Qarabağın Azərbaycan tərkibinə qaytarılması uğrunda 44 gün davam edən müharibə qələbə və ölkəmizin ərazi bütövlüyünün bərpası ilə başa çatdı. Biz hərbi komissarlıqlar qarşısında könüllülərin uzun növbələrini, ruh yüksəkliyi və vətənpərvərlik coşqusunu xatırlayırıq. Və insanların haqqı olan – doğma torpağını bəzən həyatları bahasına qaytaran şücaətli döyüşçülərimizlə fəxr edirik. Bu buraxılışın qəhrəmanlarına sağ qalmaq səadəti nəsib olub və onlar yaşadıqlarını danışmağa hazırdırlar. Müharibənin xarakterləri və prioritetləri dəyişdirməsi haqqında.
Nəsillərin qırılmaz əlaqəsi
Ənvər Mirzəyevin ulu babası – Qarabağ xanlarının birbaşa varisi Nəsir bəy Cavanşir Şuşanın süqutu xəbərinə dözə bilmədi. Bu gün o, səmalardan boylanaraq, yəqin ki, nəticəsi - tarixi ədalətin bərpasının iştirakçısı ilə fəxr edir. Axı Şuşa – Azərbaycanın ürəyidir, Qarabağ isə - onun incisi!
Necə oldu ki, İkinci Qarabağ müharibəsinin iştirakçısı oldunuz?
Məni təqribən sentyabrın 20-i çağırdılar. Bildiriş gəldi, sonra bizi hissəyə göndərdilər. O zaman KİV-də ehtiyatda olan müxtəlif peşə sahiblərinin çağırılmaları barədə məlumat verilirdi. Ehtiyatda olan çağırışçıları cəbhəyə ehtiyac yarandıqca göndərirdilər. Mən həqiqi hərbi xidməti 13 il əvvəl keçmişəm, “piyadaların döyüş maşınının sürücü-mexaniki” peşəsinə yiyələnmişəm. Bəxtim gətirdi ki, məni döyüş maşınına otuzdurmadılar: yeni nəsil texnika ilə tanışlığa zaman gərəkdir. Bizim batalyon cəbhə xəttinin yarılmasında iştirak edirdi, buna görə də ilk günlər böyük itkilərə məruz qaldı. Hər şey çox yaxın idi: post, qarşıda səngər, minomyot atəşini minimuma endirmək üçün sədd, daha sonra, belə demək mümkündürsə, neytral zolaq, onun arxasında isə düşmən! Piyada və avtomobillə yalnız yollarla mümkün idi, çünki ətraf hamısı minalanmışdı. Hərçənd maşını da yolda vurmaq asan idi və bu zaman birinci elə sürücü-mexanik həlak olurdu...
İlk həmlə haqqında danışın.
Füzuli rayonunda hamımızın yerləşdiyi dayaq məntəqəsi var idi. İlk həmləmiz 4 günlük oldu. Bizi düşməni çaşdırmaq üçün uzun müddət sərhədboyu zonada gəzdirdilər, atəş açılırdı... Postumuzun 5 kilometrliyinə endik. Günün işıqlı vaxtı oradan keçmək mümkün deyildi – atəş açırdılar, buna görə piyada, 1 nəfərlik kolonla, bir-birimizdən 1-2 metr məsafədə addımlamağa başladıq. Yol mövqelərimizin yanından keçirdi. Budur, gedirik, əllərimiz məşğuldu, su içmək istəyirsən – uşaqlar yaxınlaşır, butulkanı açır, əl-üzünü yuyur, içməyə su verirlər... Bir-birimizə çox dəstək olurduq, hamı anlayırdı ki, ümumi iş görürük. Beşinci gün yenə göndəriş var idi, mən qalanlar sırasında idim. Tezliklə bizi Füzuli yaxınlığındakı başqa kənd istiqamətində apardılar və elə alındı ki, biz cəbhə xəttinin içinə daxil olduq: sağ və solda düşmənlər idi, bizə yetişmək üçün dar dəhliz isə tam atəş altındaydı. Bizi yüksəkliklərin qorunması və mövqelərin mühafizəsi üçün saxlamışdılar.
Sizin ən güclü, yaddaşınıza həkk olan təəssüratınız hansıdır?
Biz irəliləyirdik. Dağlar, mürəkkəb relyef, ağır təchizat, hələ kiminsə sursatla dolu torbasını da götürmüşdük... 5-10 kilometr yürüşdən sonra lap çətin oldu. Mən və bir nəfər bölükdən geri qaldıq. Dəhşətli isti var idi, sən isə zirehli jiletdə, yarım saat yürüşdən sonra nəinki maykanın, kitelin də suyunu sıxmaq mümkündür. Orada iqlim belədir: gündüz isti, gecə çox soyuq. Mən Füzulini, Cəbrayılı, Xocavəndi keçdim – hər yerdə belədir. Ağdamda bəzi yerlərdə artıq qar var idi, bizdə isə isti idi. Və budur, biz bu torbanı daşıyırıq... Təpəyə yaxınlaşdıq, onun arxasına bizim son postumuz olmalı idi. Bu zaman başqa hissənin əsgərləri gəlirdilər, dedilər ki, gəlin arxamızca, sizi mənzil başına çatdırarıq. Və təpə istiqamətində getdilər. Birdən səngərdən əsgər çıxaraq “Geriyə!” qışqırdı. Bu an mərmi uğultusunu eşitdik. Uşaqlar geri çəkildilər... Bu zaman partlayış baş verdi... Mən təpənin arxasından insan əl-ayaqlarının havaya uçduğunu gördüm... Dostuma “Elvin, qaçaq!” qışqırdım. O, kənara qaçdı və bir an sonra onun dayandığı yerə daha bir artilleriya mərmisi endi...
Necə yaralandınız?
Komandir özümə gəlməm üçün məni bir neçə günlük dayaq məntəqəsində saxladı. İkinci gecə oyandım, gördüm raketlər uçur – düşmən bizim kvadratı yoxlamaq qərarına gəlib. Uşaqların yanına getdim. Bu zaman raket düşdü... Partlayış... Dedim ki, “uşaqlar, mənə nə isə dəydi”. Amma qəlpə mənim qarnıma tuş gəldi, metrə yarım kənarda dayanan oğlanın isə - başına. Gecə idi, heç nə görünmürdü. Onu hey çağırırdıq, xırıltı eşitdik. Sürünüb yaxınlaşdıq, çevirdik – başından yaralanmışdı. Biz onu təhlükəsiz yerə sürüdük, “promedol” vurduq, həkim çağırdıq. Amma onu səyyar hospitalın çadırına gətirdikdə məlum oldu ki, yara ölümcüldü...
Müharibəni tez-tez xatırlayırsınız?
Mən fikrən ayrılmağa çalışıram. Qayıtdıqdan sonra tez işə çıxmağa çalışdım. Artıq sonra ağuşuna aldı. Hər kəsin psixikası fərqlidir... Mənim metrə yarımlığımda insan həlak oldu – mən onu kənara sürüdüm, siqaret çəkdim və yatmağa getdim. Elə yaralanmağımı da artıq səhər anladım. Yəqin ki, bu, beynin müdafiə reaksiyasıdır. Sonra hospital, məni sonrakı xidmət üçün yararsız hesab etdilər, amma bir qəlpə hələ də bədənimdədir... Müharibədə başın dərhal pozulur. Mən də oradaydım: iki dost döyüşə gedir – birinin yaxınlarda toyu olmalıdı, o biri isə şahid olacaq. Və dostunun gözü önündə gələcək bəyi öldürürlər. Sağ qalanı dəhşətli vahimə içində gətirdilər. Belə şey izsiz ötüşmür. Uzağa getməyəcəm: qonaqlıqdı, şampan açırıq – partlayış! – və hamı diksinir. Mən daha inamlı, ciddi və eyni zamanda sentimental olmuşam. Sakitlik və aramlıq istəyirəm...
Döyüş dostları qazandınız?
Bu bir qədər fərqli dostluqdur. Adətən, yaxşı dost olmaq üçün bir neçə il sərf olunur, bütün bunları keçdiyim uşaqlara isə mən hər şeyi etibar edərəm. Mən ləzgilərə valeh olurdum. Bir ləzgi briqadası toplasan, onlar istənilən zirvələri fəth edərlər. Bıçaqları götürdülər – və irəli!.. Orada mən həm də MDU-nun Bakı filialının məzunu Namiq Quliyevlə tanış oldum - əla oğlan idi... Sonuncu dəfə görüşəndə müxtəlif mövzularda xeyli söhbətləşdik. Səhəri gün uşaqlar irəli getdilər, məni isə saxladılar. İki gündən sonra yaralandım. O isə şəhid oldu. Fəxri Xiyabanda dəfn olunub... Ailənin yeganə övladı, Zərifə Əliyeva adına liseydə təhsil almışdı, anası da orada işləyir. Onun şərəfinə guşənin açılışına getmişdik, amma onun anasına yaxınlaşmağa cürətim çatmadı. Çünki biz buradayıq, o isə yoxdur...
Ailənizin Qarabağa aidiyyəti var?
Mənim nənəmin qız soyadı Cavanşirdi, bu Qarabağın xan nəslidir. Atamın da nəsli Şuşadandır, lakin Mirzəyev daha sadə soyaddır, onlar tacir olublar. Məndə böyük foto arxivi qalıb, onlarda yalnız Qarabağ deyil, həm də keçmiş qonşu xanlıqların görkəmli şəxsləri əks olunublar. Ulu babam Nəsir bəy Cavanşir 1896 ildə anadan olub. Maestro Niyazi ilə dostluq edirdi, gözəl təhsil almışdı, bir neçə dil bilirdi. 96 yaşında onun hələ də gur saçları, öz dişləri, gözəl görmə qabiliyyəti və aydın yaddaşı var idi. Təzə Pir məscidinin yanında yaşayırdı, amma hər gün bulvara “uşaqlarla” domino oynamaq üçün piyada gedirdi. Nənəm zarafatla deyərdi: bunlar necə uşaqdırlar, ən kiçiyinin 77 yaşı var! 1992 ildə atam ona Şuşanın alındığını xəbər verdikdə, Nəsir bəy “bu mümkün deyil” dedi. Xəbərləri açdı, dinlədi, bundan sonra isə xəstə düşdü və bir daha ayağa qalxmadı. Düz 3 aydan sonra vəfat etdi.
Müharibənin bitmə xəbərini harada eşitdiniz?
Gecə saat 3 idi. Mən bokslarda yatmışdım, səs-küyə oyandım, kazarmaya getdim, orada isə heç kim yatmamışdı! Radio işləyir, haradansa təbil tapdılar. Kimsə hətta “qalx və yeri!” möcüzəsi yaşadı, çünki hətta qoltuq ağaclı uşaqlar elə rəqs edirdilər ki! Səhəri gün çoxlarını buraxdılar.
Əsgərlər xalqın yardımını hiss edirdilər?
Müharibə pulun hər şeyi həll etməsi mifini puç etdi. Səngərdə oturmusan, pivə və ya kola istəyirsən – pul var, amma heç yerdən almaq mümkün deyil. Elə olurdu ki, uşaqlar mühasirədə deyillər, amma onlara yenə də yetişmək olmur – atəşə tuturdular. Tapdıqlarından yeyirdilər, amma hətta meyvə ağacları da minalanmışdı: almanı üzdün – ayaqsız qaldın. Bəzən yağış suyu içirdik. Yaxşı ki, quru rasiona yoluxmaya qarşı həblər daxil idi. Şəhərdən isə imkan olan kimi bizə ərzaq, şokolad, siqaret gətirirdilər, axı orada hətta siqaret çəkməyən də çəkər... Bir dəfə çörəklə dolu VAZ-06 gəldi. Kim nə bacarırdısa göndərirdi: corab, isti əşyalar, məktublar! Dəstək hədsiz idi. Yardımlıdan olan oğlan yazmışdı: “Salam, əziz əsgərlər. Pandemiya səbəbi ilə bizi onlayn tədrisə keçirdilər, mən də məşğul olmaq üçün özümə yeni smartfon üçün pul toplayırdım. Amma bu pullar sizə daha lazımlıdır və mən də onları orduya verdim. Sizə corab, papaq, daha nələrsə gətirəcəklər, mən isə söz verirəm ki, yaxşı oxuyacam”. Hamımız göz yaşı axıtdıq. Bütün bu insanları sən tanımırsan və çətin ki, nə vaxtsa görəcəksən, lakin bu vəhdəti hiss etmək, ölkədə kiçikdən böyüyə qədər hamının səni dəstəklədiyini anlamaq xoşdur!
Sıldırım yüksəklik
Sarsılmaz dağ qalası – Şuşanı ağlasığmaz mürəkkəb şəraitdə fəth edən xüsusi təyinatlı qoşunlar fiziki və mənəvi hazırlığının tayı-bərabəri olmayan say-seçmə döyüşçülərdən ibarətdir. 11 il hərbi xidmətdə olan serjant Elnur Abdullayev Azərbaycana onun fəxrini – qədim Şuşanı qaytaranlardan biridir.
Siz peşəkar hərbçisiniz. Şəxsən Sizin üçün bu müharibə necə başladı?
2011-ci ildə 18 yaşımda məni daxili qoşunlara hərbi xidmətə çağırdılar. Xidmət müddətim qurtarana qədər raport yazdım və könüllü olaraq qaldım. Xüsusi təyinatlılarda xidmət üçün hazırlıq kursu keçdim, təlim əməliyyatlarında iştirak etdim. Elit “Yaşma”nın heyətinə 3 nəfəri, o cümlədən, məni də seçdilər. Bizi döyüşə 24-ü yolladılar. Kəlbəcər istiqamətində hücum başladı, 4 gün orada vuruşduq. Artilleriya zərbə endirir, bizə koordinatlar verilir, vəzifəmiz – ora yetişmək və əks-hücum həyata keçirməkdir. Dörd gündən sonra bizi başqa rayona köçürdülər. Bir müddət orada qaldıq, sonra isə, 27-dən – Füzuli, Cəbrayıl... Düşmən tanklarının, maşınlarının koordinatlarını artilleriyaya ötürürdük, özümüz isə piyada əks-həmlə edirdik. Əsirləri təhvil verib yolumuzu davam edirdik, nə dayanmaq, nə qayıtmaq olar – ancaq irəli! Gecə və gündüz döyüşlər gedirdi, itkilərimiz var idi... Hər şeyi danışmaq olmaz...
Ən ağır döyüşünüzü necə xatırlayırsınız?
Ağır döyüşlər olmadı. 90-cı illərdə uşaqlar və qocaların günahı nə idi ki, onlarla belə rəftar etmişdilər? Addım-addım onlara torpaqlarını qaytaranda sevinirsən. Düşmən kimdir ki, bizə mane olsun? O bizi dayandırmaq iqtidarında deyil.
Yəqin sizin heç yatmağa da vaxtınız yox idi?
Kimsə ümumiyyətlə yatmadığını deyirsə, bu yalandır. Hətta 5 dəqiqə asudə vaxt olursa, mürgüləmək olar. Əlbəttə ki, öndə və arxada olanlar fərqli davranmalı idilər. Kiməsə təchizat yetişirdi, sənə isə - yox. Dağlarda yağış yağır, paltarı dəyişmək lazımdır, amma quru paltar qalmayıb. Qida, su qalmaya bilərdi. Elə olurdu ki, düşmən haradasa ehtiyatları, əşyaları atıb – onlardan da istifadə edirdik. Bəlkə kiməsə çətin idi, amma mənə - yox. Lazım idisə - döyüşə gedirdik!
Düşmən haqqında nə deyə bilərsiniz?
Bizimlə üz-üzə gəlməyə onların cürəti çatmırdı. Uzaqdan döyüşçülərimizin yaxınlaşdığını gördükdə, onlar silahı, kaskanı, zirehli jiletləri atıb qaçırdılar. Bu dəfələrlə təkrarlandı. Artilleriya zərbə endirirdi, əks-hücum üçün düşmən postuna daxil olursan, onlar isə döyüşə çıxmırlar, qaçırlar. Bilirlər ki, xüsusi təyinatlı döyüşçülər onlara aman verməyəcək!
Şuşaya necə daxil olmağınızdan danışın.
Düşmən bizim dağlar tərəfdən gələcəyimizi gözləmirdi. Biz bir həftəyə piyada çatdıq ora, gecə və gündüz dağlarla yol getdik. Pis qidalanırsan, yatmırsan, dincəlməyə dayansan – artıq gedə bilməyəcəksən, o dərəcədə yorulmusan. 3-5-10 dəqiqə fasilə - və bir-birindən 20-25 addım intervalla getməyə davam edirsən. Qalxdıqda çardağa bənzər bir şey gördük, 30-40 nəfər çay içirdi, siqaret çəkirdilər. Biz əl qumbaralarını atdıq. Partlayış! Arxada gələnlər bu zaman atəş açdılar. Gözlənilməzlikdən onlar şoka düşdülər. Mən çox yaxınlaşdım – onlar məni iki metrlikdə gördülər, elə orada da sol ayağımdan güllə yarası aldım. Döyüş bir saat davam etdi, onlar bütün texnikanı atdılar, hətta yaralılarını da qoyub qaçdılar. Aqil Zeynallı məni oradan çıxardı... Bir həftə sonra bildim ki, şəhid olub. Bu oktyabrın 21-də idi, mən iki gün yaralı halda Şuşada qaldım. Arteriya deşilmişdi, qan fışqırırdı. Bir jqut saxlamırdı, beşini qoyursan – yenə də kömək etmir. Bizə özümüzə ilk yardım göstərməyi öyrədirdilər, çünki səni yaralasalar yanında heç kim olmaya bilər və qanaxmanı saxlamasan sadəcə öləcəksən. Sonra məni Bakıya gətirdilər. Vəziyyətim ağır idi, bədənimdə qan qalmamışdı və mən komaya düşdüm. Amma elə uşaqlar var idi ki, 3, 4, 6 gün yaralı halda Şuşada qalmışdılar. Maşınlar hər yerdən keçə bilmirdilər, yolda onları amansız atəşə tuturdular.
Yadımıza gələni Şuşanı noyabrın 8-də aldılar…
Səkkizində elan etdilər. Amma, belə deyək, irəlidə olanlar əsas qüvvələrdən xeyli qabaqda idilər. Bizi bəlkə də 20 və ya 30 kənd ayırırdı. Bu ərazini tam aldıqdan sonra elan olundu. Rayona daxil olduğun və onu tam düşməndən təmizlənməsi anına qədər zaman keçir.
Müalicəniz necə gedir?
Məni Ankaraya göndərdilər, orada əsas əməliyyatı etdilər, daha birini isə, damarlar üzərində, Azərbaycanda edəcəklər. Ayağımı kəsmək istəyirdilər – çox qan itirmişdim, amma başqa həkim dedi lazım deyil. Çox sağ olsun. İlkin yardımı bizə yerli xəstəxanalarda göstərdilər, ən ağırlarını Bakıya göndərirdilər. Çox şey tələsik edilir, uşaqlar isə gəncdirlər – 20, 25 yaş... Kəsirsənsə, elə kəsmək lazımdır ki, protez taxmaq mümkün olsun, sonra əziyyət çəkməsin. Mən sanki özümə gəldim və dərhal təkrarən komaya düşdüm, az qala 10 gün. Valideynlərimə demişdilər ki, sağ qalmayacam...
Müharibə vaxtı ailənizlə əlaqə yaradırdınız?
Dağlarda telefon çox zaman çalışmır. Orada çox vaxt yağış yağırdı, soyuq idi. Hansısa kənd və ya şəhərə yetişirsən, orada isə elektrik kəsilib. Enerji doldurmaq üçün atılan düşmən maşınlarını akkumulyatorlarından istifadə edirdik.
Biz hamımız o ağır mərhələdə xalqımızın necə birləşdiyini, cəbhəyə necə ərzaq, paltar, məktub göndərdiklərini xatırlayırıq. Xüsusi təyinatlılar bu dəstəyi hiss edirdilər?
Yenə də, çox insan döyüşürdü, mətbuata müxtəlif sözlər deyilir, lakin ön cəbhədə olanların, xüsusən uzun müddət xidmət edənlərin, dağlarda vuruşanların öz təcrübəsi var. Arxa cəbhəyə yaxın olanlara hətta məktublar yetişir, lakin öndə olanlara – xeyr. Öndə xüsusi təyinatlılar gedir, onların ardınca – daxili qoşunlar, çağırışçılar, könüllülər, artilleriya daha uzaqdadır...
Bu müharibə haqqında daha çox nəyi xatırlayırsınız?
Çox şeyi... Şəhid olan uşaqlar çox zaman gözümün önünə gəlir. Həlak olan xidmət yoldaşlarının ailələrinə baş çəkəndən sonra isə yaddaşda onların analarının göz yaşları və sözləri qalır...
Qarabağa döndükdə ilk olaraq hara gedəcəksiniz?
Döyüşlər gedən, xidmət yoldaşlarımın həlak olduqları yerlərə. Bir də yaralandığım yerə. Bu yerlər mənim xatirəmdə daim qalacaq.
Yuxuda müharibə görürsünüz?
Olur ki, döyüş yoldaşlarımı görürəm... Nə isə istəyirlər, yardım istəyirlər...
Qorxusuz və ürküsüz
Xüsusi təyinatlıların kapitanı Elvin Məmmədov 2020-ci il oktyabrın 29-da cəbhədə ikinci övladının dünyaya gəlməsi xəbərini aldı. O, xüsusi təyinatlı qoşunların dəstəsi ilə bütün Qarabağı keçib, dəfələrlə ağır yaralanıb. Döyüşlərdə göstərdiyi şücaətə görə Elvin Məmmədov “Azərbaycan bayrağı” ordeni və üçüncü dərəcəli “Hərbi xidmətdə fərqlənməyə görə” medalı ilə təltif edilib.
Özünüz barədə danışın. Haradansınız?
Əslən naxçıvanlıyam. Orada məktəbi bitirmişəm, 3 il hərbi liseyin kursantı olmuşam, 2008 ildə Bakıda Azərbaycan Ali Hərbi Məktəbə daxil olmuşam və orada 4 il təhsil almışam. 2013 ildə Təlim Tədris Mərkəzini bitirmişəm, sonra oradaca zabit qismində kurs keçmişəm, Qazaxda hərbi hissədə xidmət etmişəm. 2014 ilin mayında xüsusi təyinatlılara qəbul olmuşam.
Nə üçün hərbçi olmaq qərarına gəldiniz?
Mənim qardaşım da hərbçidi, 2016 ildə MTN Akademiyasını bitirib. Biz vətənpərvər ailədə böyümüşük, bizi orduya doğma ölkəyə məhəbbət gətirib.
Sizin üçün İkinci Qarabağ müharibəsi necə başladı?
Bizə düşmənin təxribat hərəkətləri barədə məlumat daxil oldu, sentyabrın 26-da isə düşmənin hücuma hazırlaşdığı məlum oldu. Bizi təyin olunmuş rayona apardılar, 27-i biz Kəlbəcər istiqamətində çıxdıq. Dörd gün ərzində biz Qaragöl istiqamətində düşmən qüvvələrini məhv etdik və bütün düşmən texnikasını sıradan çıxardıq.
Siz və döyüşçülərinizin Füzulidə bayrağı ucaltmağınız barədə danışardınız.
Biz əks hücuma keçdik və Füzulini azad etdik, lakin bayrağı ucaltmaq üçün bir dənə də salamat ev tapa bilmirdik. Mən və daha iki əsgər yüksəkliyə çıxdıq, düşmən snayperləri və minaatanları bizə dərhal atəş açdılar. Amma biz onu yenə də bərkitdik. Bayraq küləkdə o qədər bərk çırpınırdı ki, hətta snayperlər də onu nişan ala bilmirdilər. Sonra düşmən hücuma keçdi, biz isə onu yaxına buraxıb məhv etdik.
Çox yara aldınız?
Üç dəfə döyüşdə güclü kontuziya aldım. Füzulidə bizə qarşı tank raketlərindən istifadə edirdilər. Belə raketlərdən biri məni 5-6 metr kənara atdı, ikinci yaylımdan sonra başıma kərpiclər töküldü. Zərbə güclü idi, mən kontuziya aldım, heç nə eşitmir və görmürdüm. Belə vəziyyətdə 6 saat keçirdim, sonra tədricən özümə gəldim. Məni döyüş meydanından çıxarmaq üçün ardımca adam göndərmişdilər, lakin mən yoldaşlarımı tərk etmədim. Xocavənd istiqamətində bizi mina və tank raketləri ilə güclü atəşə tutdular, yanımdakı kəşfiyyatçı sözün əsl mənasında tikə-tikə oldu, məni isə dalğa yenə arxaya atdı. Mən yenə də özümə gəldim, amma bu ilk yaralanma olmadığı üçün, pis vəziyyətdə idim. Baş ağrıları, ürəkdöyünmələr və bu travmaların digər fəsadlarını indiyə qədər hiss edirəm.
Şuşaya qədər gedib çıxa bildiniz?
Bəli. Bizdə texnika yox idi, Cəbrayıl, Füzuli, Xocavəndi piyada keçdik və Şuşaya yetişdik. Biz düşmənin arxasına keçməliydik. Mən dəstə götürüb Laçın tərəfdən girdim. Laçın dəhlizi 70-80 metr yüksəklikdə dağdan atəş altındaydı. Lakin mən daim irəli hərəkət etmək haqqında əmrlər alırdım və bu dəhlizi keçmək haqqında komanda verməyə məcbur oldum. Atəş zamanı 7,62 millimetrlik güllə çənəmi deşib keçdi. Mən huşumu itirmədim, sadəcə kaskanı irəli verib hamını ardımca apardım. Çənəmi sarıdım ki, yellənməsin, daha sonra özümə ağrıkəsici vurdum... Üç gün Laçın dəhlizində keçirdik, daha iki gün – aşağıda. Preparatlar 2 saatdan artıq təsir göstərmir... Elə onda ağrıdan ölmək istəyinin nə olduğunu hiss etdim. Bizə heç kim yardım edə bilməzdi: biz hamıdan uzaqda, dağda idik, Şuşanı hələ almamışdılar, o, iki kilometrlikdə idi... Noyabrın 7-də mən və daha 40 nəfər nəhayət öz postlarımıza yetişdik, amma bizi hələ oradan çıxara bilmirdilər – bütün yollar minalanmışdı. Bizim ora necə getdiyimizi xatırlayırdım və öz adamlarımı həmin yolla çıxardım. Sonra 1 ay reanimasiyada keçirdim...
Ən ağır döyüşünüz hansı idi?
Mən və xidmət yoldaşlarım üçün belə döyüş olmayıb. Düşmən hətta fövqəladə gücə malik olsaydı da, biz bu anı 30 il gözləmişdik! Belə deyim: mürəkkəb hava şəraitinə görə Cəbrayıl istiqamətində düşmən müdafiəsinin yarılmasına bir qədər zaman sərf olundu – yağışlar bizim hərəkətlərimizə mane olurdu, düşmən istehkamlara çəkilmişdi. Amma biz yenə də bunu etdik!