostinin zamanı məşhur olan qotik romanın parodiyasıdır. 1818 -ci ildə nəşr edilməsinə baxmayaraq, əsər Ostinin ilk romanıdır. Baş qəhrəman Ketrin ciddi şəkildə qotik romanlarla maraqlanır və zəngin qohumları onu Bataya qonaq çağırdıqlarında Ketrin hər şeyə qotik romanlar prizmasından baxır və yol boyu hansısa canavarla rastlaşacağını və ya gecə hücumuna şahid olacağını gözləyir. Düşünürəm ki, bu əsər Ostinin ən satirik romanıdır və burada müəllif, klassik qəhrəmanları tənqid edir və öz sadəlövh qəhrəmanını da lağa qoyur.